Azərbaycan TV-lərinin böyük əksəriyyəti efiri doldurmaq üçün mənasız teleseriallara güç verib...
Ya da arvaddan küsən kişiləri, ərindən bezən arvadları... Yaxud da atasına naz eliyən oğul-qızları dartıb efirə gətirib müstəntiqlik edirlər, ya da şou düzəldib guya reytinq yığırlar...
***
Ona görə də Azərbaycanın az-çox düşünən insanlardan soruşanda da deyirlər ki, Türkiyə, yaxud Rusiya, Ukrayna, ABŞ TV-lərinə baxırlar... Bəs dövlət büdcəsindən bu teleseriallara niyə pullar ayrılır? Sosial platforma istifadəçisi Vasif Tanırverdiyev də belə bir ağrılı məsələyə toxunub. Efirlərdə yumor, satira ilə lağlağını səhv salanlar özlərinə kənardan baxmırlarmı?
Beləliklə, Vasif bəy yazır: "...Türk kinemotoqraflarının tarixi mövzularda çəkdiyi çoxseriyalı telefilmlərə baxmısınızmı? Filmlərin sonunda titrlərdə filmin yaradıcı heyəti ilə birlikdə ekran işinə sponsorluq edən özəl təşkilat, firma və şirkətlərin, imkanlı vətənpərvər şəxslərin adları da nümayiş etdirilir. Ən çox diqqət çəkən odur ki, sponsorların adları filmlərin yaradıcı heyətini əks etdirən adlarla eyni ekranda nümayiş etdirilir və sponsorların siyahısı yaradıcı heyətin sayından geri qalmır, bəzən üstələyir də... Türk qardaşlarımızın tarixi filmlərə göstərdiyti maraq, maddi dəstək və vətənpərvərlik coşqusu adama ləzzət edir. Bizdə necədir? Yəqin fikir vermisiniz, yüngül filmlərə, ücüz teletamaşalara, şit gülüş doğuran səhnəciklərə sponsorluq edənlərin çoxsaylı siyahısı dəhşət doğurur. Amma tarixi mövzuda, milli mənəmliyimizin ifadəsi kimi ekranlaşdırılacaq ekran əsərlərinə sponsor tapmaq müşkül məsələyə çevrilib. Məşhur bir rejissorumuzun tarixi filmini çəkdiyi zaman qarşılaşdığı maliyyə problemləri ilə bağlı söhbəti yadımdadır, təəccüb doğurur, çəkiliş xərcləri bir yana, bəzən adi məişət xərcləri belə ciddi çətinliklər yaradır. Milli mənəmliyimizin və milli qürur hissimizin təbliği, xüsusilə də gənclərimizdə tarixi keçmişimizə dərin hörmət hissinin tərbiyə edilməsi üçün Dövlətin bu sahədəki siyasətinin uğuruna özəl firma və şirkətlərin, ayrı-ayrı imkanlı şəxslərin cəlb edilməsi yolları araşdırılmalıdır. Ucuz, mənasız gülüş mənəviyyata tuşlanmış güllə kimidir, parçalayıb, dağıdır. Düşünməliyik ki, hər bir ekran işi, istər kiçicik bir səhnəcik olsun, istərsə də çoxseriyalı bədii film Dövlətin bu sahədəki siyasətinin uğuruna öz sanballı töhfəsini verməlidir...".
Bəli, bu fikirlər düşünməyə yetərlidir bizcə...
A.Məmmədli