Salam olsun, dəyərli oxucum! Şükürlər olsun böyük Allaha! Bu dəfə sizinlə  görüşə yeni kitabla gəlmişəm. Söhbət tanınmış söz adamı Aqşin Hacızadənin yenicə işıq üzü görmüş “Tikdim ki, izim qala” kitabından gedir.

“Tikdim ki, izim qala” kitabı Aqşin Hacızadənin öz oxucuları ilə üçüncü görşüdür. O, “Tanrı bizi bağışlamaz” və “Sənsizliyi duyacağam” adlı iki kitabı ilə artıq oxuculara yaxşı tanışdır.

 Tədqiqatçı-jurnalist  Araz Yaquboğlu  (“Dünya” qəzeti, №30-31. 25 dekabr 2009-cu il.) “Aqşin Hacızadə poeziyası” adlı yazısında A.Hacızadəni oxuculara belə təqdim edir: “Zaman-zaman şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı Göyçəli, Sərraf Şiruyə, Alqayıt kimi aşıq və şairlərə ünvan verən qədim oğuz yurdu Göyçə mahalının Daşkənd kəndi müasir poeziyamıza da yeni-yeni imzaları bu gün yeni ünvanda - Bərdə rayonunun Yeni Daşkənd kəndində gətirməkdədir.

Tanrı hər bir bəndəsinə bir istedad bəxş edir. Kiminə dərin hafizə, kiminə gözəl əl qabiliyyəti, kiminə təşkilatçılıq bacarığı, kiminə isə fitri istedad. Ulu Tanrının fitri istedad verdiyi insanlardan biri də Aqşin Hacızadədir. O, gözəl, iti qələmi olan bir şairdir.

Onun göz açdığı ailənin, ocağın bir çox yazarları kifayət qədər Azərbaycan ədəbi mühitində tanınmış simalardandır. Aqşin Hacızadə dünyaya gəldiyi gündən qulaqları şeirə, sözə, ədəbi fikirlərə hakim kəsilib. Şeirlərini oxuyanda bənzərsiz bədii təsvirlərin şahidi olursan və şeirlərdə yeni dəst-xətt duyulur”.

“Tikdim ki, izim qala” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub. Kitabın ərsəyə gəlməsində redaktor  şair,  jurnalist  Arif  Məmmədli və məsləhətçi tədqiqatçı-jurnalist  Araz Yaquboğlunun  xidmətləri olmuşdur.

Kitab haqqında söhbətə başlamazdan əvvəl Aqşin Hacızadə ilə bir daha yaxından tanış olaq.

QISA  ARAYIŞ

Aqşin Hacızadə Şiruyə oğlu (şair Sərraf Şiruyənin oğludur) 1969-cu ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. 1993-1996-cı illərdə Qarabağ müharibəsində Ağdam cəbhəsində könüllü döyüşlərə qatılmışdır. 1990-cı ildən Bərdə rayonunun Yeni Daşkənd kəndində mədəniyyət sahəsində işləyir. Eyni zamanda, Qərbi Azərbaycan İctimai Birliyinin Mədəniyyət şöbəsinin rəhbəridir. 3 kitab müəllifidir.

Aqşin Hacızadənin “Tikdim ki, izim qala” kitabına onun son zamanlar qələmə aldığı poemalar, şeirlər və publisistik yazılar  daxildir. Kitab “Ön söz əvəzi” özünü təqdimatla, yerini-yurdunu tanıtmaqla “Ünvanımı” şeiri ilə başlayır. Kitabı formal olaraq üç hissəyə bölmək olar: Poemalar, şeirlər, publisistika.

Poemalar bölməsində “Tikdim ki, izim qala”, “Qucaq açdı Bərdə bizə”, “On altı şəhidin altısı yaşıd” poemaları, şeirlər bölməsində isə məşhur  “O şeiri bir də söylə,  Ərdoğan” şeiri də daxil olmaqla son zamanlar yazdığı şeirlər və publisistika bölməsində “İki qardaş - iki igid, biri qazi, biri şəhid”,  “Vətəni canından əziz bilən oğul”, “Pirnazarlı ocağının ikinci şəhid oğlu” adlı yazıları  yer almışdır. Qeyd etdiyim əsərlərin adlarından da aydın görünür ki, Birinci Qarabağ müharibəsinin könüllü iştirakçılarından olan Aqşin Hacızadə məlum səbəblərdən İkinci Qarabağ müharibəsində əlində silah iştirak edə bilməsə də, qələmi ilə söz cəbhəsində şanlı Zəfərimizə öz töhfəsini verməyə çalışmış və  qarşısına qoyduğu bu vəzifənin öhdəsindən layiqincə gəlməyə müvəffəq  olmuşdur.

“Tikdim ki, izim qala” poemasının sonluğunda belə bir beyt var:

“Mən yazdım ki, gələcəkdə qoy çıxmasın yaddan onlar,

Mən yazdım ki, onlar kimi, bir iz qoysun bu insanlar.”

Məncə, bu iki misra şairin bütünlükdə məqsədi, məramı haqqında bizə tam və dolğun məlumat ötürmək iqtidarındadır.

Şeirlər bölməsində yer almış müəllifin məşhur  “O şeiri bir də söylə, Ərdoğan” şeirindən bu bəndə diqqət edək:

“Bircə bəndlik şeir ilə oyanıb,

Təbriz indi ayaq üstə dayanıb.

Əsrlərlə əsarətdən usanıb,

Çalxalanır, silkələnir bax bu an,

O şeiri bir də söylə, Ərdoğan,

Qoy partlasın, qoy çatlasın bu İran!”

Bu misraları oxuyanda qeyri-iradi şair Süleyman Rüstəmin “Təbrizim” şeirini xatırladım. S.Rüstəm bu dərddən, bu nisgildən, bu əsarətdən nə qədər üstüörtülü, xüsusi eyhamla, yana-yana, qovrula-qovrula söhbət açırsa,  müasirimiz, dahi söz ustadlarının layiqli davamçısı olan şair Aqşin Hacızadə bir o qədər açıq şəkildə, ədəbi etikanın yol verdiyi ən son həddə - əndazə çərçivəsində hayqıraraq öz səsini ucaldır, vətəndaş, soydaş, ziyalı, qələmdar  münasibətini bildirir. Digər şeirlərində və həmçinin publisistik yazılarında  döyüş meydanlarında şücaət göstərmiş vətən övladlarının qəhrəmanlıqlarını böyük ustalıqla qələmə alır. Bu gün gözlərimiz önündə baş verənləri özünün yuxarıda təqdim etdiyim beyitində qeyd etdiyi kimi, gələcək nəsillərə ötürmək, çatdırmaq məqsədilə məharətlə salnamələşdirir. Bu müqəddəs amal uğrunda söz cəbhəsində xüsusi şücaət, qəhrəmanlıqlar göstərən qələm adamı, şair Aqşin Hacızadəyə şəxsən öz adımdan, vətənpərvər ziyalılarımız, vətəndaşlarımız adından təşəkürümü bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Zaur Ustac,

şair-publisist, “Yazarlar” jurnalının baş redaktoru

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN