Azərbaycançılıq ideyasının, onun bariz təcəssümü olan Azərbaycan Cümhuriyyətinin qurulmasında və formalaşmasında

ən mühüm xidmətlər Məhəmməd Əmin Rəsulzadə ilə Nəsib bəy Yusifbəyliyə məxsus olmuşdur. Bu iki böyük idealist, millətpərvər və demokrat azərbaycançılıq ideyasının əsas müəllifləridir. Doğrudur, bu məsələ ilə həm nəzəri, həm də təcrübi baxımdan M.Ə.Rəsulzadə daha çox çalışmış, daha böyük mənəvi-ideoloji və siyasi-fəlsəfi irs qoyub getmişdir. Xüsusilə, Rəsulzadənin mənəvi-ideoloji irsi ilə müqayisədə N.Yusifbəylinin bu sahədə zəngin bir irsindən danışmaq mümkün deyildir.

Bütün bunlara baxmayaraq, Nəsib bəy Yusifbəylinin milli və müstəqil Azərbaycan ideyasının müəlliflərindən biri olması da danılmazdır. Öncə qeyd edək ki, Nəsib bəy də M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və başqa bir çox tanınmış ziyalılarımız kimi, ilk dövrlərdə sosial-demokratlara meyil göstərmişdir. Ancaq çox keçmir ki, N.Yusifbəyli sosial-demokrat təlimindən uzaqlaşaraq türkçülük, daha sonra onun bir qolu olan Azərbaycan türkçülüyü uğrunda mübarizə aparmışdır. Nəsib bəy də türkçülük ideyasının yaranmasında və formalaşmasında ilk olaraq, böyük türkçülərdən İsmayıl bəy Qaspıralının və «Türk dərnə­yi» üzvlərinin mühüm rolu olmuşdur.

1910-cu illərdən etibarən əsasən, Azərbaycanda (Gəncədə) yaşayan N.Yusifbəyli etnik-milli türkçülüyün əsas dava adamlarından biri olmuşdu. Məhz bunun nəticəsidir ki, 1917-ci ilin martında yaranan «Türk ədəmi-mərkəziyyət» partiyasının lideri kimi N.Yusifbəyli Rusiyanı federativ şəkildə görmüş, bu federasiya çərçivəsində isə Azərbaycanın muxtariyyətini tələb etmişdir (1, s.179). Bu faktordan çıxış edərək M.Ə.Rəsulzadə mühacirət dövründə yazırdı ki, N.Yusifbəylinin Azərbaycan istiqlalı hərəkatındakı rolu yalnız maarif naziri və baş nazir olmaqla kifayətlənməmişdir: «Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi  mövqelərdən çox əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də «Türk ədəmi mərkəziyyət xalq firqəsi» namıyla təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlayır. Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir» (1, s.174). M.Ə.Rəsulzadə daha sonra qeyd edir ki, əslində Azərbaycan milli ideyası onların tanışlığının ilk illərindən (1914-1915-ci illər) hər ikisində yaranmışdı: «Bu dostluğu bu qədər mətin bağlarla bir görüşmədə bağlayan şey, şübhəsiz, müştərək bir qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz idi. Bu ruhi-müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə maddəsinin yazılmasını təlqin etdiyi bir zamanlarda, mənə də Bakıda «Açıq söz» qəzetəsinə eyni tezisi müdafiə edən bir baş məqalə yazdırmışdı» (1, s.174).

Qeyd edək ki, Nəsib bəy 1917-ci il aprelində Bakıda keçirilən Qafqaz Müsəlmanlarının 1-ci qurultayında «kim dava edə bilər ki, biz kəndini (özünü – F.Ə.) idarəyə səlahiyyətdar bir millət deyilik!» demişdir. Beləliklə, Rəsulzadənin də yazdığı kimi, o bu qurultayda milliyyətçilik (Azərbaycan türkçülüyü), türkçülük, xalqçılıq və modernləşmə (yeniləşmə) prinsiplərini müdafiə etmişdi. Hətta, bununla kifayətlən­məyərək, eyni prinsiplərlə çıxış edən iki partiyanın birləş­məsinə təşəbbüs göstərmiş və həmən bunun tətbiqini istəmişdi. Rəsulzadə yazır: «Bir tərəfdən Nəsib bəy, digər tərəfdən də M.Ə.Rəsulzadə ilə A.Kazımzadə tərəfindən təmsil olunan Gəncə və Bakı milliyyətçi Azərbaycan istiqlalçılıq hərəkatında çox mühüm əsərləri sonradan meydana çıxan bu ittihadın hüsulunda Nəsib bəyin zəka və səmimiyyətinin qəti rol oynadığını burada təsdiq etməliyəm» (1, s.175).

Azərbaycan Cümhuriyyətinin qurulmasında mühüm işlər görmüş Nəsib bəy bu dövrdə istər maarif naziri, istərsə də baş nazir kimi bəyan edirdi ki, Azərbaycan türklərinin yeganə ideyası Azərbaycanın milli istiqlalıdır. Bu mənada Azərbaycanın Türkiyəyə, yaxud da Rusiyaya birləşməsini tələb edən «ittihadçılar»a, bolşeviklərə ümumiyyətlə, istənilən «ihaqçılar»a qarşı çıxan Yusifbəyli öncə osmanlıpərəstləri tənqid etmişdir. Belə ki, Cümhuriyyətin bəyan olunmasından sonra, ilk dövrlərdə müəyyən təsir qüvvəsinə malik olan osmanlıpərəst «ilhaqçılar»ın milli istiqlala qarşı yönəlmiş ideyalarına cavab olaraq Yusifbəyli deyirdi ki, onlara müəyyən obyektiv səbəblərə görə güzəştlər getmək olar. Ancaq bu güzəştlər Azərbaycanın milli istiqlalına xətər yetirməməlidir.

N.Yusifbəylinin fikrincə, bu dövrdə Azərbaycan türkçülüyü ideyasının, milli istiqlalın tamamilə ziddinə olan əsas qüvvə isə bolşevizm və bolşeviklər olmuşdur. «Bolşevizm bizim üçün bir təhlükədir, bəlkə də daha böyük təhlükədir» (2, s.67) deyən, Nəsib bəy daha sonra qeyd edirdi: «Əgər bu saat mənə desələr ki, səni tanıyıb və istiqlalını təsdiq edirəm, mən sabah burada bir bolşevik qoymaram. Çünki bolşeviklərin təhlükəsini biz öz istiqlalımız ilə ölçürük. Biz hürriyyəti-vicdan tərəfdarıyıq» (2, s.68). N.Yusifbəyli bildirirdi ki, milli istiqlalçı kimi bütün qüvvələrə bir nəzər ilə baxır: «Mənim tutduğum nə bolşevik, nə də menşevikdir. Mən yalnız vətənimizin, istiqalliyyətimizin düşmənlərini tuturam. Onlar öylə adamlardır ki, hər zaman fikirləri bizim hüququmuza və istiqlalımıza təcavüz etməkdir və yaxud idarə tərzimizi dəyişmək üçün çalışmaqdır. Bunlar bizim düşmənlərimizdir» (2, s.69). Bütün bunları nəzərə alaraq Rəsulzadə yazırdı ki, ümumilikdə, Nəsib bəy xalqçı, idealist, millətpərvər, demokrat və liberal bir şəxsiyyət olmuşdur: «O, milli Azərbaycan demokratiyasının yetişdirdiyi ən tipik müməssil­lərindən biridir. Elə bir müməssil ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun ismilə mərbutdur» (1, s.177).

Fikrimizcə, M.Ə.Rəsulzadənin silahdaşı, məsləkdaşı Nəsib bəy haqqında dedikləri o qədər doğru, dürüst və səmimidir ki, bu deyilənlərə əlavə bir söz demək çox çətindir. Rəsulzadənin Yusifbəyli ilə bağlı dediklərində diqqəti çəkən məqamlardan biri də, Nəsib bəyi milli Azərbaycan ideyasının müəllifi kimi göstərməsidir. Bu onun göstəricidir ki, Rəsulzadə memarı olduğu Azərbaycan Cümhuriyyəti ideyasında Nəsib bəyin rolunu daha üstün verməklə öz ləyaqətinin ucalığını ifadə etmişdir. Başqa sözlə, Rəsulzadənin bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, milli və müstəqil Azərbaycan ideyasının nəzəri-ideoloji müəllifi Rəsulzadə, siyas hədəfçisi isə Nəsib bəy olmuşdur. belə ki, Nəsib bəy Rəsulzadənin nəzəri-ideoloji şəkildə irəli sürdüyü milli və müstəqil Azərbaycan ideyasını siyasi bir tələb kimi ifadə etmişdir. Deməli, Azərbaycan Cümhriyyəti iki böyük liderin nəzəri-ideoloji və siyasi praktiki əməllərinin nəticəsidir. Bu mənada bu iki böyük Azərbaycan Türkünün Azərbaycan Cümhuriyyətinin yaranması və inkişafında göstərdiyi xidmətlər misilsizdir.

Rəsulzadə isə Azərbaycan Türk aydınları arasında ilk dəfə, «ümmətçilik»dən «millətçiliy»ə üz tutaraq milli ideologiyanın təməl prinsiplərini işləyib hazırlamışdır. Çünki 1915-ci ildən işıq üzü görən «Açıq söz» qəzetində ilk dəfə olaraq «müsəl­man», «tatar» əvəzinə «türk» sözünü işlədən, «Biz türkük!» deyən M.Ə.Rəsulzadə bu surətlə «ümmət» və «ümmətçilik» dövrünü rəsmən qapamış, «millət», «türk millətçiliyi» dövrünün başlandığını elan etmişdir. M.B.Məmmədzadə yazır: «Şeyx Cəmaləddin Əfqani kimi, Məhəmməd Əmin bəy də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qurmuşdur» (3, s.52). Ə.Cəfəroğlunun fikrincə də, milli istiqlal məfkurəsinin, milli ideologiyanın intişar tapmasında, «həqiqi milliyyətçiliyin geniş yayılmasında» M.Ə.Rəsulzadə və onun baş redaktoru olduğu «Açıq söz» qəzeti mühüm rol oynamışdır (4, s.151). Belə ki, M.Ə.Rəsulzadənin öndərliyi ilə ilk dəfə, həmin qəzetdə öz əksini tapan ideyalar get-gedə bütün Azərbaycan türklüyünü əhatə etmişdir. Cəfəroğlu yazır: «Onun «Açıq söz» qəzeti ilk dəfə milli cərəyanı ardıcıl və şüurlu sistem halına saldı, milli mövzunun geniş oxucu kütləsi arasında bir ilham mənbəyinə çevrilməsinə imkan yaratdı» (4, s.235).

H.Baykara da hesab edir ki, Qafqaz müsəlmanlarını ümmətçilikdən millətçiliyə yönəldən, onları türkçülük-millətçilik, Azərbaycan milli ideyası ətrafında birləşdirən və «Açıq söz» qəzetində bunu təbliğ edən «Müsavat»ın lideri M.Ə.Rəsulzadə olmuşdur (5, s.186). Baykaranın fikrincə, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalışmış M.Ə.Rəsulzadə 1911-1913-cü illərdə C.Əfqaninin yazılarının təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur: «M.Ə.Rə­sul­zadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir» (5, s.192). H.Baykara onu da əlavə edir ki, Rəsulzadənin lideri olduğu, «Müsavat» və Bitərəf demokratik qrup öncə milli ərazi və milli muxtariyyət tərəfdarı olsalar da, 1-ci və 2-ci rus inqilablarının gedişi, Qafqaz hadi­sə­ləri onları özlərinin öncədən «uzaq məqsəd» olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı yoluna sürükləmişdi (5, s.133).

Qeyd edək ki, 1910-cu illərdə qələmə aldığı yazılarında, xüsusilə «Milli dirilik» (1914) başlıqlı sislilə məqalələrində artıq M.Ə.Rəsulzadə milli ideyanın, milli ideologiyanın ya­ran­masının zəruriliyndən bəhs edirdi. O göstərirdi ki, yalnız cəmiyyətin intellektual qismi milli ideyanın yaradıcısı və təbliğatçısı ola bilər: «Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir və təyin edilən, başqa sözlə desək, hazırlanan millli əməllər layihəsi  xalqın düşünüb də hiss və arzu etdiklərinə uyğun gələrsə, sürətli bir şəkildə xalq arasında yayılar və çoxlu tərəfdarlar qazanar» (6, s.471). Milli ideyanı əsaslandırmaq üçün Rəsulzadə ilk növbədə, ümmət, milliyyət, millət və xalq məfhumlanını izah etməyə çalışmışdır. «Açıq söz» qəzetinin ilk sayında nəşr olunan «Tutacağımız yol» (1915) məqaləsində isə, Rəsulzadə ilk dəfə Azərbaycan milli ideyasının başlıca prinsiplərini göstərmişdir. Onun fikrincə, milli ideyanın əsas idealı milliyyətdir ki, 20-ci əsrdə milliyyət əsri olduğuna görə, Azərbaycan türkləri də milliyyət mərhələsini keçib millət olaraq meydana çıxmalıdır. Bu baxımdan 1-ci dünya müharibəsi nəticəsində dünyanın xəritəsinin dəyişməsinin labüd olduğunu qeyd edən Rəsulzadəyə görə, dünya xəritəsinin alacağı yeni şəkilə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər, aşkar və qətiyyətlə peyda olmuş milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır (7, s.171).

Beləliklə, həmin dövrdə türkçülükdən Azərbaycan milli ideyası – azərbaycançılıq yaranmış, onun nüvəsində də Azərbaycan türkləri başda olmaqla, bütün azərbaycanlılar durmuşdur. «Azərbaycan», «azərbaycanlılar» anlayışları yal­nız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğra­fi» yaxud da coğrafi məkan, vilayət, əya­lət anlamlarından kənara çıxaraq siyasi-ideo­loji mənada milli ideologiya səviyyəsinə qədər yüksəl­mişdir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

  1. Qəhrəmanlı Nazif. Nəsib bəy nümunəsi. Bakı, «Nurlan», 2008, 263 s.
  2. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqraifk hesabatlar). II c. Bakı, «Azərbaycan» nəşriyyatı, 1998. – 992 səh.
  3. Məmmədzadə M. B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992, 246 s.
  4. Cəfəroğlu Əhməd. Seçilmiş əsərləri. Bakı: Mütərcim, 2008. - 408 səh
  5. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi.Bakı: Azərnəşr,1992,276 s.
  6. Rəsulzadə M.Ə. Əsərləri (1909-1914). II c., II cilddə, Bakı: Şirvannəşr, 2001, 528 s.
  7. Rəsulzadə M.Ə. Əsərləri (1915-1916). III cild, Bakı, «Elm», 2012, 596 s.

    Faiq Qəzənfər oğlu Ələkbərli,

    fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,

    AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi

    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

    https://orcid.org/0000-0002-8865-568X

 Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycançılıq ideologiyası: təşəkkül tapması, tarixi inkişaf mərhələləri, istiqamətləri” adlı layihəsi çərçivəsində çap olunur.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN