QIRĞIZISTAN ƏSGƏR AKAYEVƏ EKS PREZİDENT STATUSUNU QAYTARMAYACAQ

***

Qırğızıstanın keçmiş rəhbəri Əsgər Akayevə respublikanın eks-prezidenti statusunu qaytarmaqdan imtina edilib. Bu qərarı Joqorku Keneşin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və nizamnaməsi komitəsi qəbul edib.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə kaktus.media nəşri məlumat yayıb.


   “Əgər Akayevin müraciətini təmin etsək, ictimaiyyət bizi başa düşməyəcək... Akayevin dövründə ölkədə ailə hakimiyyəti quruldu, onun övladları deputat kimi parlamentə gəldi, insanlar Akayev rejiminə etiraz olaraq aclıq aksiyası keçirərək öldülər. Niyə biz onu eks-prezident statusuna qaytarıb dövlət hesabına dəstəkləməliyik?”- nəşr deputat Janar Akayevdən sitat gətirib.


Nəticədə deputatlar Akayevə eks-prezident statusunun qaytarılmasının əleyhinə səs veriblər və parlamentə bu məsələ ilə bağlı müvəqqəti parlament komissiyasının yaradılmasından da imtina etməyi tövsiyə ediblər.

Akayevin Qırğızıstanın eks-prezidenti statusunu bərpa etmək istəməsi faktı isə sentyabrın 5-də məlum olub, baxmayaraq ki, bəyanatın özü yayda yayılıb.

Qeyd edək ki, Akayev 1991-2005-ci illərdə Qırğızıstan prezidenti olub. 2005-ci ilin yazında kütləvi etirazlar ölkədə hakimiyyət dəyişikliyinə səbəb oldu. Akayev ailə üzvləri ilə birlikdə Moskvaya qaçdı.

Sonradan məlum oldu ki, Akayevə qarşı “Kumtor” qızıl yatağının işlənməsi ilə bağlı cinayət işi çərçivəsində ittiham irəli sürülüb.

Keçmiş prezident 1992-ci ildə “Cameco” ilə baş müqavilənin bağlanması və 2003-cü ildə “Kumtor” layihəsinin restrukturizasiyası ilə bağlı ortaqlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə və səhlənkarlıqda ittiham olunurdu.

2010-cu ildə aprel inqilabından sonra Akayev Qırğızıstanın eks-prezidenti statusundan məhrum edilib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA