DAHİ ŞƏXSİYYƏTİN XİLASKARLIQ MİSSİYASI: xarici təzyiqlər və daxili separatçılıqla mübarizə kontekstində

Ümummilli Lider, müstəqil Azərbaycanımızın memarı Heydər Əliyevin 102 yaşı, xalqın israrlı xahişi ilə onun yenidən hakimiyyətə qayıdışının 32-ci ildönümü tamam oldu. Bu, bir xilaskarlıq vəzifəsi, qurtuluş salnaməsidir. Hər an, hər yerdə Ulu Öndərin quruculuq missiyasının silinməz izlərinin görünməsi, gündəlik həyatımızda onun varlığını duymağımız 22 ildir ki, dünyasını dəyişməsinin yalnız cismani xarakter daşıdığını təsdiqləyir. Mənəvi cəhətdən isə daim bizimlə, xalqımızla, Azərbaycanın dostları ilə birlikdədir.

Heydər Əliyevin müdrik siyasəti, məqsədyönlü fəaliyyəti, ölkəmizə, xalqımıza, dövlətçiliyimizə əvəzsiz töhfələri barədə günlərlə söhbət açmaq olar -danışılıb, danışılacaq da; yüz min cildlərlə kitab qələmə almaq mümükündür – yazılıb, yazılacaq da… Elm, təhsil, mədəniyyət, səhiyyə, kənd təsərrüfatı, sənaye, sosial həyat, siyasət, ordu quruculuğu, hərbi sənaye – sadalanan və sadalanmayan bütün sektorlardakı inkişaf məhz onun müstəsna xidmətlərinin nəticəsi idi. Lakin elə taleyüklü məsələlər də var ki, anında, hətta xeyli əvvəldən lazımi tədbir görülməsə, qarşısı alınmasa, digər sahələrdə uğurları mümkünsüz edir, təsadüfən yüksək göstəricilər qazanılsa belə, bir məntiqi, mənası olmur. Bunlardan ən birincisi daxildə Ana Yasaya, mövcud qanunlara, normativ-hüquqi aktlara riayətlə ictimai-siyasi sabitliyin qorunması və xarici siyasətdə hegemon güclərə, eləcə də region dövlətlərinə münasibətdə balanslı siyasətin yürüdülməsidir. Yəni, Allah eləməmiş, məmləkətdə bir anarxiya, özbaşınalıq, hərc-mərclik hökm sürürsə, ölkəni parçalamaq üçün separatizm baş alıb gedirsə, fürsətdən yararlanıb ətrafına silahlı dəstə toplamış 3-4 “lidercik” vaxtaşırı paytaxtda, bölgələrdə qanunverici, icraedici, hüquq-mühafizə strukturlarına hücum çəkirsə, hansısa fabrik-zavodun, yaxud aqrar müəssisəninhansı miqyasda məhsul istehsalının nə önəmi ola bilər?! Bizim az qala hər gün acılarını yaşadığımız həmin məşum dövr çox uzaqda deyil ki, unudulsun və indi də xatırlayanda canımıza üşütmə düşməsin… Hakimiyyətdəki AXC-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyi, qeyri-ciddi bəyanatları, baş verənlərdən doğan rəhbərliyə kütləvi inamsızlıq, sabaha ümidsizlik fonunda dibsi uğurumu yaxşı anlayan düşmən qüvvələr zəif nöqtələri, haradan zərbə endirməyi yaxşı anlayırdılar. Nəzərə alsaq ki, söhbət sovet boyunduruğundan çıxıb yenicə müstəqillik  əldə etmiş respublikanın, xalqın erməni daşnakları və onların əcnəbi himayədarlarının ərazi iddiaları ilə üzləşdiyi, torpaqlarımızın iyirmi faizinin işğal altında qaldığı, bir milyon soydaşımızın öz yurd-yuvasında məcburi qaçqına, köçkünə çevrildiyi zamanlardan gedir, dəhşətli mənzərənin miqyası və boyaları xeyli aydınlaşar.

Azərbaycanın ən ağır problemlər girdabında çabaladığı məhz belə bir vaxtda Ümummilli Liderimiz Heydər Əliyev xalqın israrlı xahişi, mövcud iqtidarın isə vəzifəsinin öhdəsindən gələ bilməməsi zəminində hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-i dövlətçilik tariximizə əlamətdar siyasi hadisə kimi daxil oldu. Bu möhtəşəm qayıdış müstəqilliyimizin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və ölkəmizin təkcə regionda deyil, bütün dünyada müstəqil söz sahiblərindən birinə çevrilməsinin başlanğıcı idi.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Ulu Öndərin yenidən hakimiyyətə gəlişini şərtləndirən bir çox səbəblər var. İlk növbədə isə daxili separatçılıq və xarici basqılar nəticəsində təhlükə qarşısında qalan dövlət müstəqilliyimiz, suverenliyimizin xilası, beynəlxalq imicin zədələnməsinin önlənməsi, getdikcə dərinləşən Qarabağ yarasını sağaltmaq…

…Respublikadakı siyasi, sosial-iqtisadi, eləcə də kriminogen vəziyyət son dərəcə gərginləşmişdi. Elçibəy iqtidarının vəzifə, rütbə və təltiflərlə şişdirdiyi hərbidən anlaqsız komandanlığın döyüş postlarından çəkilməsi ilə erməni işğalı Qarabağın dağlıq hissəsinin sərhədlərini aşıb, aran rayonlarına doğru gedirdi.

Cənub bölgəsində Əlikram Hümbətov başının dəstəsi ilə bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC iqtidarına tabeçilikdən boyun qaçırır, hətta qondarma Talış Muğan Respublikası elan etməyə hazırlaşırdı.

Şimalda “Sadval”çılar at oynadır, bəzi etnik qrupları zərərli təbliğatlarına cəlb edir, dövlətçiliyin sütunlarını zəiflətməyə çalışırdılar. Bölgədə yaşayan azsaylı xalqlar, Azərbaycan vətəndaşı olan milli azlıqlar arasında kənar qüvvələrin, ilk növbədə erməni kəşfiyyatının təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü aşkar büruzə verməyə başlamışdı.

Ölkədəki faktiki hakimiyyətsizlik şimal-qərb rayonlarına da iştahanı artırmışdı – bir yandan Gürcüstan, digər tərəfdən Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası sərhədlərinə toplaşan qara qüvvələr torpaqlarımıza diş qıcıyır, daxildəki zəifliklərdən bəhrələnməyə cəhd göstərirdilər. Avar-ləzgi xalqları və ingiloyların “havadar”ları, guya burada onların haqlarının tapdalanması barədə aləmə car çəkən “hüquq müdafiəçiləri” ortaya çıxmışdı…

Qanundakı boşluqlar, eləcə də icraya nəzarətin yoxluğu ucbatından məişətyönlü narazılıqlar və cinayətlər feodal qisasçılıq, “oğru” qaydaları, “samosud”la cəzalandırılırdı. Ölkədə kriminogen durum dözülməz həddə idi, paytaxt küçələrində heç kimə tabe olmayan əlisilahlı fərdlər və qruplar vahimə yaradır, istədikləri adamı saxlaya, sorğu-suala çəkə, həbs edə, hətta öldürə bilirdilər.

Yenicə müstəqilliyə qovuşmuş Azərbaycan Respublikası dünya düzənində dayaqlarını möhkəmlətmək əvəzinə, xarici siyasət və təhlükəsizlik məsələlərində də ciddi problemlərlə və az qala75 il öncəki şanlı sələfinin acı taleyini yaşamaq faciəsi ilə qarşılaşmışdı. Daşnakların beynəlxalq aləmdə süni şəkildə formalaşdırdıqları anti-türk əhval-ruhiyyəsi, Ermənistan silahlı qüvvələrinin yeni-yeni ərazilərimizi ələ keçirməsinə baxmayaraq, lobbilərinin Azərbaycanı işğalçı tərəf kimi təqdimatı Vətənimizi sərt sanksiyalarla üz-üzə qoyurdu. ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirməklə Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişlə ölkəmizə birbaşa yardımı yasaqlamışdı.

AXC rəhbərliyinin vaxtaşırı eyforiyaya uyaraq verdiyi bəyanatlar üzündən qonşu dövlətlərlə münasibətlər gərginləşmişdi. Doğrudur, həmin ölkələrin – İranın, Rusiyanın, Gürcüstanın bugünkü sərhədləri daxilində bizim ərazilərimiz və soydaşlarımız var. Və müxtəlif dövrlərdə maraqlar üst-üstə düşməyəndə onlardan bizə qarşı istifadə edilir – misal üçün, həmin məkanlarla bağlı tarixin, tarixi-mədəniyyət abidələrinin saxtalaşdırılması, azərbaycanlılara təzyiqlər baş verirdi. Qonşu ölkədə “demokratik hərəkat”dan ali sovetin sədri və prezident kürsüsünə gəlmiş millətçi Zviad Qamsaxurdiya faktiki etnik təmizləmə siyasəti yeridirdi ki, Ermənistan və Dağlıq Qarabağdan olan məcburi köçkünlərlə yanaşı, Gürcüstandan daölkəmizəqaçqınaxını böyük humanitar fəlakətlə nəticələnə bilərdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda və dünyada bərqərar olmuş siyasi reallıqları nəzərə almadan AXC rəhbərliyinin müxtəlif bəyanatlarla çıxışları, ulu Təbrizə, dəmirqapı Dərbəndə, Cin səddinə “bayraqsancma əməliyyatı” uluslararası ciddi problemlərin yaşanmasına səbəb olmuşdu. Bütün bunlar isə beynəlxalq nüfuzumuza xələl gətirməkdən əlavə, onsuz da bizi “terrorçu”, “təcavüzkar” simasında təqdim edən erməni diasporuna yaxşı fürsət, girəvə verirdi. Real hadisələri dünya ictimaiyyətinə vaxtında və obyektiv çatdırmaq yönündə rəqibə uduzan Azərbaycan informasiya blokadasına alınmış, təcrid edilmişduruma salınmışdı. Belə neqativ proseslər vəziyyəti saatbasaat gərginləşdirir, ölkə, dövlət, xalq üçün kritik, dözülməz həddə çatdırırdı.

1993-cü il 26 may tarixli əlamətdar hadisə – son iki yüzil ərzində rus qoşunlarının müstəqil respublikamızın ərazisindən tamamilə çıxarılması isə dəhşətli partlayıcının alışqanının işə salınması oldu. Bu addımı həzm edə bilməyən “qırmızı imperiya” içimizdəki “beşinci kalon”u  təmsil edən mənfur qüvvələrin köməyi ilə 4 iyunda Gəncədə hərbi qiyam törətdi. Məqsəd mürtəce güclərin əli ilə möbcud iqtidarı devirmək, oyuncaq parlament, marionet prezident seçdirmək və rus qoşunlarının Azərbaycana dönüşünü təmin etməklə Cənubi Qafqazda ikinci forpost dövlət yaratmaq idi.

Nəticədə, ölkədəki kriminogen vəziyyət daha da gərginləşməyə, nəzarətdən çıxmağa başladı. Qiyamçı polkovnik Surət Hüseynovun hərbi dəstələri sahibsiz hakimiyyətə (canının qorxusundan qaçıb hərə bir yanda gizlənmişdi) yiyələnməkdən ötrü döyüş bölgəsini tərk edərək Bakıya tərəf irəliləyirdi. Başıpozuq silahlılar bölgələrə də səpələnərək neçə rayonda icra hakimiyyətlərini tutmuş, güllə atmış, qan tökmüşdülər. Ölkə vətəndaş müharibəsi astanasında idi. Xalq uçurumun kənarında ləngər vuran, hər an xaos və anarxiya girdabına yuvarlanacaq aciz, köməksiz kütləni xatırladırdı. Hər şey milli faciəyə – müstəqilliyin itirilməsinə, ölkənin parçalanmasına doğru yön almışdı. Səriştəsiz kadrlar yığnağı olan AXC-Müsavat cütlüyü bu vəziyyətdən çıxmaq iqtidarında deyidi. Bəs o dövrdə ökəmizi düşdüyü ağır problemlər caynağından kim qurtara bilərdi? Təbii ki, müdrik şəxsiyyət, dəmir iradəli insan, təcrübəlisiyasətçi, əsl dövlət xadimi, uzaqgörən lider, qalib sərkərdə… Sadalanan bütün önəmli cəhətləri özündə birləşdirən, təcəssüm etdirən isə ümummilli rəhbər, əvəzsizidarəçi, ulu öndər, milli xilaskar, müzəffər sərkərdə Heydər Əliyev idi! Beləliklə, yarıtmaz iqtidar xalqın israrlı tələblərinə boyun əyməklə, yeganə çıxış yolunu xilaskar amallı şəxsiyyətin Naxçıvandan Bakıya dəvət ediməsində gördü. İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Və böyük risklərə baxmayaraq, cəsarətlə qurtuluş missiyasını öz üzərinə götürdü. Bununla da milli barış və inkişaf dövrü başlandı. Mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

İyunun 20-də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirildi. Ertəsi gün isə əcnəbi diplomatlarla görüş reallaşdı. Bu sahədə yürüdülən ardıcıl siyasət respublikanı informasiya blokadasından çıxardı, dünyada ölkəmizlə bağlı formalaşan mənfi fikir tədricən müsbət yönümdə dəyişdi. Məhz belə mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.Ümummilli Liderin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi milli böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu, müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1993-cü ilin dekabrında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqların azadlığı naminə hərbçiləri səfərbər olmağa çağırdı. Ordumuzun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Horadizin azadlığı ilə yekunlaşdı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistan rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamaq məcburiyyətində qaldı.

Atəşkəs haqqında müqavilədən sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsinə, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə ayrı-ayrı qoşun növlərinin, hərbi hissələrin formalaşdırılması tam başa çatdırıldı. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Nəticədə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi, bölgənin ən güclü hərbi qüvvəsinə çevrildi və 2016-cı ilin aprel döyüşlərində bunu əyani şəkildə təsdiqlədi. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər də məhz 4 günlük Aprel savaşının təcrübəsindən və özünə inamından qaynaqlanmışdı.

Sonrakı mərhələlərdə daxili sabitliyi pozmaq cəhdləri göstərilsə də, Ulu Öndərin rəhbərliyi ilə tarixin bu sınaqlarından da üzüağ çıxmağı bacardıq. 1994-cü ilin oktyabrında Surət Hüseynov tərəfindən idarə olunan dövlət çevrilişinə cəhdin qarşısı alındı. Heydər Əliyevin bircə çağırışı ilə Prezident Aparatı qarşısına toplaşan onminlərlə insanın yaratdığı izdiham möhtərəm Rəhbərə sevgi və ehtiramın təzahürü idi. Ümummilli Liderin müəyyənləşdirdiyi xarici siyasət kursunda Azərbaycan Respublikasının dünya düzəni, xüsusən də müsəlman ölkələri ilə əlaqələri həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əlaqələr müstəvisində uğurla inkişaf etdi. O, 1994-cü il iyulun 13-də Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşərək İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və s. rəsmi şəxslərlə danışıqlar apardı. Səfər zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair baş saziş imzalanıb. Səfərin yekunlarına dair Birgə Bəyanat qəbul edilib. Səfər zamanı Prezident Heydər Əliyev müqəddəs Kəbəni ziyarət edib.

Ulu öndərin 1996-cı ilin aprelində Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqarinin dəvətilə bu ölkəyə rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında əvəzsiz rol oynayıb. Heydər Əliyev bu barədə fikirlərini bölüşərkən deyib: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq münasibətləri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır”.

Dərin tarixi köklərə malik Azərbaycan-İran münasibətləri dövlət müstəqilliyimizin yenidən bərpasından sonra yeni müstəviyə keçdi. Bu əlaqələrin daha da inkişafında Heydər Əliyevin xidmətləri böyükdür. O hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İslam Respublikasının rəhbərliyi ilə sıx əlaqələr yaradıb. Ermənistanın blokadada saxladığı Muxtar Respublikanınehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək müvafiq müzakirələr aparıb. 1992-ci ilin avqustunda qonşu ölkəyə səfəri zamanı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev İranın Ali Rəhbəri Seyid Əli Xameneyi, Prezident Rəfsəncani, xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışıqlar aparıb. Həmin səfərdə İİR-in Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb.

Müsəlman ölkələri ilə paralel Avropa dövlətləri, o cümlədən Vatikanla da münasibətlər Ümummilli liderimizin hər zaman diqqətində olub. Azərbaycan Respublikası ilə dünya katolik xristianlarının mərkəzi arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılsa da, iki dövlətin əlaqələrinin inkişafına Prezident Heydər Əliyevin Vatikana rəsmi səfəri böyük təkan verdi. 1997-ci il sentyabrın 26-da növbəti səfəri zamanı Roma papası ilə görüşdə Azərbaycanda müxtəlif dini konfessiyaların sərbəst fəaliyyət göstərdiyini vurğulayaraq bildirib ki, Azərbaycanda insan hüquqları möhkəm qorunur, demokratik cəmiyyət quruculuğu prosesi böyük uğurla həyata keçirilir, siyasi plüralizmə, mətbuat azadlığına geniş yer verilir.

2002-ci il mayın 22-də Vatikan dövlətinin başçısı II İohann Pavelin ilk dəfə Azərbaycana rəsmi səfəri zamanı qarşılanma mərasimində Prezident Heydər Əliyev onu dinindən, dilindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin dostu, dünya vətəndaşı adlandırıb. II İohann Pavelin müsəlman ölkələrinə səfərlərinin dinlər arasında qarşılıqlı etimad və hörmətin gücləndirilməsinə xidmət etdiyini bildirib. II İohann Pavel isə çıxışında Azərbaycanda dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın mövcud olmasını fəxr etməli hal kimi qiymətləndirib. Roma papası Azərbaycanın Şərq və Qərb arasında qapı olmasını bir daha təsdiqləyib.

Bütün bu əlaqələr sonrakı münasibətlər, əsasən də 2020-ci ildə başlanan II Qarabağ savaşına obyektiv baxışlar üçünöz bəhrəsini verdi. Vətən müharibəsindəki tarixi Zəfərimiz və Qarabağda başlanan bərpa-quruculuq işləri beynəlxalq aləm tərəfindən dəstəkləndi. Dahi siyasətçinin təməlini qoyduğu diplomatik ünsiyyət, müdrik siyasi idarəçilik, iqtisadi inkişaf modelləri, milli-mənəvi, mədəni dəyərlərə diqqıt və qayğı onun layiqli varisi cənab Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Qurban Məmmədov,

YAP Xətai rayon təşkilatının üzvü

Xəbəri paylaş

20 İyul