Ata-bala iki Qarabağ veteranının yaşadığı evin yağış sularının, həyətlərinin isə neft axıntısının altında qalması  olduqca dözülməzdir...

 Dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğı danılmazdır... Haqlı olaraq çoxsaylı güzəştlərə malikdirlər. Bundan əlavə, onlara ev, torpaq sahəsi, növbə ilə maşın da verilir. Amma şəhidlər və qazilər qədər ölümün gözünə dik baxan, döyüş tapşırığını axıra qədər yerinə yetirən, eyni zamanda şəhidi və qazini döyüş meydanından çıxaran veterana isə 80 manat təqaüddən başqa heç bir güzəşt tanınmır. Dəfələrlə Milli Məclisdə, ayrı-ayrı ekspertlər, siyasi liderlər, saytlar, qəzetlər veterana verilən 80 manat təqaüdün artırılmasının vacib olduğunu bildirirlər, lakin hələki heç bir tədbir görülmür. Əgər 10 şəhid ailəsinə, 10 qaziyə ev, maşın, torpaq verilirsə, heç olmasa, bir veterana da bu haqq tanınsaş yaxşı olar. Belə bir güzəştlər olmadığı üçün istər birinci, istərsə də ikinci Qarabağ müharibəsi veteranlarının problemləri azalmır. Nəticədə üz tuturlar saytlara, qəzetlərə, vəteleviziya kanallarına. 

***

Belə problemi olan veteranlardan biri də Bayramov Elnur Novruz oğludur. Sabunçu rayonu, Stansiya yanı, döngə 2, ev 10-da yaşayan Elnur ikinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərənlərdəndir. Maraqlıdır ki, Elnurun atası Novruz Bayramov  da birinci Qarabağ döyüşlərinin könüllü iştirakçısıdır və hazırda Qarabağ veteranıdırE.Bayramov özü isə “n” saylı Artilleriya briqadasında 9 ay xidmət edərkən, 2020-ci il sentyabrın 27-də müharibə başlamış və təbii ki, o, briqada ilə bir yerdə döyüşlərə qatılmışdır. Elnur Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə döyüşmüş və yaralanmışdır.

elnur-bayramov

Ali Baş Komandan Prezident cənab İlham Əliyevin sərəncamı ilə E.Bayramov adların çəkdiyimiz rayonların azad olunmasına görə 5 medalla təltif edilib. Döyüş zamanı başından aldığı kontuziya isə hələ də onu narahat edir. Nə onu ciddi müalicə etməyə imkanı var, nə də əlil kimi hüququ tanınır. Əlac qalıb xeyirxah adamların ümidinə. Onun problemi bununla bitsə, dərd yarıdır. Redaksiyamızda olarkən, E.Bayramov mənə yaşadığı evin vəziyyətinin necə bərbad olduğunun foto və videosunu təqdim etdi. Olduqca ağır şəraiti olan evi yağış suları da bir tərəfdən pis günə qoyub. Yağış yağan zaman Elnurgilin evinə yaxın düşmək mümkün deyil. Həm küçələri su ilə dolur, həm də evin köhnə, uçuq damından yağan yağış otaqların içində olur. Bundan əlavə, Elnurgilin həyətindən neft də fontan vurur. Həyətə boş-boşuna axan neft böyük bir ərazini çirkləndirir və anti -sanitariya şəraiti yaradır, yolları da keçilməz edir. Dəfələrlə aidiyyəti ünvanlara müraciət ediblər, lakin heç bir tədbir görülmür. Əksinə, deyirlər ki, öz vəsaitiniz hesabına neft çıxan yerin ağzını bloklayın. Maraqlıdır ki, dünyada neftə böyük tələbat olduğu halda, adı çəkilən ünvanda neft niyə küçəyə axır? Bu isə heç kimi narahat etmir. Görəsən, strateji əhəmiyyətli məhsulun küçəyə axıdılması kim(lər)in marağındadır? İnanırıq ki, bu problemlə təcili surətdə aidiyyəti qurum rəhbərləri ciddi şəkildə maraqlanacaqlar və problemin aradan qaldırılmasını təmin edəcəklər.

elnur-bay-1

İki Qarabağ veteranının yaşadıqları evin və həyətlərinin belə açınacaqlı vəziyyəti olduqca dözülməzdir. Yəni, doğrudanmı, bir ailədən ata və bala bu vətən üçün ölümə getsinlər, taleyin qismətindən sağ-salamat qayıtsınlar, amma kimsə onların problemlərinə çarə etməsin? Məgər “vətənpərvərəm” deyib, yaxalarını cıran iş adamları, pullu məmurlar azdırmı? Niyə axı iki veteranın yaşadığı ev o vəziyyətdə olmalıdır? Bütün bunlar azmış kimi, bu ailə çörəklə sınağa çəkilir. Ailənin maddi durumu olduqca ağır vəziyyətdədir. Beş medallı qəhrəman Elnur Bayramov iş üçün hara müraciət edirsə, “iş yoxdur” cavabını alır. Heç olmasa, Elnur işləsəydi, ailənin dolanışığına müəyyən qədər kömək olardı. Yəqin bu yazıdan sonra Elnuru işlə təmin edə biləcək bir vətənpərvər insan tapılacaq. Ümidimizi üzmürük... 

Əlbəttə, əgər dövlət tərəfindən, yuxarıda qeyd etdiyim kimi, şəhid ailələrinə və qazilərə olan güzəştlərdəeyni döyüş tapşırığını yerinə yetirən, lakin taleyin qismətindən sağ qalan veteranlar üçün  az da olsa, nəzərdə tutulsaydı, bu insanlar bu qədər problemlər yaşamazdılar.

İnanıram ki, ata-bala olan iki Qarabağ veteranının evinin, həmçinin həyətinin bu acınacaqlı durumu və Elnurun işsizliyi kiminsə ürəyinə insaf salacaq və evin təmirini, həmçinin Elnurun iş probleminin həllini öz üzərinə götürəcək.

Mövzunu diqqətdə saxlayacağıq...

Elçin Məmmədli

elnur-bay-2

elnur-bay-3

elnur-bayy-4

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN