Vəkil Arzu Cavadov: “Qəzetinizin obyektivliyinə rəğmən, inanırıq ki, Hüseyn Səfərov və digərləri kimi, bizim də mövqeyimizi dərc edəcəksiniz...”

Xəbər verildiyi kimi, artıq bir müddətdir ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

“İttiham Aktı”na görə, ortada çoxsaylı  zərəçəkmiş sahibkarlar var. Onlar aşağıdakılardır: Səfərov Hüseyn Nəriman oğlu, Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı (32 nəfər). 

Onu da qeyd edək ki, 2016-cı ildə “Təzadlar” qəzetində zərərçəkmişlərdən Hüseyn Səfərovun başına gələnlər barədə müsahibəsi dərc edilmişdir. MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevə qarşı sərt ittihamların yer aldığı həmin müsahibənin dərcindən sonra qəzetin baş redaktoru Asif Mərzili Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə dəvət edilmiş, həmin müsahibə ilə bağlı ifadəsi alınmışdır. Qeyd etdiyimiz kimi, məlum cinayət işi üzrə hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam edir. “İttiham Aktı”nda şahid qismində adı keçən baş redaktor Asif Mərzili sonuncu məhkəmə prosesində dindirilmişdir və o, hakimin, eləcə də Mövlam Şıxəliyevin vəkillərinin bəzi suallarına cavab vermişdir. Məhkəmə prosesindən hazırlanmış yazı dərc olunduqdan sonra Mövlam Şıxəliyevin vəkili Arzu Cavadovun adından redaksiyaya elektron məktub daxil oldu. Səmimi yazılmış məktubda deyilir: “Hörmətli redaksiya! Bildiyiniz kimi, mən general Mövlam Şıxəliyevin qanuni vəkiliyəm. Sizin qəzetin əvvəllki illər də daxil, müxtəlif saylarında Mövlam Şıxəliyevə qarşı Hüseyn Səfərovun müsahibə və açıqlamaları dərc edilmişdir. Aparılmış istintaq araşdırmalarında da aydın şəkildə görünür ki, bu ittihamların demək olar heç bir əsası yoxdur. Biz və o cümlədən hüquqlarını müdafiə etdiyim Mövlam Şıxəliyev bütün ittihamları rədd edirik, o, günahsızdır! Odur ki, ən azından “KİV haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından, həmçinin qəzetinizin obyektivliyinə rəğmən, inanırıq ki, Hüseyn Səfərov və digərləri kimi, əks tərəf olaraq bizim də mövqeyimizi dərc edəcəksiniz. Odur ki, Sizə təqdim etdiyim və hüquqlarını müdafiə etdiyim Mövlam Şıxəliyevin sonuncu məhkəmə prosesindəki müdafiə çıxışını (“İttiham Aktı”nda zərərçəkmiş kimi keçən Hüseyn Səfərovun çıxışı mətbuatda dərc edilmişdir) qəzetinizdə dərc edəsiniz”.

Redaksiya həmişə olduğu kimi, bu dəfə də qarşı tərəfin mövqeyinə hörmətini ifadə edərək M.Şıxəliyevin sonuncu məhkəmə prosesindəki müdafiə çıxışını təqdim edirik:

Təqsirləndirilən şəxs Şıxəliyev Mövlam Məmmədismayıl oğlunun Bakı Hərbi Məhkəməsində 16 noyabr 2021-ci il tarixdə verdiyi ifadəsi:

Hörmətli Sədr, hörmətli hakimlər!

Mən 07 oktyabr 1958-ci ildə Azərbaycan Respublikasının Ağdaş rayonunda anadan olmuşam. Azərbaycanlıyam, ali təhsilliyəm. Birinci Qarabağ Vətən müharibəsinin veteranıyam. 2007-ci ildə hüquq elmləri namizədi elmi dərəcəsi üzrə müdafiə etmişəm. 1993-2004-cü illərdə Avropa Şurasının Cinayət Problemləri Komitəsində ekspert kimi Azərbaycan Respublikasını təmsil etmişəm. Ailəliyəm, 3 övladım olub. Onlardan bir qızım 2010-cu ildə 20 yaşında dünyasını dəyişib.

Bildirirəm ki, mənə verilmiş ittihamlar üzrə təqsirim olmadığı üçün özümü təqsirli bilmirəm. Belə ki, ittiham aktı ehtimallar, fərziyyələr və uydurma faktlar əsasında yazılmişdır. Bu ittiham aktı cinayət-prosessual qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60, 63, 127-ci maddələrinin, Avropa İnsan hüquq və əsas azadlıqları haqqında konvensiyasının 5,6-cı maddələrinin, Konstitusiya, Məhkıməsinin 08 yanvar 2020-ci il tarixli Plenumunun Preyudisiya ilə bağlı qərarının, 21 oktyabr 2011-ci il tarixli “hədə-qorxu ilə tələbetmə” cinayətinin şərhi barədə qərarının tələbələrinə zidd olaraq tərtib edilmişdir.

Bildirirəm ki, mənə ittiham verilmiş sübutları saxtalaşdırma (yəni, CM-nin 294-cü maddəsi) tam əsassızdır. Belə ki, mən həmin cinayətin subyekti deyildim. Həmin cinayətin subyektləri maddədə yazıldığı kimi- təhqiqatçı, müstəntiq, prokuror və vəkil ola bilər. Mənə bu ittiham zərərçəkmiş kimi tanınmış Nizami Kazımovun 2008-ci il epizodu üzrə verilib. Guya mən Nizami Kazımovun dələduzluq faktı ilə bağlı barəsində olan cinayət işi üzrə vurulmuş ziyanın ödətdirilməsinə dair saxta ərizələr almışam. Bu tamamilə yalandır. Ərizə almaq üçün həmin ərizəni yazan şəxslə birbaşa təmasda olmaq vacibdir. Mən həmin ərizələrin kimlərdən alınmasında iştirak etməmişəm və hesab etmirəm ki, həmin ərizələr saxtalaşdırılıb. Həmin ərizələrin verilməsi və ya alınması barədə də heç kimə prosessual göstəriş verməmişəm. Əlavə olaraq bildirirəm ki, CM-nin 294-cü maddəsinin cəlbetmə müddəti 7 ildir. Hazırda isə artıq 13 il tamamdır.

Mənə ittiham verilib CM-nin 341-ci maddəsi ilə, yəni hərbçinin vəzifə səlahiyyətlərini aşması, sui-istifadə etməsi ilə bağlı. Bildirirəm ki, mənim vəzifəm MTN-də xidmətkieçmə haqqında əsasnamədə və CPM-nin 85.6-cı maddəsində açıq, aydın şəkildə yazılmışdır:

1. Müstəntiqin bütün səlahiyyətlərindən istifadə etmək, yəni mən cinayət işi başlamaq, icraatıma qəbul edib istintaq aparmaqla, məhkəməyə göndərmək və sair səlahiyyətlərə sahib olmuşam, lakin başqasının icraatında olan cinayət işlərinə prosessual müdaxilə etmək səlahiyyətim olmayıb.

2. CM-nin 85.6.1maddəsi: - törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil etmək, onlara baxılmasını, cinayət işləri üzrə ibtidai istintaqın və ya ayrı- ayrı istintaq hərəkətlərinin aparılmasını müstəntiqə və ya müstəntiqlər qrupuna tapşırmaq.

3. Müstəntiqin cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında tədbirlər görməsinə nəzarəti həyata keçirmək. (Prosessual nəzarəti yox, nəzarəti).

4. CM-nin 85.6.3 maddəsi: - cinayət işləri üzrə hərtərəfli, tam və obyektiv ibtidai istintaq aparılması üçün zəruri təşkilati tədbirlər görmək.

Göründüyü kimi, ibtidai istintaqın prosessual rəhbəri istintaqın rəisi deyil və CPM-nin 84.2.2-ci maddəsinə əsasən prosessual rəhbər Prokurordur.

İstintaq Baş İdarəsinə daxil olmuş sənədlər üzərinə dərkənar yazaraq aidiyyəti üzrə yönəltmək də prosessual müdaxilə deyildir.

Mənə CM-nin 311-ci maddəsi ilə ittiham verilib. Guya istintaqla sübuta yetirilib ki, mən Vüsal Ələkbərovun barəsində olan epizodlar üzrə onun vasitəsi ilə rüşvət almışam. Həmçinin, istinad edilir ki, Vüsal Ələkbərovun barəsində olan hökmün Preyudisial qüvvəsi vardır.

Azərbaycan Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-cii il tarixli Plenum qərarında da qeyd edilib ki, əgər şəxs, əvvəlki işdə təqsirləndirilən şəxs qismində keçməyibsə, onun təqsirsizlik prezumpsiya hüququ, müdafiə hüququ, sübutları təqdim etmə hüquqları qorunmalıdır. Preyudisiya tətbiq edilməsi üçün şəxs hər iki işdə eyni hüququ statusda olmalıdır.

 Bundan əlavə, Preyudisiyanın subyektiv hədləri məhkəmə hökmünün qanuni qüvvəsinin şamil edildiyi şəxslərin dairəsi ilə məhdudlaşır. Məhkəmə hökmünün qanuni qüvvəsi də birinci məhkəmə hökmündə şahid olduğum üçün mənə şamil edilməyib və mən təqsirsiz sayılıram.

