...Tanınmış astronom Karl Saqan deyir ki, Günəş tipli ulduzların ətrafındakı planetlərdə sivilizasiyaların yaranması nadir hadisə deyil, qanundur.

Digər tanınmış alim F.Dreykə görə təkcə bizim Qalaktikada 20 min yüksək inkişaf etmiş sivilizasiya var. Əgər onların sayı bu qədər çoxdursa, niyə onlar bizimlə əlaqə yaratmırlar? Bir nəzəriyyəyə görə yaşı milyon illərlə ölçülən sivilizasiyalar, yaşı 6-7 min il olan bizim “körpə” Sivilizasiya ilə münasibət qurmaq istəmirlər. Görünür düşünürlər ki, biz buna hələ hazır deyilik. Əksər fantast yazıçılar öz əsərlərində yad planetliləri ruhsuz, qəddar və təcavüzkar varlıqlar kimi təsvir edirlər. Milyon il tərəqqi yolu keçmiş, ulduzları “yandırıb-söndürmək” qüdrətinə çatmış şüur qardaşlarımız qəddar və təcavüzkar ola bilərmi? İnanıram ki, Sevgi, Şəfqət və Mərhəmət Ümümkainat qanunudur. Kainatın hansı guşəsində yaşamasından asılı olmayaraq, şüur və ruhun daşıyıcıları olan varlıqlar bu keyfiyyətlərə sahibdirlər. Əminəm ki, şüur qardaşlarımız yalnız Qlobal Birliyə, Elm və Dinin (Mənəviyyat) vəhdətinə nail olduqdan sonra  planetlərindən kənara çıxıb Kainatın sahibinə çevrilə bilərlər.

        Ey ruh oğlu! Mənim ilk nəsihətim budur: pak, gözəl və nurlu bir ürəyə malik ol ki, əzəli, əbədi, daimi və qədim bir səltənətə sahib olasan

  Yer kürəsini “Bəşəriyyətin  beşiyi” adlandıran akademik K.Sialkovskiy deyir ki, “körpə beşiyini tərk etdiyi kimi, Bəşəriyyət də əvvəl–axır Yerdən kənara çıxıb Kainata ayaq basmalıdır”. Akademik O.Qazenko yazır:Yerdə təbii sərvətlər tükənəcək. Fəlakət başımızın üstünü kəsdirməmiş, Bəşəriyyət xırda qruplara bölünüb Qalaktikamızın həyat üçün əlverişli yerlərinə səpələnməlidir”.  Akademik N.Kardaşyev deyir ki, biz iki yoldan birini seçməliyik: ya dünyanın indiki nizamında qalıb, planetin resurslarını tükədib və sonda məhv olmalıyıq, ya da birləşib planetimizin və Sonsuz Kainatın həqiqi sahibinə çevrilib, xilas olmalıyıq.

 Bizim sivilizasiyanın nə vaxtsa Kosmik Sivilizasiyaya çevrilmək şansı varmı? cavabım bir mənalıdır: bir -biri ilə rəqabət aparan dinlərə, dövlətlərə və millətlərə parçalanmış indiki Dünya Nizamında şansımız yoxdur. Nəzərimcə, planetimizin sakinləri Yer kürəsini Ümumi Vətənə çevirib, Vahid Dində birləşdikdən sonra Kainata pəncərə aça biləcəklər.

 Çox insanlar “Sivilizasiyaların toqquşması və Dünya düzəninin yenidən qurulması” (1996) kitabının müəllifi S.Hantinqton kimi parçalanmış Bəşəriyyəti təbii hal kimi qəbul edirlər. Onların nəzərincə Birlik və Qardaşlıq əsasında qurulmuş müharibələrsiz, sərhədsiz və rəqabətsiz “Vahid Dünya Sivilizasiyası” ideyası utopiyadan başqa bir şey deyil. Parçalanmanın törətdiyi bəlalar isə hədsiz dərəcədə çox olub. Son 6-7 min ildə müharibələrdə ölənlərin sayı milyardlarladır, mədəniyyətlər məhv edilib, şəhərlər dağıdılıb. Üstəlik XIX-XXI əsrlərdə “Ölüm maşınına” çəkilən xərclər elm, təhsil və səhiyyənin inkişafına sərf olunsaydı dünya indikindən qat-qat zəngin, gözəl və inkişaf etmiş dünya olardı. Bəlkə də Kosmik Sivilizasiyaya çevrilib, ulduzları “söndürüb-yandırmaq” qüdrətində olardıq, xəstəliklərin kökünü kəsib, insan ömrünü 300-500 ilə kimi uzatmağın sirrini açardıq. Burada Məmməd Arazın möhtəşəm misraları yada düşür:

Əridib silahları

Biz marten sobasında,

Körpü yarada bilərdik

Yerlə Mars arasında, - Müharibə olmasa!

Yer minillik barını

Bircə ildə yetirər,

Alim ayı, ulduzu

Dartıb yerə gətirər, - Müharibə olmasa!

 Lakin reallıq başqadır. Planetimizin resursları talanmaqda və təbiəti məhv edilməkdədir. İfrat varlılıq və hədsiz yoxsulluq arasında fərqlər getdikcə kəskinləşməkdədir. Dini, milli, irqi, cinci təəssübkeşliklər düşüncələrdə hələ də hakimdir. Dövlətlər öz “suveren maraqlarını” qorumaqdan ötrü silahlanmaya küllü-miqdarda pul xərcləyirlər. Dövlət başçıları və sadə insanlar qlobal problemlərdən danışır, həlli yollarını tapmaqdan ötrü beynəlxalq görüşlər keçirilir, sazişlər imzalanır, amma nəticəsi yoxdur.

Ömrünün 40 ilini  həbsxana və sürgündə keçirmiş və “Əkka Məhbusu” adı ilə tanınan Bəhaullah hələ 160 il əvvəl dünyanın hökmdarlarına bu sözlərlə müraciət etdi: “Dünya bir Vətən və bütün insanlar onun vətəndaşlarıdır, hamınız bir ağacın meyvələri, bir budağın yarpaqlarısınız. Bütün insanlar daim inkişafda olan Sivilizasiyanı irəlilətmək üçün yaradılmışlar. Yaşadığınız əsrin ehtiyaclarının qayğısına qalın və müzakirələrinizi onun zəruriyyət və tələbləri üzərində cəmləşdirin ”. O, deyirdi ki, Bəşəriyyət “parçalanma” mərhələsini aşıb, birlik yaratmaq, Sivilizasiyanı sürətli inkişaf yolu ilə aparmaq imkanındadır. Böyük Sülh və millətlərin Vahid Dünya Sivilizasiyasında birləşməsi nəinki mümkündür, o, yeganə xilas yoludur və dünyanın “Bir Vətən” olması ideyası düşüncələrdə formalaşdıqca öz ifadəsini “Dünya Konstitutsiyası”, “Dünya Parlamenti” və “Dünya Vətəndaşlığı” kimi beynəlxalq sistemlərdə tapmalıdır.

          Azər Cəfərov

Bəhai Dini icması İctimai Əlaqələr ofisinin koordinatoru,

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN