Şair Fəxrəddin Əsədin 70 illiyinə

Qarşımda Fəxrəddin Əsədin yeni çap olunmuş “Payıza açılan qapı...” adlı kitabı var. Kitabda toplanan şeirlər vasitəsilə şairin yaradıcılığına səyahət edərək onun müasir dövrdə cəmiyyətimizdə baş verən hadisələrə nüfuz edən, modern şeirləri ilə seçilən bir sənətkar kimi poetik düşüncələrini təhlil etməyə səy göstərməyə çalışmışam.

Fəxrəddin Əsəd Azərbaycan Yazıçılar Birliyi Ağdaş rayon bölməsinin sədri kimi ictimai iş aparır. Fəxrəddin Əsəd imzası oxuculara yaxşı tanışdır. Onun şeirləri mütəmadi olaraq respublikada çıxan qəzet və jurnallarda çap olunmaqdadır. Məni Fəxrəddin Əsədlə şəxsən tanış edən bu yaxınlarda dünyasını dəyişən mərhum dostumuz İnqilab İsaq olmuşdur. Fəxrəddin sadə, səmimi və ünsiyyətcil olmaqlar özünü yaxşı tərəfdən göstərməyi bacaran bir insandır.

Kitaba ön söz yazan professor Rüstəm Kamal yazır: “Fəxrəddin Əsəd poeziyasında şeirlərin “məna sıxlığı”nı metaforalar yaradır. Şeirlərin mayası metaforalardan “tutulur”. Kitabın başqa bir yerində isə ön söz müəllifinin Fəxrəddinin bütün şeirləri özünə ünvanlanıb” – deməsi diqqəti cəlb edir. Alimin vurğuladığı bu ifadənin şairin lirik “mən”inin avtobioqrafiq ruha kökləndiyini deməyimizə haqq verir.

Kitabda toplanan şeirlərin əksəriyyəti sərbəst vəzndə yazılmış, az bir hissəsi isə heca vəznindədir. Şairin vətənə, doğma yurduna həsr etdiyi şeirlər çoxluq təşkil edir. Kitabda son illərdə Azərbaycan xalqının, onun mərd oğullarının Qarabağın düşməndən azad olunması ilə bağlı xalqımızın apardığı haqlı savaşını göstərən şeirlər əsas yer tutur. Fəxrəddin Əsəd poetik leksikonuna daxil olan bəzi söz və ifadələrdən bolluca istifadə edir. “Yağış”, “yuxu”, “kölgə”, “iz”, “sığal” kimi sözlərin tez-tez təkrarlanması yerli-yerində olmaqla şeirlərininin ahənginə xüsusi bir məna çaları əlavə edir. Şeirlərində yer alan bədii təsvir vasitələri, o cümlədən metafora və metanomiyadan istifadə olunması, şeirlərin bədii yükünü artırmaqla onların daha obrazlı səslənməsinə səbəb olur.

Biz səma adamıyıq,

Demək Günəşə daha yaxınıq!

Nə qədər yaxın olsaq da,

Heç ağlıma gəlmədi,

Qış gecələri, kirayə evlərdə,

Günəşi üstümə çəkib yatmaq!

Şairin şeirlərinin istər forma tərzi, istərsə də bədii düşüncə məqamı özünəməxsusdur. Fəxrəddin Əsəd poeziyasında xəbərdar olan oxucu şeirlərdə səliqə ilə verilən təşbehlərdən şeirlərin məhz ona məxsusluğunu asanlıqla seçə bilir.

Şər qarışır...

Evlərin işıqları

Qız yanağı tək

Pəncərə şüşəsindən asılıb...

Fəxrəddin Əsəd poeziyasının leytmotivini əsasən hərbi–vətənpərvərlik ruhunda yazılmış şeirlər təşkil edir. Bu baxımdan, onun “Əsgər məktubları” silsiləsindən yazdığı şeirlər maraq doğurur. Belə bir məşhur deyimi bu yerdə xatırlamaq yerinə düşür. “Hər cür müqayisə qüsurludur”. Mən bu fikirlərə istinad edərək məşhur rus şairir Konstantin Simonovdan bir poetik nümunəni misal gətirmək istəyirəm. Bildiyimiz kimi, Böyük Vətən müharibəsi illərində dəmir iradə göstərən və faşizm üzərində möhtəşəm qələbə qazanan sovet xalqının dözümlülüyü, əzmkarlığı və iradəcə möhkəmliyini mükəmməl bədii tərzdə ifadə edən “Gözlə məni” şeiri diqqəti cəlb edir. Şeirin tərcüməsində verilən bu poetik misraları xatırlamaq kifayətdir. Əsgər onu həsrətlə gözləyən nişanlısına belə yazır:

“Hamı-hamı gözləməkdən bezəndə,

Sən gözlə məni!”

Təkcə bu şeirə görə şair Lenin mükafatı laureatına layiq görülmüşdür. Fəxrəddin Əsədin təqdim etdiyi igid qəhrəman isə öz nişanlısına qızğın döyüş getdiyi vaxt ölümün gözünə dik baxaraq bu cür təsəlli məktubu yazır:

Məndən xəbər çıxmasa,

Zəng etməsəm qınama.

De ki, sağ-salamatam,

Təskinlik ver anama.

 

Bayrağı bürünüb gəz,

Məni xatırlayanda!

Yenə döyüşə girdim,

Gülüm, sonam, əlvida!

44 günlük Qarabağ müharibəsində xalqımızı bürüyən ağır dərd və kədəri yaxına buraxmamaq üçün bu cür şeirlər hər bir Azərbaycan əsgərində nikbin ovqat yaradaraq, onların tezliklə qələbə çalacağına ümid yaradır. Təbii ki, şair ömrünün xeyli hissəsini sovet dövründə yaşamışdır. O vaxtlar belə bir təbliğat hakim idi ki, hamımızın vətəni SSRİ-dir. Vətənin sərhədləri Vladivostokdan, Kamçatkadan başlayaraq Murmanskaya qədər geniş bir ərazini əhatə edib. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra vətənimizin sərhədləri konkretləşərək Kəlbəcərdən, Laçından, Zəngilandan başladı. Biz yalançı beynəlmiləlçiliyə deyil, milli ruhu özündə ehtiva edən bir ölkənin vətəndaşı olmağımızdan qürur duyuruq. Şair şeirlərinin birində bu məsələyə aşağıdakı kimi münasibət bildirir:

Qayalar silkələnib,

Düşmənləri daşlayır.

Hardakı keşikdəyəm,

Vətən ordan başlayır!

Şairin əsgərlərimizin dilindən verdiyi sevgi məktubları şeirə incə bir ruh, nikbin bir əhval-ruhiyyə gətirərər düşmən önündə mübariz və mərd dayanmağın önəmli olmasını şərtləndirir.

Ay mənim könül varım,

Görən indi neynirsən?!

Hamının acığına

Yenə şıq geyinirsən?!

 

Biləydim əlindəmi

Mən bağışlayan yaylıq?

Uzun körpü kimidir

Aramızda ayrılıq.

 

Hələ ki, salamat qal,

Uğurlar dilə mənə,

Döyüşdəyəm, güzəşt yox,

Bu torpaqda düşmənə.

Şairin zarafatyana yazdığı kiçik bir şeirdə böyük mətləblərin gizləndiyi sezilir. Müəllifə görə, yaşadığımız dünya və yer üzü nə qədər geniş olsa da, əlçatmaz deyil. Burada insanlar təsadüfən olsa da qarşılaşa bilər. Uzun müddət bir-birindən ayrı düşənlərin görüşmək imkanı vardı. Yəni bu dünya nə qədər geniş olsa da, hər kəs öz istədiyi ilə rastlaşa bilər. Ancaq o biri dünyada bu, mümkün deyil. Orda bir nəfərin digəri ilə görüşməsi imkan xaricindədir.

Bizim ümid yerimiz,

Oynadığımız gizlənpaç.

Mən yumdum gözlərimi,

Haydı, bacarırsansa,

Sən başqa dünyaya qaç!

Kitabda satirik ruhlu, kinayə ilə deyilmiş tənqidi fikirlərə də rast gəlmək mümkündür. Bir tərəfdən insan sağlamlığı keşiyində duran, ekologiya üçün çox mühüm əhəmiyyət kəsb edən yaşıllığın qorumağın zəruri olması önə çəkilirsə, digər tərəfdən soyuqdan qorunmaq üçün əlac  kəsiləndə çinar ağacını kəsməyin acısı oxucunun ovqatını təlx edir.

Allahım, bağışla məni -

Bu günahkar bəndəni

“Atam” – deyib,

Üz tutduğun çinarın üstünə

Bu gün əlibaltalı gedirəm...

Yanğını, susuzluğu aradan qaldırmaq üçün insanın suya ehtiyacı var. Susuz qalmaq, suya olan tələbatı ödəmədən yaşamaq mümkün deyil. Su həm insana, həm də cadar-cadar olmuş torpağa çox lazımdır. Torpaq şıdırğı yağan yağışa möhtacdır. Qəlbin eşq dolu atəşini, ancaq vüsala qovuşmaq söndürə bilər. Şairin lirik “mən”in gəldiyi qənaət budur:

Səni çox gözlətmişəm,

Yağış durub qəsdimə.

Səni yağış bilmişəm,

Harda çıxsan rastıma.

 

Sən mənim uzaq sevdam,

Hamıdan gizlətdiyim,

Suya həsrət torpağam –

Yağış tək gözlətdiyin...

 

Burda yağışlar yağır,

Əvvəlki tək sən yoxsan.

Yağış kimi yağaram,

Qəfil qarşıma çıxsan.

Məhəbbət aləmi və sevmək haqqında şairin öz kriteriyası var. Sevmək həvəsinə düşən gənclərə şeirlərdə məsləhəti qeyri-adidir. İnsan hər parıltının arxasına düşməməli, hislərinin əsirinə çevrilməməli, gözəlliyə, surətpərəstliyə aldanmamalıdır.

Səni sevmək

göz  işlədikcə uzanan “gedər-gəlməz”də

ev tikmək kimi bir şey,

Susuz səhralıqda

dəniz axtarmaq qədər gülünc...

Eh,

Küləyin dalınca yüyürüb,

tutmaq fikrinə düşməkdir

Səni sevmək!

Şair bir rəssam kimi təbiət harmoniyasından yaranan daşlardan tablo yaradıb. Bu ştrix və detallar insan təxəyyülünün qavradığı şəkilə uyğun olaraq romantik stiuasiyani şərtləndirir. Küçəyə döşənmiş daşların estetik çalarlar əmələ gətirən möcüzəsi heyrət doğurur.

İçərişəhərin

daş döşənmiş küçələri,

Atasının ayaqqabısını geymiş

uşaq kimi

dalımca düşüb yüyürürdü...

İnsan elə varlıqdır ki, o, bəzən özünə qapanaraq, günlərin necə ötüb keçdiyinin fərqinə varmır. İstəsən də, istəməsən də günlər, aylar elə sürətlə ötüşür ki, bunu hiss etmirsən. İllah da ki, tənha qalanda, yaxınlarından, doğmalarından uzaq düşəndə təkliyin doğurduğu üzücü həyat bir kabus kimi səni izləyir.

Bir mühacir həyatı yaşayıram burada,

Nə gələnim, nə gedənim var.

Tanış ünvanların qatarları tək,

Ötüb-keçir ömürdən,

Üzücü gün, ay.

Sülh və əmin-amanlıq bütün bəşəriyyətə lazımdır. Hər bir insan Allah verən ömürü sağ-salamat, şad və xürrəm yaşamaq istəyir. Müharibə acısını dadanların əbəs yerə ölüb həyatlarını tərk edənlərin yaxınları günahsız ölənləri düşünərək, müharibəyə nifrət edir. Öz məmləkətinin də işğala məruz qalaraq minlərlə günahsız uşaqların, gənclərin, qocaların ölümünə şahidlik edən şair, müharibəyə öz nifrətini bu cür bildirir:

Ah, nola

bir günlüyə,

bir saat da olsa

tanklar, təyyarələr oyuncaq ata dönə!

Gözlərində parıltı,

içində-ürəyində

göyərçin kimi çırpınan işıq

O qara küçüyün dalınca qaçan qızcığaz.

Ayrılıq xofunu unuda.

Kitabda verilmiş şeirlərdə şairin həyatsevərliyi, nikbinliyi, predmet və hadisələri mənalandırmaq bacarığı onun bir ruh şairi olmasını təsdiq edir.

Fəxrəddin Əsəd hazırda müdriklik çağını yaşayır. Ancaq poeziyasında gənclik eşqi ilə yoğrulan misralar oxucuda xoş duyğular yaratmaqla onları həyatı sevməyə səsləyir. Arzu edirəm ki, Fəxrəddin Əsəd qalan ömrünü sağlam yaşayaraq, yazıb-yaratsın.

70 yaşın mübarək, əziz Fəxrəddin Əsəd!

Ehtiram Səfərov,

filolgiya üzrə fəlsəfə doktoru      

ehtiram-seferov

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN