Unudulmaz müğənni Leyla Şərifovanın bilmədiyimiz həyat hekayəsi...
Qədim bir xalq mahnısından götürülmüş bu sətirlər ruhumuza çiləndikcə, səhər mehi kimi bizi xumarlandırır və istər-istəməz ötən illərə aparır, önümüzdə həmin illərin musiqisinin həzin bir mənzərəsi canlanır... İllərin o tayında qalan, sehri ilə qəlbimizi ovsunlayan nə qədər xatirələr var. Bu xatirələrlə təmas yaratdıqca, istəklərimiz qanadlanır, duyğularımız könlümüzə rahatlıq verən musiqi ilə sehirlənir. Elə xatirələrə dönən Tacikistan və Azərbaycanın xalq artisti Leyla xanım Şərifovanın yaddaşlarda muncuqlanan ifası kimi. Gözəl səsi ilə dinləyicilərini heyran edən Leyla xanımı çətin ki, unudanlar tapılsın. Bu səsdəki təbiilik və şirinlik insanın qəlbinə asanca yol tapır, səsindəki ecaz isə adamı özünə bağlayır. Onun ifasında səslənən mahnılar,anki dinləyicinin əlindən tutur, vətənin allı-güllü gözəlliklərinin seyrinə çıxarır… Dinlədikcə sehrli səsi ilə içimizə işıq tutan Leyla xanım, hər yeni ifası ilə, həm də dünyamızı bir az nağıllaşdırır...
***
Leyla xanım haqqında məlumat əldə etmək üçün bəzi mətbuat səhifələrini aradım, illər əvvəl xatirələrə hopmuş yaddaşlara boylandım. Aytən Zəhranın "Bakının məşhur qonaqları: Xalq artisti Leyla Şərifovanın Bakıya sirli gəlişi, həmişəlik gedişi" (21 fevral 2016-cı il) adlı yazısı ilə rastlaşdım. Yazıda müğənni haqqında xeyli məlumat verilir. Bütün bunlara baxmayaraq, ötən illərin yaddaşını qurdalamaq, onun ifasında fərqlilik qazanan bəstəkar və xalq mahnılarını yenidən xatırlamaq istədim.
Leyla xanımın ifa tərzinə vurğunluğun ilk dəfə şahidi Respublika Klinik Xəstəxanasının urologiya şöbəsində oldum. Tələbəlik illərində təsadüfən yolum buraya düşmüşdü. Kabinetlərin birində əyləşən bir neçə həkim müğənninin ifa məharəti və xoş xasiyyəti haqqında maraqlı söhbət edirdilər. Söhbətlərindən hiss olunurdu ki, həkimlərlə Leyla xanımın arasında bir dostluq əlaqəsi mövcuddur. Deyilənə görə, Leyla xanımın həyat yoldaşı da ixtisasca həkim olub.
Bu təsadüfdən müəyyən vaxt ötdü. Günlərin birində, o vaxtlar Moskvada dərc olunan "Yunost" jurnalını vərəqləyərkən, bir zamanlar Əfqanıstanda xidmətdə olan sovet zabitinin qeydlərinə rast gəldim. Onun qeydlərindən öyrəndim ki, həyat yoldaşı ilə birlikdə Əfqanıstandan geri dönərkən (güman ki, bu hadisə sovet qoşunlarının Əfqanıstana daxil olmasından xeyli əvvələ təsadüf edir) küçədə ayaqyalın və başıaçıq bir qız uşağına rast gəlirlər. Onu özləri ilə götürüb SSRİ-yə gətirməyə qərar verirlər. Zabit yazırdı ki, uzun müddət ayaqyalın gəzdiyinə görə bu qızın ayağına ayaqqabı geyindirə bilmədik.
Daha sonra yazırdı ki, biz onu Tacikistanda uşaq evlərindən birinə verdik. Adını, familyasını qeyd etmədikləri həmin qızın sonralar məşhur müğənni olduğunu da yazmışdı. Bəlkə də elə həmin qız sonralar Tacikstanın və Azərbaycanın xalq artisti kimi tanıdığımız Leyla xanım Şərifovadır? Həyat yoldaşı kimi bir əfqanı seçməsi, həm də Tacikistanda və Azərbaycanda onun heç bir qohumunun olmaması da müəyyən qədər fikrimizə yardımçı olur. Fars və tacik dillərində səlis danışması və oxuması da bundan irəli gələ bilərdi...
***
Leyla xanım 1978-ci ildə Bakıya gəldikdən sonra məşhur Azərbaycan müğənnisi Münəvvər xanım Kələntərlinin himayəsinə sığınır. Münəvvər xanım Leyla xanımın Bakıda yaşamasına, onun musiqi aləmində tanınmasına dəstək olur. "Dan ulduzu" instrumental ansamblın rəhbəri Gülarə xanım Əliyevanın da bu qızın istedadının parlamasında böyük qayğısı var. Bir-birindən gözəl ifaları onunla Flora xanım arasında da dostluq yaradır. Sonralar öz xatirələrində Leyla xanım Flora Kərimovanın çox dürüst və dostluqda sədaqətli olduğunu qeyd edir. Əlbəttə, istedadlı adamlar heç vaxt paxıl olmur. Elə Flora xanımın mənən böyüklüyü istedadlı olmasından irəli gəlirdi. Adətən, istedadsızlar paxıl olur, başqasının, uğurlarına sevinmirlər. O zamanlar Leyla xanımın ifasından narahat olan, ona qarşı düşmən kəsilənlər də var idi. Bütün bunlara baxmayaraq, ifaları ilə könülləri fəth edən Leyla xanım, az çəkmir ki, Azərbaycanın da xalq artisti adına layiq görülür.
***
Leyla xanım oxuduğu mahnıları, daha çox "Dan ulduzu" instrumental və “Xatirə” xalq çalğı alətləri ansambllarının müşaiəti ilə ifa edib. Bu əvəzsiz sənətkarın gözəl mahnıları seçmək, istedadlı bəstəkarlarla işləmək bacarığının olmasına da şahid oluruq. Xalq mahnıları ilə yanaşı, onun dövrünün istedadlı bəstəçiləri ilə əlaqə qurması, onların bəstələdiyi mahnıları ifa etməsi, sadəcə, bənzərsiz müğənni olmasına, sevilməsinə gətirib çıxarıb. Azərbaycanın və Dağıstanın xalq artisti Elza xanım İbrahimova kimi təkrarsız bəstəçinin mahnıları onun ifasında xüsusi yer tutur. Sovet ideologiyasına uyğun gəlməyən yaradıcılığı ilə seçilən Elza xanım İbrahimovanın yaradıcılığı Leyla xanımı daha çox cəlb edirdi. Azərbaycan estradasına tanqo ritmini gətirən, bu janrın imkanlarından bəhrələnib, gözəl mahnılar bəstələyən Elza xanım İbrahimova da, görünür, Leyla xanımın ifaçılığına vurğun olub. Leyla Şərifovanın ifa etdiyi, sevə-sevə dinlədiyimiz "Mehribanım", "Bu bağçadan keçmisən" kimi gözəl mahnılar Elza xanıma məxsusdur. Leyla xanımın repertuarında digər Azərbaycan bəstəçilərinin də mahnıları var.
Leyla xanım Şərifova Bakını 1988-ci ildə tərk edib, Almaniyaya gedib. Deyilənə görə, həyat yoldaşının işi ilə bağlı olub. Onun ərə getdiyi adamın İrandan olduğu deyilir. Ancaq biz Leyla xanımın həyat yoldaşının əfqan olduğunu hiss edirik. İxtisasca həkim olan həyat yoldaşını Almaniyaya aparan da, elə ixtisası olub. Leyla xanımın Almaniyada qızı ilə birlikdə yaşadığı deyilir. Dəfələrlə Azərbaycandan dəvət etdiyi musiqiçilərlə birlikdə orda konsertlər verdiyi də söylənilir.
Leyla xanımın həyat və yaradıcılığını kiçik bir yazıya sığışdırmaq çətindir. Onun haqqında bu kiçik yazını hazırlamaq istəyimiz bu gözəl sənətkarın Respublikamızda unudulması oldu. Gərəksiz ifaları ilə əttökən müğənniciyəzləri ekranlardan, radio dalğalarından təkrar-təkrar dinləyici və tamaşaçıya sırıyan radio və televiziya kanalları, görəsən, xalqın sevdiyi məşhur sənətkarları niyə arxivə ötürürər? Azərbaycanın sənət aləminin korifeyləri Əbülfət Əliyev, Fatma Mehrəliyeva, Rübabə Muradova, Sabir Mirzəyev və onlarca digərləri, niyə, nə üçün yada salınmır? Təkrarsız səsləri ilə könülləri fəth edən sənətkarlara, məgər belə hörmət olar?
Şərqin bülbülü adlandırılan Leyla xanım Şərifovanın ifa etdiyi mahnıların çoxu, nə yaxşı ki, professor Vamiq Məmmədəliyevin videotekasında toplanıb. "Yeri, dam üstə yeri", "Ay bülbüllər", "Vəsməni neylərsən", "Şərili", "Söz olmasaydı" və digər adlarını çəkmədiyimiz onlarla xalq mahnıları, həmçinin türk, tacik, fars, gürcü dillərində oxuduğu bir-birindən gözəl mahnılar musiqisevərlərin yaddaşında əbədiyaşar bir taxt qurub. Yüz il sonra da heyranlarını itirməyəcək bir taxt!
O səsləri xalqın üzünə bağlamaq yox, xalqa çatdırmaq bir millət kimi borcumuzdur!
Ədalət TEYMUROV
("Təzadlar"ın xüsusi müxbiri)