“AZƏRSU"YUN İDARƏ RƏİSİ YAŞAR KƏLBİYEVİN KAFEDRA MÜDİRLİYİ MÜƏMMASI

Azərbaycan Dövlət İqtisad Universitetinin magistrləri kafedra müdirini yalnız gecə qaranlığında görə bilərlər, niyə?


ADİU-nun reytinq cədvəlində yüksək bal toplamış 65 professor və elmlər doktorları dura-dura, niyə magistrlərə 42 elmi rəhbər kənardan təyin edilir?
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Mirələm Həsənli rektor Ədalət Muradovun qanunsuz və əsassız hərəkətlərindən Azərbaycanın 1-ci vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Müraciət ötən gün bir sıra elektron KİV-lərdə yayımlanıb. Artıq bu müraciətə universitetin ondan çox professor və müəlliminin qoşulduğu barədə redaksiyamıza məlumat daxil olub.
Ötən gün isə “Təzadlar”a təqdim edilən sənədlər isə ADİU-da olduqca maraqlı, həm də ciddi problemlərin olduğunu deməyə əsas verir. Məsələ ondadır ki, bəzən müəyyən şəxslər, xüsusən də rektorun yaxın ətrafı belə bir iddia irəli sürürlər ki, Ədalət Muradov rektor gələndən tələbə-müəllim münasibətlərində rüşvətin kökü tamilə kəsilib.
Biz bu fikrə heç vaxt etiraz etməmişik və bunu təqdir etmişik. Lakin redaksiyaya yazan və ya müraciət edən ADİU professorları, müəllimləri başqa əks arqumentlərlə bu qənaəti alt-üst edirlər. Elə dünən məlumat verdiyimiz kimi, professor Mirələm Həsənli ilə söhbətimiz zamanı onun təqdim etdiyi sübutlar və faktlar kifayətdir ki, ADİU-da rüşvətin kökünü kəsən rektorun universitetin büdcəsinə necə zülm yaşatdığının şahidi olasan. Bu barədə növbəti yazıda ətraflı, özü də konkret sənədlərin dili ilə danışılacaq.

Magistrlər kafedra müdiri Yaşar Kəlbiyevi niyə gündüzlər əliçıraqlı axtarırlar?

Gəlirik mətləbə: redaksiyamıza zəng edən mgistrlərdən bir neçəsi maraqlı məsələni açıqladılar. Məlum olur ki, Azərbaycan Dövlət İqtisad Universitetinin 19.06.2017-ci il tarixli əmrinə əsasən Beynəlxalq magistratura və doktorantura mərkəzinin tabeliyində yeni struktur bölmə kimi “İqtisadiyyat və idarəetmə” kafedrası yaradılıb. ADİU-nun rəsmi saytına daxil olaraq magistrlərin söylədiklərinin nə dərəcədə həqiqət olduğunu dəqiqləşdirdik. “Rüşvətsiz universitetin” həmin kafedrasına iqtisad elmləri doktoru, professor Yaşar Kəlbiyev rəhbərlik edir. “Maraqlıdır ki, cənab Prezidentin son iki ildə imzaladığı sərəncamları ilə 10-dan çox artıq aralıq idarəetmə strukturları birləşdirilib, ləğv edilib, bəzi nazirliklər və komitələr isə arxivə göndərilib. Yəni, bütün bunlarda məqsəd idarəetmədə sadəliyə nail olmaq, eləcə də dövlət və yerli büdcə vəsaitlərinin səmərəli xərclənməsinə nail olmaqdır. Amma magistri olduğumuz ADİU-da tamamilə əksinədir. Məsələn, iqtisadi idarəetmə ilə bağlı 10-a yaxın kafedra olduğu halda, rektorun əmri ilə ilyarım əvvəl “İqtisadiyyat və idarəetmə” kafedrası yaradıldı, özü də Beynəlxalq magistratura və doktorantura mərkəzinin tabeliyində. Yaşar Kəlbiyev isə həmin kafedranın müdiridir, faktiki olaraq isə o, bütün magistrlərə nəzarəti həyata keçirir, idarə edir, hətta, təəccüblü də olsa, yeni struktur bölmənin müdiri olan Kəlbiyev magistrlərə elmi rəhbəri də vaxtilə təhsil aldığımız, elmi səviyyəsinə, təcrübəsinə bələd olduğumuz universitet professorlarından deyil, kənardan kimlərisə cəlb edib...”, -deyir şikayətçi gənclər.
“İstəyirik ki, bu məsələdən ölkə Prezidenti cənab İlham Əliyev və təhsil naziri cənab Ceyhun Bayramov məlumatlı olsunlar ki, Yaşar Kəlbiyevin bu idarəetmə metodu ilə hər il külli miqdarda vəsait kənara axır, universitetin müəllim və professorları isə “differensial əmək haqqı” ilə imtahana çəkilir”, -deyə şikayətdə bildirilir.

Yaşar Kəlbiyev niyə gündüzlər universitetdə tapılmır?

Bu sualla müraciət edən magistrlərə kömək məqsədilə KİV olaraq özümüz də araşdırma apardıq. Bir daha təkrar edirik: “Rüşvətsiz universitet” deyib sevinənlər bu məqamları diqqətlə oxusunlar!
“Yaşar Kəlbiyev hazırda rektor Ədalət Muradovun ən yaxın adamıdır. Bu münasibətin kökü isə oradan gəlir ki, Ədalət Muradovun Prezident Yanında AAK-da iqtisadiyyat üzrə Ekspert Şurasının sədr müavini işləyərkən Yaşar Kəlbiyev də həmin şuranın üzvü olub. Şuranın sədri isə Əlican Babayev idi. Muradov-Kəlbiyev cütlüyü Əlican Babayevin işdən çıxarılmasına nail olandan sonra onların münasibəti daha yaxşı məcraya düşmüşdü... Əvəzində isə Ədalət Muradov yaxın dostuna kafedra təşkil etmişdir. Burada 30-dan çox yarımştatlı dərs yükü olan müəllimlər var. Universitetin özünün müəllimləri isə dərs yükü axtarır, maaşını az da olsa artırmağa çalışır, amma...”.
Bunu isə şikayətçilərdən biri söyləyir. Onun daha maraqlı bir açıqlaması da var: “...Yaşar Kəlbiyevi gündüz saatlarında kafedrada tapa bilməzsiniz, çünki...”.
“Niyə?” sualımıza cavabı həm gülməli, həm də gülməli olduğu qədər ağlamalıdır: “Çünki o, “Azərsu” ASC-nin tam ştatlı idarə rəisidir. Onun iş vaxtı axşam saat 18:00-da bitirsə, tələbə, magistr, yaxud kimsə onu yalnız, şəhərdəki tıxacları da nəzərə alsaq, axşam saat 7 və ya 8-də görə bilər. Soruşan lazımdır, bu kafedra kimə lazım idi? Axı Ədalət Muradov 2015-1016-da neçə-neçə kafedranı birləşdirdi ki, büdcə vəsaitinə az yük düşsün. İndi isə özü Doktorantura mərkəzinin nəzdində dostu Yaşar Kəlbiyev üçün hələ bir kafedra da yaradıb. Ən maraqlısı, orada çalışan müəllimlər araşdırın görün kimlərdir? Hətta 6 nəfər “prostoy” müəllimdir, elmi dərəcəsi belə yoxdur. Özümüzün savadlı, təcrübəli müəllimlərimiz isə maaş azlığından az qalıblar axşamlar hardasa gözətçi işləsinlər”.

Beynəlxalq Magistr və Doktorantura Mərkəzində ADİU-nun neçə professoruna yer verilib?

“Rüşvətsiz universitet”də daha bir qalmaqallı məsələ ortaya çıxıb. Belə ki, Yaşar Kəlbiyevin məlum kafedrası Beynəlxalq Magistr və Doktorantura Mərkəzinin nəzdində yaradılıb. Müəllimlər deyir ki, kafedra guya mərkəzə tabedir, amma əslində, mərkəz ona tabedir. ADİU-da təxminən 395 professor və dosent vardır. Və universitetin 66 elmlər doktoru və professoru olduğu halda, Mərkəz yalnız 15 professora dərs yükü verib. Bununla da universitetin 51 professoru kənarda qalıb. Amma Yaşar Kəlbiyev qalan müəllimləri kənardan cəlb edib, onların da bir çoxu sıravi müəllimdir, tanış-bilişidir, dostudur. Hansı ki, magistrə elmi dərəcəli müəllim dərs deməlidir. Nəzərə alsaq ki, 1 magistrin dərs yükü 60 saatdır, indi nəticəni özünüz çıxarın ki, universitet müəllimlərinin qazandığı pullar kənar şəxslərə necə və nə məqsədlə ötürülür... Onu da deyək ki, ADİU-nun 395 professor və dosentinə dərs yükü çatışmadığı halda, Mərkəzin idarəçiliyindəki əyintilər sayəsində 7 min saat dərs yükü kənardan çağrılmış 42 müəllimə verilib. Di gəl belə yerdə ədalət axtar!!!

***

Məsələyə aydınlıq gətirilməsi üçün ADİU-nun adı çəkilən qalmaqallı kafedrasının 440-71-59 telefonuna zəng vurduq və kafedranın müdiri Yaşar Kəlbiyevi aradıq. Deyildiyi kimi, bildirdilər ki, “Yaşar müəllim işdə yoxdur, axşam saatlarında olmalıdır”.
Onun 050-... .. 35 saylı mobil telefonuna da zəng vurduq. Amma bu dəfə də bəxtimiz gətirmədi... Yaşar Kəlbiyevə isə çoxsaylı suallarımız var. Lakin sonradan bu qərara gəldik ki, ən yaxşısı, “KİV haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq həmin sualları rəsmi qaydada “Azərsu”yun tam ştatlı idarə rəisi, ADİU-nun isə yarımştatlı kafedra müdiri Yaşar Kəlbiyevə deyil, elə rektor Ədalət Muradovun özünə göndərək.
Mövzuya qayıdacağıq.

Pin It

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN