Unudulmaz müğənni Leyla Şərifovanın bilmədiyimiz həyat hekayəsi...

Qədim bir xalq mahnısından götürülmüş bu sətirlər ruhumuza  çiləndikcə, səhər mehi kimi  bizi xumarlandırır və istər-istəməz ötən illərə aparır, önümüzdə  həmin  illərin musiqisinin həzin bir mənzərəsi  canlanır... İllərin o tayında qalan, sehri ilə qəlbimizi  ovsunlayan nə qədər xatirələr var. Bu xatirələrlə təmas  yaratdıqca,  istəklərimiz qanadlanır, duyğularımız  könlümüzə rahatlıq verən musiqi ilə sehirlənir.  Elə xatirələrə dönən Tacikistan və Azərbaycanın xalq artisti Leyla xanım Şərifovanın yaddaşlarda muncuqlanan ifası kimi. Gözəl səsi ilə dinləyicilərini heyran edən Leyla xanımı çətin ki, unudanlar tapılsın. Bu səsdəki  təbiilik  və şirinlik insanın qəlbinə asanca yol tapır, səsindəki ecaz isə adamı özünə bağlayır. Onun ifasında səslənən mahnılar,anki dinləyicinin əlindən  tutur, vətənin allı-güllü gözəlliklərinin seyrinə çıxarır… Dinlədikcə sehrli səsi ilə içimizə işıq tutan Leyla xanım, hər yeni ifası ilə, həm də dünyamızı bir az nağıllaşdırır...

***

Leyla xanım haqqında  məlumat  əldə etmək üçün bəzi mətbuat səhifələrini aradım, illər əvvəl xatirələrə hopmuş yaddaşlara boylandım. Aytən Zəhranın "Bakının məşhur qonaqları: Xalq artisti  Leyla Şərifovanın Bakıya sirli gəlişi, həmişəlik gedişi" (21 fevral 2016-cı il) adlı  yazısı ilə rastlaşdım. Yazıda müğənni  haqqında xeyli məlumat verilir. Bütün  bunlara  baxmayaraq, ötən illərin yaddaşını qurdalamaq, onun ifasında  fərqlilik qazanan bəstəkar və xalq mahnılarını yenidən  xatırlamaq  istədim.

 Leyla xanımın ifa tərzinə vurğunluğun ilk dəfə şahidi Respublika Klinik Xəstəxanasının urologiya şöbəsində  oldum. Tələbəlik illərində təsadüfən yolum buraya düşmüşdü. Kabinetlərin birində əyləşən bir neçə həkim müğənninin ifa məharəti və  xoş xasiyyəti haqqında maraqlı  söhbət edirdilər. Söhbətlərindən hiss olunurdu ki, həkimlərlə Leyla xanımın arasında bir dostluq əlaqəsi mövcuddur. Deyilənə görə, Leyla xanımın həyat yoldaşı da ixtisasca həkim olub.

 Bu təsadüfdən  müəyyən vaxt ötdü. Günlərin birində,  o vaxtlar Moskvada dərc olunan "Yunost" jurnalını vərəqləyərkən,  bir zamanlar Əfqanıstanda xidmətdə olan sovet zabitinin qeydlərinə rast gəldim. Onun qeydlərindən öyrəndim ki, həyat yoldaşı ilə birlikdə Əfqanıstandan geri dönərkən (güman ki, bu hadisə sovet qoşunlarının Əfqanıstana daxil olmasından xeyli əvvələ təsadüf edir) küçədə ayaqyalın və başıaçıq bir qız uşağına rast gəlirlər. Onu özləri ilə götürüb SSRİ-yə gətirməyə  qərar verirlər. Zabit yazırdı ki, uzun müddət ayaqyalın  gəzdiyinə  görə bu qızın ayağına ayaqqabı geyindirə bilmədik.

 Daha sonra yazırdı ki, biz onu Tacikistanda uşaq evlərindən birinə verdik. Adını, familyasını qeyd etmədikləri həmin qızın sonralar məşhur müğənni olduğunu da  yazmışdı. Bəlkə də elə  həmin qız sonralar Tacikstanın və Azərbaycanın  xalq artisti kimi tanıdığımız Leyla xanım Şərifovadır? Həyat yoldaşı kimi bir əfqanı seçməsi, həm də Tacikistanda və Azərbaycanda  onun heç  bir qohumunun olmaması da  müəyyən qədər fikrimizə  yardımçı olur. Fars və tacik dillərində  səlis danışması və  oxuması da bundan irəli gələ bilərdi...

***

 Leyla xanım  1978-ci ildə  Bakıya gəldikdən sonra  məşhur Azərbaycan müğənnisi Münəvvər xanım Kələntərlinin himayəsinə sığınır. Münəvvər xanım  Leyla xanımın Bakıda  yaşamasına, onun musiqi aləmində tanınmasına dəstək olur. "Dan ulduzu"  instrumental ansamblın rəhbəri Gülarə xanım Əliyevanın  da  bu qızın istedadının parlamasında  böyük qayğısı var. Bir-birindən gözəl ifaları onunla Flora xanım arasında da dostluq yaradır. Sonralar öz xatirələrində  Leyla xanım Flora Kərimovanın  çox dürüst və  dostluqda  sədaqətli olduğunu qeyd edir. Əlbəttə, istedadlı adamlar heç vaxt paxıl olmur. Elə Flora xanımın mənən böyüklüyü  istedadlı olmasından irəli gəlirdi. Adətən, istedadsızlar paxıl olur, başqasının, uğurlarına  sevinmirlər. O zamanlar Leyla xanımın ifasından narahat olan, ona qarşı düşmən kəsilənlər də var idi. Bütün bunlara baxmayaraq, ifaları ilə könülləri fəth edən  Leyla xanım, az çəkmir ki, Azərbaycanın da xalq artisti adına layiq görülür.

***

 Leyla xanım oxuduğu mahnıları, daha çox  "Dan ulduzu" instrumental  və “Xatirə” xalq çalğı alətləri ansambllarının  müşaiəti ilə  ifa edib. Bu əvəzsiz sənətkarın gözəl mahnıları seçmək, istedadlı bəstəkarlarla işləmək bacarığının olmasına da şahid oluruq. Xalq mahnıları ilə yanaşı, onun dövrünün istedadlı bəstəçiləri ilə əlaqə qurması, onların bəstələdiyi mahnıları ifa etməsi, sadəcə, bənzərsiz müğənni olmasına, sevilməsinə  gətirib çıxarıb. Azərbaycanın və Dağıstanın  xalq artisti Elza xanım İbrahimova kimi  təkrarsız  bəstəçinin mahnıları onun ifasında xüsusi yer tutur. Sovet ideologiyasına uyğun gəlməyən yaradıcılığı ilə seçilən Elza xanım İbrahimovanın yaradıcılığı Leyla xanımı daha çox cəlb edirdi. Azərbaycan estradasına tanqo ritmini gətirən, bu janrın imkanlarından bəhrələnib,  gözəl mahnılar bəstələyən Elza xanım İbrahimova da, görünür, Leyla xanımın ifaçılığına vurğun olub. Leyla Şərifovanın ifa etdiyi, sevə-sevə dinlədiyimiz "Mehribanım", "Bu bağçadan keçmisən" kimi   gözəl mahnılar Elza xanıma məxsusdur. Leyla xanımın repertuarında digər Azərbaycan bəstəçilərinin  də mahnıları var.

 Leyla xanım Şərifova Bakını 1988-ci ildə tərk edib, Almaniyaya gedib. Deyilənə görə, həyat yoldaşının işi ilə bağlı olub. Onun ərə getdiyi adamın İrandan olduğu deyilir. Ancaq biz Leyla xanımın həyat yoldaşının əfqan olduğunu hiss edirik. İxtisasca həkim olan həyat yoldaşını Almaniyaya aparan da, elə ixtisası olub. Leyla xanımın Almaniyada qızı ilə birlikdə yaşadığı deyilir. Dəfələrlə Azərbaycandan dəvət etdiyi musiqiçilərlə birlikdə orda konsertlər verdiyi də söylənilir.

Leyla xanımın həyat və yaradıcılığını kiçik bir yazıya sığışdırmaq çətindir. Onun haqqında bu kiçik yazını hazırlamaq istəyimiz bu gözəl sənətkarın Respublikamızda unudulması oldu. Gərəksiz ifaları ilə əttökən  müğənniciyəzləri ekranlardan, radio dalğalarından təkrar-təkrar dinləyici və tamaşaçıya sırıyan radio  və televiziya kanalları, görəsən, xalqın sevdiyi məşhur sənətkarları niyə arxivə ötürürər? Azərbaycanın sənət aləminin korifeyləri Əbülfət Əliyev, Fatma Mehrəliyeva, Rübabə Muradova, Sabir Mirzəyev və onlarca digərləri, niyə, nə üçün yada salınmır? Təkrarsız səsləri ilə  könülləri fəth edən sənətkarlara, məgər belə hörmət olar?

Şərqin bülbülü adlandırılan Leyla  xanım Şərifovanın ifa etdiyi mahnıların  çoxu, nə yaxşı ki, professor Vamiq Məmmədəliyevin videotekasında  toplanıb. "Yeri, dam üstə yeri", "Ay bülbüllər", "Vəsməni neylərsən", "Şərili", "Söz  olmasaydı" və digər  adlarını çəkmədiyimiz onlarla  xalq mahnıları, həmçinin türk, tacik, fars, gürcü dillərində oxuduğu  bir-birindən gözəl mahnılar musiqisevərlərin yaddaşında əbədiyaşar bir taxt qurub. Yüz il sonra da  heyranlarını itirməyəcək bir taxt!

O səsləri xalqın  üzünə bağlamaq yox, xalqa  çatdırmaq bir millət kimi borcumuzdur!

Ədalət  TEYMUROV

("Təzadlar"ın xüsusi müxbiri)


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA