Cəlilabad rayonunun Musalı kənd orta məktəbinin qəzalı olması ilə əlaqədar müəllimin evində şagirdləri üçün dərs təşkil etməsi neçə gündür sosial medianın gündəmindədir.

Belə ki, rayonun Musalı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aidə Quliyeva iki sinfin şagirdlərinin tədrisi üçün öz evində şərait yaradıb. Ciddi müzakirələrə səbəb olan bu olaya səbəb isə bir müddət əvvəl yağan güclü qarın qəzalı vəziyyətdə olan məktəbin inzibati binasının bir hissəsini uçurması olub. Eyni zamanda, Zəhmətabad kənd orta məktəbində də yer çatışmazlığı yarandığı üçün müəllim hər iki sinfin şagirdlərinin tədrisini öz öhdəsinə götürməli olub. Tamamilə yararsız hala düşən məktəbdə tədrisin həyata keçirilməsi mümkün olmadığından şagirdlər qonşu Zəhmətabad kəndinin məktəbinə köçürülmüşdü.

Zəhmətabad kənd orta məktəbində isə yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində, ibtidai sinif müəlliminin evində təşkil edilib.

Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirilib ki, məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb: "19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün 28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Lakin həmin məktəbdə yer çatışmazlığı olduğundan iki sinfin şagirdlərinin təhsilini davam etmələri Musalı kənd orta məktəbinin ibtidai sinif müəlliminin evində şərait yaradılıb".

Bəs görəsən, paytaxtdan uzaq kəndlərdə məktəblərin vəziyyəti ilə bağlı reydlər keçirilirmi? Bu barədə açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, 2005-ci ildən bəri Heydər Əliyev Fondunun rəhbərliyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəblər tikilir, əsaslı təmir olunur. Mən özüm dağ rayonlarının birinin ən ucqar kəndində anadan olmuşam. Bizim dağ kəndlərinin əksəriyyətində Heydər Əliyev Fondu və Təhsil Nazirliyi ortalama 50-60 məktəb tikib, amma hələ tikilməmiş məktəblər də var ki, bunlar da planlı şəkildə həyata keçirilir”.

Ekspert hesab edir ki, reydlər Təhsil Nazirliyinin Təminat və Təchizat İdarəsi tərəfindən həyata keçirilməlidir: “Nəticədə, qərar verilməlidir, hansı məktəblər qəzalıdır, hansı yox. Məsələn, Cəlilabad rayonu Musalı kəndində müəllim evdə dərs keçməsi ilə bağlı paylaşım etmişdi. O məktəbin bir korpusu tikilib, lakin görünən odur ki, yetərli olmayıb. İlk növbədə, bununla bağlı, icma – valideynlər müraciət etməlidir Təhsil Nazirliyinə, ölkə rəhbərliyinə ki, daha çox qəzalı vəziyyətdə olduğu üçün diqqət həmin məktəblərə yönəlsin”.

Elşən Qafarov məktəblərin təmirinin dövlət büdcəsində nəzərdə tutulan, planlı məsələlər olduğunu vurğulayıb: “2025-ci ilə kimi Azərbaycanda təmir olunmayan və ya tikilməyən məktəb qalmayacaq. Təsəvvür edin, son 17 ildə 3800-ə yaxın məktəb ya tikilib ya da yenidən təmir edilib. Nəzərə alsaq ki, bizim 4432 məktəbimizin xeyli hissəsi də azad olunmuş ərazilərdə tikilməsi planlanır. Hər halda 200-300-yə yaxın məktəb hələ də qəzalı şəkildə qalır”.

Təhsil eksperti hesab edir ki, bu məsələdə əsas vəzifə valideynlərə düşür: “Belə məsələləri valideynlər kütləvi vasitələrlə ictimailəşdirməli, Təhsil Nazirliyinə, ölkə rəhbərliyinə, Nazirləri Kabinetinə müraciət etməlidir. Əgər belə məktəblərin tikilməsini önə sürsələr, o zaman bu məktəblətin tikintisi tezləşər”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN