booked.netbooked.net booked.net  

Razi Nurullayev: “Mən sübut etməyə çalışacam ki, o qaydalar şəffaflıq və dürüstlüyə deyil, əslində lap acınacaqlı durumda olan kasıbın yardımdan məhrum olunmasına xidmət edir...”

***

Ünvanlı dövət sosial yardımı kasıblar üçündür. O kasıblar ki, kənardan kömək olmasa acından ölər.

 Bu sözləri 79 saylı İmişli seçki dairəsində deputat seçilmiş Razi Nurullayev daha bir ağır vəziyyətdə yaşayan və sosial yardımdan məhrum olan seçicisi ilə görüşünü ictimailəşdirərkən qeyd edib.

O, həmin ailənin ağır durumunu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlara olan münasibətini gördükdən sonra belə qənaətə gəlib ki, doğrudan da qanunvericilikdə ciddi boşluqlar var.

“Əgər onlar  (kasıblar - red) bunu ala bilmirsə, demək ki, ciddi problemlər və qanunvericilik sahəsində ciddi boşluqlar var. Bu boşluqları isə onlar şəffaflıq sayır. Mən isə sübut etməyə çalışacam ki, o qaydalar şəffaflıq və dürüstlüyə deyil, əslində lap acınacaqlı durumda olan kasıbın yardımdan məhrum olunmasına xidmət edir. Amma, pis-yaxşı imkanı olanlar isə sosial yardımı daha asanlıqla ala bilir. Bu araşdırmamı isə təkliflərimlə bərabər tribunadan səsləndirəcəm”, -deyə vurğulayıb.

 O, barəsində bəhs etdiyi qadının Nuriyeva Günel Saleh qızı olduğunu və Cəlilabadın Fətullahqışlaq kəndindən İmişli şəhərinə gəlin gəldiyini açıqlayıb:

“Boşanıb və dörd uşaq böyüdür. Çox acınacaqlı bir vəziyyətdə yaşayır. Günel balaca olan zaman atası anası ilə boşanıb və ailəsinə baxmayıb. Anası da Günel uşaq ikən rəhmətə gedib. Özünün də bəxti yaxşı olmayıb və zülmlə dörd övladı böyüdür. Qayınatası və qayınanası sağ olsun ki, Günelə torpaq verib və bir gecəqondu tikməyə kömək ediblər. Günel də onlardan razıdır, keçmiş həyat yoldaşının valideynləri də kasıbdırlar.

Günel deyir ki, azı 10 dəfə ünvanlı sosial yardım üçün müraciət edib, nazirliyin vəzifəli şəxsləri ilə görüşüb və söz veriblər ki, düzələcək”, - deyib.

Razi Nurullayev sonda diqqətə çatdırıb ki, o, həmin ailəni ziyarət edəndən sonra əlaqədar qurumun əməkdaşları Günelə sosial yardım kartını təqdim ediblər.

“Bu ziyarətimi ona görə ictimailəşdirmək istədim ki, ünvanlı sosial yardım sahəsində olan çox ciddi boşluqları göstərim və aidiyyatı şəxs və idarələri məsuliyyətli olmağa səsləyim”, - deyə o bir daha əlaqədar qurumlara mesaj göndərib.

 ...Əlbəttə, Razi Nurullayev kimi deputatların seçicilərinin problemlərinə diqqət göstərməsi, məzlumun haqqını qoruması, həmçinin onlara tək olmadıqlarını, dövlətin hər zaman yanlarında olmasını hiss etdirməsi və nəhayət, ədalətsizliyin aradan qaldırılmasına nail olması çox gözəldir. Alqışlanasıdır. Biz bunu illərlə kreslosuna yapışıb qalan, “ağzına su alıb” oturan, seçicilərin üzünü görüb tanımadığı bir çox deputatlardan da gözləyirik. Bu deputatların adları hamıya məlumdur…

Lakin yuxarıda qeyd edilən məsələdə qəribə olan odur ki, əhalinin sosial müdafiəsi ilə məşğul olmalı olan qurum və onların əməkdaşlarının əvəzinə deputat Razi Nurullayev belə ailələri axtarıb tapır və problemləri ilə məşğul olur.

Və deputat işə qarışdıqdan sonra belə məsələlər həllini tapır…

Əlavə şərhə ehtiyac varmı?..

JASMIN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN