Peşəkarlığına şübhə etmədiyim hakim Akif İsgəndərovun bu məhkəmə prosesindəki əsl həqiqətin ortaya qoyulması, ədalət mühakiməsinin bərqərar olması naminə prosesə hakimliyi təqdirəlayiq idi...

...Keçək mətləbə: Bakı şəhəri Yasamal rayon Məhkəməsində az qala bir ildir ki, iddiaçı Baqiyev İlyas Knyaz oğlunun “Təzadlar” qəzetinə qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair” mülki iddiasına (İş№2(004)-5715-2023) baxılır. Yasamal rayon Məhkəməsi redaksiyanı qane etməyən qərar qəbul etdiyindən həmin məhkəmə aktından apellyasiya şikayəti vermişdik... 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizədliyimlə bağlı şikayətə baxılması bir qədər uzandı. Nəhayət, bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsində hakim Akif İsgəndərovun sədrliyi ilə Mülki Kollegiya şikayətimizə dair ilk iclasını keçirdi...

***

Qısa olaraq deyim ki, Yasamal rayon Məhkəməsinin diqqətinə iddiaya etirazı əsaslandıran sübutları təqdim etmişdim. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən “SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar” başlıqlı məqalə tezadlar.az saytının 20 oktyabr 2023-cü il tarixli buraxılışında yayımlanmışdır.  Məqalənin girişində xüsusi mətnlə və vurğu ilə yazılmışdır ki, Neftçilərin Hüquqlarının Müdafiəsi (Bundan sonra: NHMT) İB-nin sədri Mirvari Qəhrəmanlı özünün (NHMT-nin) elektron poçtuna daxil olan, eləcə də ona (NHMT-yə) məxsus sosial platformada yayımlanmış bir sıra  informasiyalarla bağlı “Təzadlar” qəzetinə (sayta) açıqlamalar vermişdir. Ardınca isə M.Qəhrəmanlıya müraciət etmiş şikayətçi olan neftçinin ona yazmış olduğu məlumatlara istinad edilməklə, redaksiya “Media haqqında” Qanunun 20.2 və 77.2-ci maddələrinin tələblərinə riayət edərək, eləcə də M.Qəhrəmanlının müəllif hüquqlarını pozmadan, ona (mənbəyə) istinad edərək həmin məlumatları yayımlamışdır. Və həmin yazı neftçinin SOCAR prezidenti Rövşən Nəcəfə ünvanlı müraciəti idi, ittiham ruhunda deyil, SOCAR rəhbərliyini konkret faktlarla məlumatlandırmaq məqsədli idi. “Media haqqında” Qanunun 9-cu fəsilinin “”Media haqqında” Qanunun pozulmasına görə məsuliyyət” bölməsinin 77-ci maddəsində isə aydın şəkildə yazılır ki, “Maddə 77. Bu Qanunun pozulmasına görə məsuliyyət: 77.2. Mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır:

-77.2.2. həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa”.

Qanunun 77.2.2-ci maddəsində konkret və aydın şəkildə qeyd olunduğu kimi, mübahisələndirilən məqalədəki bütün məlumatlar Qeyri-Hökumət Təşkilatı olan NHMT-nin rəhbəri və  qurumun bütün mətbuat və informasiya məlumatlarının yayıcısı olan Mirvari Qəhrəmanlının şəxsən özü tərəfindən yayılmış məlumatlara istinad edilmişdir və redaksiyanın bu məsələdə məsuliyyəti yoxdur... Amma Yasamal rayon Məhkəməsi qəzeti 500 manat cərimə və təkziblə üz-üzə qoymuşdur... Təsəvvür edin, biz Mirvari Qəhrəmanlının əvəzinə təkzib verməyə məhkum vəziyyətindəyik!

***

Keçirəm mətləbə: etiraf edim ki, bəzən hakimlər belə mübahisələr zamanı hansısa dövlət qurumunun, xüsusən də SOCAR-ın adını görəndə məsələni uzatmadan özlərini iddiaçını qane edəcək qərara kökləyirlər. Yəni, təcrübədə belə hallara çox rast gəlmişik. Düzdür, konkret olaraq bizim  məsələdə iddiaçı tərəf də başa düşürdü ki, redaksiyanın məhz bu iddiada cavabdeh tərəf olması avsurddur, çünki informasiya mənbəyi biz deyilik, QHT rəhbəridir.

Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayətimizə dair iclasını açıq elan etdi... Sonra məhkəmənin tərkibi elan olundu və hakim Akif İsgəndərovun sədrliyi ilə tərəflərin arqumentləri dinlənildi.

SONUN ƏVVƏLDƏ DEYİLMƏLİ MƏTLƏBİ...

 ...İclas iştirakçılarının da sonradan diqqətinə çatdırdım ki, çoxsaylı məhkəmə iclaslarında iştirak etmişəm, amma ilk dəfə idi ki, hakimin izahatlarından, tərəflərə suallarından məmnun idim. Baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərarını tam və ya qismən də olsa, qüvvədə saxlayacağına özümü psixoloji cəhətdən hazırlamışdım da. Amma fərqli mənzərəni görürdüm. Hətta görürürdüm ki, hakim təkcə iddiaçının və ya cavabdeh kimi mənim arqumentlərimi dinləsə də, özünün daxili inamını əsas tutub daha nəyisə dəqiqləşdirmək istəyir.

