Oktyabrın 17-də Füzuli şəhərinin Aşağı Köndələnçay su anbarında "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçirilib.
Tezadlar.az xəbər verir ki, tədbirdən öncə, Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar olaraq “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı olub. Yarış iştirakçıları Füzulidə turnirin keçiriləcəyi əraziyə qədər yürüş ediblər. Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Rəsmi açılış mərasiminin sonunda idmançıların Aşağı Köndələnçay su anbarında nümunəvi keçidləri olub. Bayrağımızın rənglərini özündə əks etdirən şarlar havaya buraxılıb və yarışların ikinci gününə start verilib.
İdmançılarımız Füzulidə keçirilən yarışda daha 2 medal qazanıb. 2006-2007-ci il təvəllüdlü avarçəkənlər arasında bir nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Amil Ramazanov özünün 2-ci, ümumilikdə isə 3-cü qızıl medalı komandamızın aktivinə yazdırıb. 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kanoe qayığında mübarizə aparan Cavid Vəlizadə isə üçüncü yer tutub.
Xatırladaq ki, Yarışda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır. Yarışların ilk günündə idmançılarımız 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla 9 medal qazanıb. Yarışlara oktyabrın 18-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.
R.XUDATQIZI