Bildirirəm ki, Vüsal Ələkbərovun barəsində olmuş cəlb qərarı və ittiham aktında onun adının qarşısına mənim adım 6 il (altı il) sonra əlavə edilərək, olduğu kimi kompüterdən köçürülməklə mənim barəmdə olan cəlb qərarına və ittiham aktına salınmışdır. Hətta Hüseyn Səfərovun Vüsal Ələkbərova ov silahı və telefon hədiyyə verməsi epizodunu da Vüsal Ələkbərovun həmin epizodu etiraf etməsinə baxmayaraq, yenidən mənə qarşı ittiham verilmişdir. Bu epizod məhkəmənin 2017-ci il tarixli hökmündə də vardır. Bəs nə səbəbə istintaq orqanı bu epizod üzrə sahə daxili Preyudisuyanı nəzərə almamışdır?

Eyni zamanda, MTN-nin 4-cü Baş İdarəsinin rəisi olmuş general-mayor Sübahir Qurbanovun, onun müavini olmuş Füzuli Əliyevin Rauf Həsənov adlı şəxsdən rüşvət almaları barədə mənə də ittiham verilib ki, guya mən onlarla birgə bu cinayətdə iştirak etmişəm.

Həmin cinayət faktı istintaq edilərkən, nəyə görə mənim ifadəm alınmayıb? Kimsə mənimlə bağlı ifadə veribmi? Ümumiyyətlə, mən bu epizod barədə eşitməmişəm, tam saxta ittihamdır. Mənə CM-nin 182-ci maddəsi ilə ittiham verilib və həmin epizodlar üzrə zərərçəkmiş kimi tanınmış şəxslərlə qeyd edilmiş faktlar barədə heç bir görüşüm, söhbətim olmayıb.

Azərbaycan Konstitusiya Məhkəməsinin hədə- qorxu ilə tələb etmə, yəni CM-nin 182-ci maddəsinin şərh edilməsi barədə 21 oktyabr 2011-ci il tarixli Plenum qərarı vardır. Həmin qərarda qeyd edilir ki, hədə-qorxu ilə tələbetmənin bir neçə növü vardır. 1) Güc tətbiqi ilə hədələmə; 2) Özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) Zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud onların hüquqlarına, qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə; - nəzərdə tutulmalıdır.

Göründüyü kimi, istintaq zamanı mənim əməlimdə qeyd edilən bu əlamətlərin heç biri aşkar edilməmişdir.

Həmin epizodlardakı şəxslərlə heç bir görüşüm, söhbətim, tələbim olmamışdır. Bunlar barədə məhkəmə istintaqı zamanı əlavə ifadə verəcəyəm.

 Xüsusi müsadirə ilə əlaqədar olaraq isə, əsassız olaraq üzərinə həbs qoyulmuş əmlaklar barədə vəsatət vermişəm. İstintaq əmlaklarla əlaqədar məni dindirmədən, araşdırma aparmadan 1953-cü ildə babam tərəfindən atama verilmiş Ağdaş rayonunda olan evin, 1995, 1998, 2005, 2006-ci illərdə bağışlanma ilə və ya alqı-satqı yolu ilə əldə edilmiş və ya tikilmiş əmlaklar üzərinə həbs qoymuşdur. Mənə yaxın olan Şıxıyev Ağabala Mirbəkir oğlu istintaqa dəvət edilərək, ifadəsi alınmasına baxmayaraq, həmin ifadə cinayət işinə əlavə edilməmişdir. Belə ki, 1996-cı ildən mənim doğmalarım Türkiyənin Ankara şəhərindən müxtəlif mebel dəstlərinin gətirib Bakı şəhərində Ağabala Şıxıyevə məxsus “Stil Mebel” mağazalarında 2012-ci ilədək satılması ilə məşğul olmuşlar. Bununla əlaqədar müvafiq sənədlər Məhkəməyə Ağabala Şıxıyev tərəfindən təqdim edilmişdir.

Hörmətli sədr, hörmətli hakimlər!

İstintaqın mənə qarşı qərəzli olduğunu sübut etməyə ehtiyac yoxdur. Odur ki, ədalət mühakiməsinin zirvəsi olan məhkəmədən ədalətli qərar verilməsini, barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm.

Hörmətlə: M.Şıxəliyev”

***

Xatırladırıq ki, vəkil A.Cavadovun təqdim etdiyi materiallardan o da aydın olur ki, ləğv edilmiş “Texnika Bank” ASC-nin sabiq rəhbəri Etibar Əliyev keçmiş MTN-nin vəzifəli şəxslərindən biri, Baş İstintaq İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə aparılan istintaqda dindirilib. İttiham Aktına görə, E.Əliyev yenidən 2008-2012-ci illərdə baş verənlər haqda danışıb və bir çox məsələyə aydınlıq gətirib. E.Əliyev əvvəlcə özünün bu işlə baqğı basına gələnləri nəql edib: “...1993-cü ildən “Rəşad Bank” ASC-nin idarə heyətinin sədri olmuşam. 1998-ci ildən bankın adı dəyişdirilərək 'Texnika Bank” olub. Həmin vaxtdan bankın Müşahidə Şurasının sədri təyin edilmişəm. 2012-ci il martın 6-na kimi həmin vəzifədə işləmişəm. MTN-nin İstintaq Baş İdarəsində-istintaqı aparılan cinayət işi üzrə banka məxsus pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə tutularaq həbs edildim. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan şərti məhrum edildim. 2015-ci ilin noyabrında yenidən əvvəlki vəzifəmə qaytarıldım. 2016-cı il fevralın 1-də bankın lisenziyası geri çağırıldı, hazırda ləğv olunma mərhələsidir”.

E.Əliyev rəhbəri olduğu bankda baş verən qanunsuzluqdan məlumatsız olduğunu da deyərək bunları bildirib: “”Bankın “Bakı” filialının müdiri işləmiş Zal Yusifovun mənim barəmdə verdiyi ifadənin heç bir hüquqi əsası yoxdur. Zal yalnız özünün etdiyi cinayətlərə don geyindirmək, özünü müdafiə etmək məqsədi güdüb. Belə ki, Zal Yusifov filial müdiri olduğu müddətdə ayrı- ayrı vətəndaşları aldatmağa nail olub. Onlara guya, xaricdən mal-material, tikinti materialları gətirdiyini, buna görə də ona pul lazım olduğunu deyib. Bu yolla vətəndaşları aldadaraq, onlardan külli miqdarda pul alıb. Şifahi razılaşmaya əsasən onlara aylıq 10-20 faiz pul verəcəyini öhdəsinə götürüb. Pullar isə banka mədaxil olunmayıb. Eşitdiyimə görə, Zal Yusifov 2-3 il ərzində bu cür işləyib. Sonradan aldığı vəsaitləri ödəyə bilmədikdə həmin şəxslərin təsiri ilə filialın adından qeydiyyatı olmayan əmanət kitabçası və kassa mədaxil orderləri verib. Bu yolla növbəti dəfə vətəndaşları aldada bilib. Əlsində isə Zal Yusifov aldığı vəsaitləri öz maraqlarına uyğun istifadə edib. Vəsaitlərin bir hissəsini Nizami Kazımov, Hüseyn Səfərov, Namil Rzayev və başqalarına qaytarıb. Faizlərini ala bilməyən digər vətəndaşlar şikayət etdikdə Zal Yusifovun əməllərinin üstü açıldı. Audit yoxlaması zamanı filialın kassasında təxminən 4 milyon manat çatışmazlıq aşkarlandı. Bu işlərdə Zal Yusifovun ən böyük köməkçisi oğlu olub. Zal özü bankdan götürdüyü pulu yüksək faiz kimi verdiyini etiraf edib. Vətəndaşlar bankdan pullarını tələb etdikdə bu təxribatın araşdırılması üçün MTN-ə bankın adından rəsmi məktubla müraciət etdik. İstintaq aparıldı və cinayətdə əli olan şəxslərə hökm oxundu. Vətəndaşlardan isə heç kimə pullarını qaytaracağıma dair söz verməmişəm, şikayət yazmamaqlarını da xahiş etməmişəm. Mövlam Şıxəliyev və Vüsal Ələkbərov məndən pul istəməyiblər”.

- Bəs Mövlam Şıxəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinə verdiyi vəsatətində hansı sensasion faktlara aydınlıq gətirib?

- Cinayət işinin materiallarında Vüsal Ələkbərovun və ya qeyrilərinin Mövlam Şıxəliyevlə işbirliyinə dair hər hansı sənəd, ifadə, fakt yoxdursa, ona qarşı ittiham necə elan edilib?

- Azərbaycan Vəkillər Kollegiyasının üzvü Elçin Nadirov niyə 15 il əvvəlki ifadəsində MTN-nin təhqiqatçısı Nadir Mustafayevin ondan Eldar Mahmudovun 50 min dollar pul tələb etdiyini dediyi halda, indi isə guya həmin pulu Mövlam Şıxəliyevin tələb etdiyi barədə yalan ifadə verib?

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

Pin It

"Gələn ildən başlayaraq, işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra vergi güzəştləri veriləcək".

Pin It

"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əsassız olaraq məni qanunla haqqım olan ev və avtomobillə təmin etmək istəmir"

Pin It

Şəhid ailələri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib.

Pin It

Dekabrın 3-də Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN