Evtanaziyanın ölüm hüququ, qurtuluş yoxsa cinayət olub-olmadığını öyrənmək üçün uzun müddət idi ki, jurnlalist araşdırmaları aparırdım.
Məlum oldu ki, evtanaziya haqqında bir çox ziddiyətli fikirlər var. Bu baxımdan “Təzadlar” olaraq evtanaziyanın hüquqi, dini, tibbi və yaranma tarixi ilə bağlı əldə etdiyimiz məlumatları oxucularımıza çatdırırıq.
Evtanaziya nədir?
“Evtanaziya” yunan mənşəli söz olub, hərfi mənası: eu- yaxşı və thanatos- ölüm deməkdir. Terminoloji mənası isə, xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırmaqdır.
Evtanaziyanın tarixi
Evtanaziya anlayışı heç də yeni bir kəşf hesab edilmir. Belə ki, evtanaziya anlayışı ilk dəfə XIV əsrin sonlarında ingilis filosofu, tarixçisi, siyasi xadimi, yazıçısı və empirizmin banisi Frensis Bekon tərəfindən aşkarlanmışdır. F.Bekonun fikrincə, evtanaziya can verməklə müşahidə edilməyən yüngül və ağrısız ölümdür.
Evtanaziyanın tibb sahəsində müstəqil bir sahə olaraq irəliləməsindən çox əvvəl “həkimin pasientə mərhəməti və pasientin əzablardan qurtulması” vasitəsi kimi istifadə olunurdu. Belə ki, Fransada zəhərli giləmeyvələrin vasitəsilə vəba xəstəliyinə tutulanlar qəsdən öldürülürdü. Çin-Yapon müharibəsi zamanı həkimlər ölümcül yaralananların burnuna sianid turşusu tökürdülər. İnsanların dünya baxışlarında əhəmiyyətli dərəcədə dəyişiklik İkinci dünya müharibəsi zamanı baş vermişdi – bu müddət ərzində evtanaziya nasist Almaniyasında geniş yayılmış “yevgenika” anlayışına bərabər edilərkən tamamilə əks məna daşımağa başladı, hansı ki, artıq uzun müddət ərzində onun dəhşətli bir cinayət xarakteri daşıması fikrini daha da qüvvətləndirdi.
İslam və xristian aləminin evtanaziyaya münasibəti
Bugün bizim gözümüzün qarşısında evtanaziya ilə bağlı bir neçə nöqteyi-nəzərindən bir-birindən tamamilə fərqli olan mənzərə canlanır. Belə ki, islam və xristian aləmi evtanaziya ilə bağlı məsələyə ayrı-ayrı prizmadan yanaşır.
Fəlsəfi mənada evtanaziya insana “insan ləyaqətinə hörmət prinsipi”nə əsasən layiqli bir ölüm hüququnun verilməsini nəzərdə tutur. Lakin pravoslav kilsəsinin nümayəndələri əksinə hesab edirlər ki, “Bəzən çəkilən əziyyətlər insanı saflaşdırır və gələcək əsrin həyatında xilasa və şöhrətə gətirəcəkdir”.
İslam dini isə aktiv evtanaziyanı kəskin tənqid etməklə bir mənalı olmayan mövqe tutur, lakin bununla yanaşı insanın müalicədən imtina etmək hüququnu da inkar etmir, bu da öz növbəsində passiv evtanaziyanı nəzərdə tutur.
Aktiv və passif evtanaziya nədir?
Evtanaziya üçün müraciət edən xəstənin mövcud vəziyyətindən asılı olaraq bu proses, ağrısız və ya az ağrılı iynə, yüksək dozada dərman verərək və ya xəstəni süni tənəffüs aparatından ayıraraq həyata keçirilə bilir. Bununla yanaşı evtanaziyanın reallaşmasının digər formaları da mövcuddur.
Bu sinifləndirməyə əsasən evtanaziyanın icrası aktiv və passiv olaraq iki qrupa bölünür:
Aktif evtanaziya – bir başa olaraq, xəstənin müraciəti və ya xüsusi istəyi ilə yuxarıda qeyd etdiyimiz vasitələrlə ölümün reallaşdırılmasıdır.
Passiv evtanaziya – xəstənin ağrılarının azaldılmasından ziyadə heç bir müalicə üsulunun istifadə edilməməsidir. Bu, yalnız xəstənin yaşamını uzadan müalicənin tətbiqidir.
Bütün bunlarla yanaşı evtanaziya xəstənin istəyindən və mövcud vəziyyətindən də asılı olaraq könüllü və məcburi olaraq da iki qrupa bölünür.
Könüllü eftanaziya zamanı xəstə:
– Dözülməz ağrılardan əziyyət çəkdiyi səbəbilə yaxın günlərdə həyatına son verilməsi üçün müraciət edir.
– Xəstəliyin son mərhələsində müalicədən imtina edir.
– Ağrıları kəsməklə bərabər ölümü tezləşdirən başqa bir müalicə üsuluna müraciət edir.
Məcburi eftanaziya zamanı isə xəstə:
– Fiziki və əqli bacarıqsızlığı səbəbilə könüllü evtanaziyaya müraciət edə bilmir.
– Onun üçün faydalı hesab edilən müalicədən imtina edərək, təbii ölümünü gözləyir.
Evtanaziyanın alternativi – palliativ yardım və hospis xidmətinin özəllikləri
Palliativ yardım dedikdə, yalnız ağrının aradan qaldırılması, tibbi yardım göstərilmə və pasientə qulluq deyil, həmçinin istənilən xəstəliyi olan pasientlərə və onların yaxınlarına mənəvi, psixoloji və sosial yardım göstərilməsi nəzərdə tutulur. Belə yanaşma həm insan ləyaqətinə hörmət prinsipinə, həm də pasientin layiqli ölümü seçmək hüququna uyğundur.
Hospisin pasientləri “ev” əşyaları ilə əhatə olunurlar, onlar qohumları və yaxınları ilə sərbəst görüşə bilirlər. Hospisdə olmanın əsas məqsədi xəstənin həyatının son günlərini rəngarəng etmək, əzablarını yüngülləşdirməkdir.
Təəssüflər olsun ki, palliativ yardım və hospis xidmətləri bu gün Azərbaycanda hələ ki geniş yayılmamışdır, bu da həm pasientlər, həm də onların yaxınları üçün bir çox ciddi çətinliklər yaradır.
Evtanaziyanın leqal olduğu ölkələr:
Evtanaziya dünyanın 6 ölkəsi – İsveçrə, Belçika, Hollandiya, Lüksemburq, Avstriya və Kanada xaric, digər ölkələrdə qadağandır. Belə ki, evtanaziyanın leqallaşdırılmasının ilk təşəbbüsçüsü 2001-ci ildə Niderland oldu. 2014-cü ildə Belçika yeniyetmələr üçün evtanaziyanı leqallaşdırdı. İsveçrə isə ilk dəfə olaraq “evtanaziya turizmi”nin, yəni xəstələrin qanuni şəkildə layiqli ölüm seçmək hüququnu əldə edə biləcəkləri ölkələrə turizmin əsasını qoydu.
Azərbaycanda evtanaziya qanunla necə tənzimlənir?
Qüvəddə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 135-ci maddəsi evtanaziyaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu maddəyə əsasən, evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərərkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
AR Cinayət Məcəlləsinin 135-ci maddənin şərhi və tətbiqi:
Obyekti: Sağalmaz xəstəliyi olan pasientin həyatıdır.
Obyektiv cəhəti: Xəstənin xahişi ilə onun ölümünün:
- Hər hansı vasitə,
- Yaxud hərəkətlə tezləşdirmə və ya,
- Onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırmaqdan ibarətdir.
Subyekti: 16 yaşına çatmış anlaqlı hər hansı şəxs, qohum və tibb işçiləri nəzərdə tutulur.
Subyektiv cəhəti: Qəsdən törədilməsi və ya yanakı və düzünə qəsddir.
Məqsəd: Ölümün baş tutmasıdır.
Motivi: Təqsirkarın zərər çəkmiş şəxsə rəhmi gəlməsi;
Digər əlamətlər:
- Xahiş yazılı və ya şifahi olmalıdır;
- Könüllü olmalıdır;
- Hər hansı vasitənin- güclü təsir edən zəhərin verilməsi, zəhərli iynənin vurulması, ölümə səbəb olan xəsarətlərin yetirilməsidir.
Evtanaziya – patoloji ölümdür
Evtanaziya patoloji ölüm olmaqla xəstəlik və zorakı hərəkətlərlə bağlı olub, motiv və məqsədindən asılı olaraq, cinayət-hüquqi əhəmiyyət kəsb edir. Biz bu yazımızda evtanaziya haqqında əldə etdiyimiz məlumatları siz oxucularımızla paylaşdıq. İndi siz deyin, evtanaziyaya münasibətinz necədir? Evtanaziya xəstə üçün qurtuluşdur yoxsa cinayət? Bu gün ölkəmizdə evtanaziya həyata keçirilməlidir, yoxsa?..
Hazırladı: Röşvanə Nağıyeva