Bu gün – 19 may – Türkiyədə rəsmi şəkildə Atatürkü Anma, Gənclik və İdman Bayramı kimi qeyd olunur. Lakin bu tarix təkcə bir bayram deyil, eyni zamanda Türkiyə Cümhuriyyətinin təməllərinin atıldığı, türk millətinin müstəqillik uğrunda silaha sarıldığı gündür.
Belə ki, 1919-cu ilin 19 mayında, Osmanlı imperiyasının Birinci Dünya Müharibəsində məğlubiyyətindən sonra ölkə işğal altına düşmüş, Sevr müqaviləsi ilə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir şəraitdə Mustafa Kamal Paşa (Atatürk) Samsuna çıxaraq milli mübarizənin ilk qığılcımını yandırdı. Ona görə də 19 may Türkiyənin istiqlal savaşının başladığı gün hesab olunur.
Mustafa Kamal Paşanın Samsuna çıxışı, Qurtuluş Savaşı adlandırılan ümummilli müqavimət hərəkatının ilk rəsmi addımı oldu. Bu hadisə sonradan Türkiyə Böyük Millət Məclisinin yaradılmasına, sultanın siyasi nüfuzdan salınmasına və nəhayət, 1923-cü ildə müasir Türkiyə Cümhuriyyətinin elanına gətirib çıxardı.
Mustafa Kamal Atatürk 19 may tarixi haqqında danışarkən belə deyirdi: “mən bu bayramı gəncliyə hədiyyə edirəm, çünki Türkiyənin gələcəyi gənclərimizdən asılıdır. Biz gənclərimizə müstəqil, azad, suveren, demokratik, tolerant bir dövlət ərməğan edirik. Bu dövlətin torpağı və bayrağı qəhrəmanlarımızın qanı ilə ərsəyə gəlmişdir. Ona görə də inanıram ki, gənclərimiz də son damla qanınadək dövlətinə və bayrağına sahib çıxacaqlar. Çünki mənim xalqım qürurlu və əyilməzdir. İnanıram ki, dövlətimiz də hər zaman sarsılmaz olaraq qalacaqdır”.
Beləliklə, 19 may 1919 hadisəsi təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün azadlıq və milli iradənin qələbəsinin simvoluna çevrilmişdir.
RÖVŞANƏ