Gözləri danışan Adam- KAMRAN NƏZİRLİ YAZIR

(Elegiya əvəzi)
(Unudulmaz müəllimim, dostum yazıçı-tərcüməçi Zeydulla Ağayevin əziz xatirəsinə)
…1989-cu ilin yay ayı idi. Hörmətli nazirlərimizdən biri hökumət telefonuyla zəng vurub xəbər verdi ki, bəs, bizim görkəmli musiqiçilərimizdən biri rəhmətə gedib, Mərkəzi Komitənin katibinə məlumat verin. O vaxt mən MK katibinin köməkçisi vəzifəsində işləyirdim. MK katibi mənə nekroloq yazmağı tapşırdı (o zamanlar qayda beləydi), mən də ilk dəfəydi ki, könülsüz və ürək ağrısıyla vəzifəmi icra elədim. Xoşbəxtlikdən çox keçmədi ki, nekroloqa ehtiyac olmadı. Xəbər gəldi ki, həmin musiqiçi ölməyib. (O, indi də yaşayır, Allah ona can-sağlığı versin!).
İkinci dəfə isə nekroloq yazmağı mərhum dostum Arif Əmrahoğlu tapşırdı: Zeydulla Abdulla oğlu Ağayev dünyasını dəyişmişdi. Kaş o nekroloqa da ehtiyac olmayaydı! Təəssüf, çox təəssüf, bu xəbər doğruydu…
O, mənim müəllimim və dostum idi.
…Soyuq qış günlərinin birində ona baş çəkməyə getdim. Yatağa düşəndən bəri evlərinə getməmişdim. Hərdən telefonda danışırdıq. Hal-əhval tuturdum, özündən çox mənimlə maraqlanırdı.
Tez-tez “Allah kürəyində dursun!” deyirdi. Özü üçün heç kimdən heç nə xahiş etməzdi. Təbiəti beləydi: kiməsə kömək edər, kiminsə işinə yarayar, hansısa ədəbiyyat adamının xahişini özündən “aşağı-yuxarı” məmura eləyərdi. Xeyrə-şərə yaramağa da həvəsliydi. Amma həmin gün onu görəndə içimdə nəsə bir şey qəfildən qopub düşdü – onun fiziki varlığında mənim yaddaşıma hopmuş o güc, qüdrət, həvəs, o ehtiras və həyat eşqi qalmamışdı. Halı özündə deyildi, təkcə gözləri danışırdı.
Zeydulla müəllim sadəcə fiziki sağlamlığını itirmişdi, onun içindəki ziyalılıq nuru gözlərinə qonmuşdu. Gözləri danışırdı, əvvəlki şövqlə, əvvəlki ehtiras və həyat eşqiylə danışırdı gözləri.
…Danışırdı ki, həyatla ölüm arasındakı məsafə elə də uzun deyil – bəlkə elə doğurdan da gözlə qaş arasındadı. İnsan gərək hər zaman bunu dərk eləsin. Danışırdı ki, o, bunu çoxdan başa düşür – qısa, çox qısa ömür yolunu sağlam düşüncə ilə gedib, ruhən mərd, çalışqan, alicənab, dözümlü olub… Danışırdı ki, heç vaxt heç kimə öz üstünlüyünü nümayiş etdirməyib. Onun üçün əsl şərəf daşıdığı və icra etdiyi vəzifənin mahiyyəti olub. Hər kəsə xidmətinə və tutduğu vəzifə borcunu necə yerinə yetirməsinə görə qiymət verilməlidir.
Danışırdı ki, müəllimlik, tərcüməçilik, yazıçılıqla dolanıb, ailəsini, uşaqlarını dolandırıb, tələbələrini, dostlarını, qohum-əqrabasını qürurlandırıb, sevindirib; axı o, elmi-ədəbi və mədəni həyatın zəhmətkeş adamı olmuşdu!
Danışırdı ki, o, təfəkkür adamıdır; humanizm, xeyirxahlıq onun amalı, istedad və zəhmət yol yoldaşı olub. Dərin bilik və təcrübəsini, bütün imkan və əlaqələrini hər zaman mədəniyyətə, elmə, ədəbiyyata həsr edib, “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” kimi nəsr əsərləri yaradıb, C. London, A. Konan Doyl, T. Drayzer, E. Heminqvey, S. Moyem, A. Əzimov, A. Heyli kimi böyük yazıçıların əsərlərini dilimizə cevirib, çap etdirib.
Danışırdı ki, Azərbaycan-ABŞ əlaqələrinin yorulmaz, ardıcıl tədqiqatçısı olub, həqiqi elmlər doktoru, professordur. Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi məşhur yazıçılarla məktublaşıb və görüşüb.
Danışırdı ki, Ayzek Əzimovun Nyu-York şəhərində qonağı olub, ona Azərbaycandan, namərd qonşularımızın başımıza gətirdiyi oyunlardan, Qarabağımızdan söhbət açıb. Onu inandıra bilib ki, erməni iddiaları xülya, iftiradan başqa bir şey deyil. Vaşinqton və Kaliforniya Universitetlərində elmi araşdırmalar aparıb, Los-Anceles Universitetində yazıçı Ayra Levinin “Ölümqabağı öpüş” romanını tərcümə edib, Luiziana ştatının fəxri Vətəndaşı adına layiq görülüb…
Danışırdı ki, hələ Amerikada olanda Şanon Emersonun redaktorluğu ilə Müasir Azərbaycan nəsrinin nümunələrini- Elçinin “Hövsan soğanı”, Anarın “Ötən ilin son gecəsi”, Kamal Abdullanın “Üç, dörd-qapını ört”, Afaq Məsudun “O”, Sabir Əhmədlinin “Qara bayraqlar”, İsi Məlikzadənin “Qonşular” hekayələrini ingiliscəyə tərcümə edib, kitab halında çap etdirib…
Danışırdı ki, məhz onun rəhbərliyi ilə “Erməni genosidi” kitabı ingilis dilindən tərcümə olunub və “Azərnəşr”də çap olunub SSRİ-yə rus dilndə yayılıb…
Danışırdı ki, məhz o, milli ədəbiyyatımız tarixində Artur Heylinin “Aeroport” romanını ilk dəfə olaraq birbaşa ingilis dilindən tərcümə edib və 1990-cı ildə “Yazıçı” nəşriyyatında çap etdirib…
…Onun gözləri beləcə danışırdı.
O danışan gözlərdən ayrılanda bayaq içimdən qəfil qopan şey yavaş-yavaş yerinə qayıtdı; sevinirdim ki, o gözlər hələ çox şeylərdən danışacaq -ümidlər, arzular, planlar, görüləcək işlər… ömrün daha gözəl, daha məhsuldar illərindən…
Sevincim uzun sürmədi. Bir neçə həftədən sonra, yəni Fevralın 17-də o gözlər qapandı. O gözlər bir daha danışmayacaq mənimlə. Sarsıldım. Bilmədim kimə zəng vurum, kimlərə xəbər verim. Arif yadıma düşdü (ah! hələ bundan sonra onun ağrılı itkisini də yaşayacaqdım!). Daha sonra Yaşara zəng vurdum. O da məndən nekroloq istədi…
…O vaxtdan bir il ötdü. Bir ildir ki, “Gözləri danışan Adam” aramızda yoxdur. Bir ildi ki, mən onlara zəng vura bilmirəm. Axı zəng vurub nə deyim? Həmişəki kimi deyim ki, Zeydulla müəllim necədir? Zemfira xanım da cavab versin ki, o, danışa bilmir?..
Bu yaxında onlara zəng vurdum. Zemfira xanımla, qızı Ləmanla danışdım. Onun əlyazmalarını, tərcümə etdiyi əsərlərinin diskini istədim, Yaşarla danışmışdıq ki, mərhum yazıçı-tərcüməçiləri də yad edək, onların arxivlərindəki tərcümələri çap edək, qoy ailələri bir qədər qonorar alsın…
Elə biz də Zemfira xanımla bu barədə danışdıq və sağollaşanda qeyri-ixtiyari həmişəki kimi gözləri danışan adam barədə düşünürdüm, dedim:
-Zeydulla müəllimə salam söyləyin!
Araya dərin, ağrılı sükut çökdü. Mən əziz müəllimimin öldüyünü unutmuşdum.
Kamran NƏZİRLİ
Xəbəri paylaş

18 Mart