Onu da deyim ki, bəzən aydın hiss edir və görürük ki, hakimlər bəlkə də işin çoxluğundandır, deyə bilmərəm, işi diqqətlə oxumurlar, ancaq verəcəkləri qərar ətrafında düşünürlər və s. Amma bu dəfə hakimin sonda verəcəyi qərarı deyil, həqiqətin ortada olması naminə sual-cavabları, dəqiqləşdirmələri olduqca xoş idi. O dərəcədə ki, hətta iddiaçı da hakimin “Barışığa imkan varsa, bu addım barədə düşünülsə, yaxşıdır...” təklifinə can-başla razı olaraq “Təkzib verilsin, bununla da barışıq olsun...” razılığına gəlməsi də maraqlı idi. Halbuki iddiaçının vəkili onsuz da bilirdi ki, bu məsələdə redaksiyanın məsuliyyəti yoxdur və biz həm də Mirvari Qəhrəmanlının yerinə təkzib vermək ixtiyarında deyilik... Və hakim sonda bu qərara gəldi ki, M.Qəhrəmanlı növbəti prosesdə iştirak edərək bu məlumatların məhz ona məxsus olduğunu söyləsin!

*** 

...Bəli, qiyabi tanıdığım, amma peşəkarlığına şübhə etmədiyim hakim Akif İsgəndərovun bu məhkəmə prosesindəki əsl həqiqətin ortaya qoyulması, ədalət mühakiməsinin bərqərar olması naminə prosesə hakimliyi təqdirəlayiq idi. O dərəcədə ki, məhkəmə iclası başa çatandan sonra üzümü kollegiya üzvlərinə tutub dedim: “Hörmətli kollegiya üzvləri və sədr! Bu cür peşəkar iclasçılıqdan sonra, hətta əleyhimizə hansısa qərar versəniz belə, şəxsən mən sizə çox sağ ol deyəcəyəm... Ən azı ona görə ki, Sizlər həmişə arzuladığımız ədalət mühakiməsinin nə olduğunu ortaya qoydunuz. Sizlərin timsalında Azərbaycanın arzuladığım və görmək istədiyim məhkəmə sisteminə yeni bir hörmət formalaşdırdınız! Təşəkkür edirəm... Əleyhimizə qərar versəniz belə, sözümün üstündə dururam: bu iclasda gördüklərim bir peşəkarlıq və ustadlıq nümunəsi idi...”.

***

Bəli, ədalət olan yerdə haqq və inam formalaşır! Bunu cəmiyyətə aşılamaq və təlqin etmək isə sözlə olmur, əməllə olur!

Bu yerdə Amerikada olmuş və həmişə bədii əsərlərimdə də yeri gəldikcə xatırlatdığım, dillərə düşmüş, aforizmə çevrilmiş bir hadisəni xatırlatmaq istəyirəm:

-Amerikanın bir ştatında yaşlı kişi çörək almağa pul tapmır, aclığın gətirdiyi ölümlə üz-üzə qalır. Gəlir çörək dükanına və satıcı arxaya baxan kimi bir çörəyi sırıqlısının içində gizlədib qaçmaq istəyir, bu zaman dükana girən polis onu yaxalayır, aparır polis idarəsinə... Sonra çörək oğurladığına görə onu məhkəməyə verirlər. Qoca onu çörək oğurluğunda ittiham edənlərə başa sala bilmir ki, o bu oğurluğu etməsəydi, ən azından öləcəkdi. Məlum olacaqdı ki, həmin polisin xidmət etdiyi ərazidə bir nəfər müəmmalı şəkildə ölüb. Bu isə polisin, bələdiyyənin, merin ziyanına olan iş olacaqdı. Beləcə, heç kim qocanı başa düşmək istəmir. Nəhayət, qocaya məhkəmə qurulur, o günahını belə izah edir: “O qədər ac idim, gördüm ölürəm, bu oğurluğu etdim...”.

Hakim işi araşdırır, dükançını, polisi, ərazi bələdiyyəsinin rəisini dinləyib qərar verir:

-Qanunlarımıza görə, qoca oğurluq edib. Amma o bu oğurluğu ilə bu şəhərin bir sakinini ölümdən xilas edib... 

Bu zaman zaldakılar səs-küy salır. Hakim davam edir:

-Əgər qoca oğurluq etməsəydi, o öləcəkdi, bəs ölsəydi kim günahkar olacaqdı? Zaldakılar susur. Hakim yenidən əlavə edir:

-Təbii ki, sizlər-qocanı həbs edən polis, tutub gətirən konvoy, bu şəhərin sakinini ac qoyan bələdiyyə sədri... Mən oğurluğu səmimi etiraf etdiyinə görə, qocanı 10 dollar cərimə edirəm.  Amma bu pulu ödəyə bilməyəcəyini də bilirəm, ona görə onun əvəzinə cəriməni mən ödəyəcəm...

Məhkəmə zalında hamı susur, hakim cibindən 10 dolları çıxarıb qocanın cəriməsi olaraq xəzinəyə mədaxil edilməsini tapşırır. Sonra ayağa qalxıb zaldakılara deyir:

-Eşidin, bu oğurluq cinayətində qoca tək deyil...

Bu oğurluqda sizin hamınız iştirakçısınız, deməli, siz də günahkarsınız! Ona görə də hər biriniz 10 dollar ödəməlisiniz, çünki yaşlı bir kişinin oğurluq etməyə məcbur qaldığı bir şəhərdə yaşayırsınız...

Məhkəmə zalında xeyli pul toplanır və hakim həmin pulu qocaya verir, ardınca uca səslə:

-Yaşadığınız şəhərdə oğurluq edən bir adam görsəniz, bilin ki, o şəhəri idarə edənlər ədalətli deyillər, onlar oğurluğa məcbur edilmişlərin haqqına giriblər...

Hakim məhkəmə iclasını bağlı elan edir...

***

Bəli, bunlar ədalət mühakiməsinə hakimlik edənlərin kimliyinə bir işarədir...

Asif Mərzili

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA