…Az qala hər həftə işğaldan azad edilmiş şəhər və ya ərazilərimizə səfər edən beynəlxalq və yerli media, QHT, yaxud siyasi partiya rəhbərlərinin social şəbəkələrdəki selfi şəkillərinə rast gəlirik.

 Bu çox yaxşıdır. Gedən ən azı erməni vandalizmini öz gözləri ilə görə bilir. Amma görmək nəinki azdır, həm də çox azdır. Erməni terrorundan zərər çəkmiş bizlər gördüklərimizi onsuz da bilirik. Lakin indi bizə bunları dünyanın bilməsi lazımdır… Çünki bu ağrıları yaşamışıq, görmüşük və itkilərə məruz qalmışıq… Amma indi ən vacibi odur ki, ən azı canlı olaraq gördüklərimiz dünya ictimaiyyətinə çatdırılsın. Bəs kim çatdırmalıdır?

 Dünya informasiya məkanındakı erməni yalanları və biz…

 Düz bir il əvvəl- Qarabağdan erməniləri iti qovan kimi qovduğumuz müharibə günlərində Prezident İlham Əliyevin xarici jurnalistlərin qərəzli, bəzən isə məlumatsızlıqdan irəli gələn suallarına necə təmkinlə cavab verdiyinin yəqinki şahidisiniz. Jurnalistlərin bir çoxu Prezidentin cavablarından və izahlarından sonra etiraf edirdilər ki, onlarda Qarabağ və Qarabağ probleminin kökü, mahiyyəti barədə məlumatlar belədir, istinadları erməni mənbələridir… Bəs bu qədər erməni yalanı bizim başımızın üstündən dünya çapına necə ayaq açıb ki, xəbərimiz olmayıb???

 Erməni yalanlarına qarşı bizim gerçək sübutlarımız və faktlarımız hardadır?

 Xatırlayırsınızsa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin oktyabrın 28-də-2-ci Qarabağ müharibəsinin başlamasından bir ay sonra Almaniyanın ARD televiziya kanalına müsahibə vermişdir. Jurnalistin məhz erməni mənbələrinə istinad etdiyi aydın görünür.

 Sual olunur: bəs hanı bizim gerçək istinadlı məlumatlarımız? 11 il KİVDF-dən maliyyələşən, hər il hərəsi yüz min manatlarla (özü də manatın kefikök vaxtı) pul alan qəzetlər bu müddətdə niyə erməni yalanlarına qarşı gerçək faktları dünya ictimaiyyətinə az da olsa çatdıra bilməyiblər???

Gəlirəm Prezident İlham Əliyevin almaniyalı jurnalistlə dialoquna:

“”ARD” müxbiri:

- Biz orada, bu ərazidə (Qarabağə nəzərdə tutur.RED.) olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?

- Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.

– Siz qəbul edirsinizmi ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub?

– Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib.

– Onlar orada əsrlər boyu yaşamırlar?

– Xeyr, xeyr. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər.

– Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər?

– Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və “Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun.

– Buna baxmayaraq, bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz qalırlar?

– Xeyr, əsla. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik”.

 

Görürsünüzmü, jurnalist elə bilir ki, ermənilər Qarabağda əsrlər boyu yaşayır... Halbuki, ermənilər 1828-ci ildə İran və Türkiyə ərazisindən Qarabağa köçürülmələrinin 150 illiyi şərəfinə Ağdərədə abidə ucaltmışdılar. Lakin 1988-ci ildə müstəqillik eşqinə düşəndə anladılar ki, özgə torpağında sığınacaq istəyən 30 min erməniyə necə dövlət müstəqilliyi verilə bilər? Ona görə də həmin abidəni dərhal uçurtdular...

Bəs indi necə-Qarabağa səfər edən siyasi partiya, QHT, media rəhbərlərimiz dünya ictimaiyyətinə hansı həqiqətləri çatdırıblar???

...Məncə, vəziyyət hələki arzulanan səviyyədə deyil. Bəli, etiraf edək ki, əvvəlki KİVDF rəhbərliyindən fərqli olaraq Medianın İnkişafı Agentliyinin rəhbərliyi dünyanın yaddaşına Qarabağ və Azərbaycan həqiqətlərini çatdırmaq üçün son 4-5 ay ərzində silsilə layihələrə imza atıb. Çoxsaylı əcnəbi jurnalistlər, media ekspertləri Azərbaycana dəvət edilib, MEDİA-nın rəhbərliyi və ekspertlər xarici ölkələrdə olublar. Kifayət qədər işlər görülüb, görülməkdədir.

 Lakin bir məsələ diqqətdən yayınmamalıdır: indiyədək Qarabağın işğaldan azad edilmiş bölgələrinə QHT, siyasi partiya və media rəhbərlərinin, jurnalistlərin çoxsaylı səfərləri olub. Onlar erməni vəhşiliyini dünyaya necə çatdırıblar, ortada bir hesabat xarakterli sənəd varmı? Xüsusən də bu ilin 11-12 sentyabrında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 300-ə yaxın QHT təmsilçisi Şuşaya səfər etdi. Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev səfərdə yerli mediaya açıqlamasında deyib ki, onlar (QHT təmsilçiləri) gördüklərini olduğu kimi, yerli və xarici ictimaiyyətin diqqətinə çatdırmalıdırlar. Maraqlıdır, 300 nəfərdən neçəsi erməni vəhşilikləri barədə xarici ictimaiyyəti məlumatlandıra bilib? Səfərdən sonra onlardan bunu soruşan oldumu???

 Mən elektron axtarış sistemindən istifadə edərək ingilis, rus və fransız dillərində sosial və elektron mediada axtarış apardım. Ciddi bir məlumat və ya fotofaktlara, video görüntülərə rast gəlmədim. Deməli, hamı yenə də Ali Baş Komandan İlham Əliyevdən umur, gözləyir və istəyir ki, hamının yerinə dünyaya erməni vəhşiliyi barədə müsahibə versin, məlumatsız jurnalistlərin əvəzinə Prezident izahlar versin...

***

Olmaz! Qətiyyən olmaz! Belə davam edərsə, dünya ictimaiyyəti yenə də saxta erməni tarixçilərin feyk məlumatlarına istinad edib Qarabağın mübahisəli ərazi olduğunu, hətta ermənilərin “əsrlər boyu...” burada yaşadığına inandırılacaq. Biz də sonradan bu yalan və iftiraları yaddaşlardan silməklə məşğul olacağıq. Nə qədər ki, bir erməni yalanlarına qarşı ən azı beş gerçək həqiqətlərimizi qoymayacağıq, vəziyyət problemli olaraq qalacaq...

Odur, Azərbaycan naminə erməni yalanlarını ifşa etmək üçün səfərbər olaq!

Asif MƏRZİLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN