Xəbər verdiyimiz kimi, noyabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşü keçirilib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, görüş COP28, COP29 və COP30-un sədrliklərini müvafiq olaraq təmsil edən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın COP Sədrlikləri Üçlüyünün rəhbərliyi ilə gerçəkləşib.

Tədbirdə bir sıra ölkələrin mədəniyyət nazirləri və iştirakçı qurumların nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub.

Sənəddə Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun yaradılmasından ötən bir il ərzində mədəniyyət və iqlim əlaqəsində əldə olunan mühüm irəliləyiş qeyd edilir. İqlim dəyişikliyinin bütün formalarının mədəni irsə artan çoxşaxəli təsirini, eləcə də iqlim dəyişikliyinin müəyyən bölgələrə və həssas qruplara qeyri-mütənasib təsiri vurğulanır və dərin narahatlıq ifadə edilir.

Bildirilir ki, COP29-un Mədəniyyət Üçlüyü tərəfindən müəyyən edilmiş strategiyanın aktuallığı qəbul olunaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (UNFCCC) Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə ilk iş planının təsdiq edilməsi istiqamətində işləməyə davam edəcəklər.

Bu məqsədlə iqlim dəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşması, həm də davranış dəyişikliyi baxımından iqlim fəaliyyəti üçün mədəniyyətin ayrılmaz roluna, mədəni və yaradıcı sektorların ekoloji keçidinin dəstəklənməsinin vacibliyi vurğulanır.

Kommunikedə 2022-ci il MONDIACULT Bəyannaməsi və 2024-cü il G20 Salvador da Bahia Bəyannaməsi kimi beynəlxalq normativ sənədlərdə təsbit olunmuş öhdəliklərin yerinə yetirilməsinə çalışaraq COP29-un Mədəniyyət Üçlüyü üzv dövlətlərinin aşağıdakı müddəalara sadiq qaldıqları vurğulanır: 1) Milli uyğunlaşma planları və milli müəyyən edilmiş töhfələr də daxil olmaqla, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və uyğunlaşmasına dair siyasət və strategiyalara mədəniyyətin daha da inteqrasiya edilməsi;

2) Nazirlərarası əməkdaşlığın gücləndirilməsi də daxil olmaqla, milli səviyyədə sektorlararası siyasətin formalaşdırılmasının təşviq edilməsi;

3) Davranış dəyişikliyinin və dayanıqlı istehsal və istehlak nümunələrinin təşviqi üçün mədəniyyət sektorunun transformativ potensialından istifadə edilməsi;

4) Mədəniyyət və iqlim dəyişikliyi sahəsində bilik quruculuğuna və məlumatların toplanmasına investisiya qoyulması;

5) Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti və COP-da daimi iş mexanizminin saxlanılması ilə bağlı strukturlaşdırılmış dialoqun və əlaqələndirilmiş təbliğatın təşviq edilməsi;

6) Həmrəylik və inklüzivlik dəyərlərinə əsaslanaraq, Cənub-Cənub və Şimal-Cənub əməkdaşlığı da daxil olmaqla, mədəniyyət və iqlim fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsi;

7) Mədəniyyətin 2030-cu ildən sonrakı dayanıqlı inkişafın təşviqi yollarına dair gələcək müzakirələrdə müstəqil məqsəd kimi daxil edilməsinə dəstəyin artırılması, mədəniyyətin dayanıqlı inkişaf üçün transformativ vasitəçi və hərəkətverici qüvvə kimi gücünün tanınması.

Sənəddə həmçinin

COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünə ev sahibliyi etdiyi üçün Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür ifadə edilir və mədəniyyətin iqlim fəaliyyətinin bir hissəsinə çevrilməsi üçün davam edən səylərə töhfə verən "İqlim üçün ədəniyyət" (C4C) təşəbbüsünün irəli sürülməsi məmnuniyyətlə qarşılanır.

Kommunikedə mədəniyyət-iqlim əlaqəsi ilə bağlı yeni inkişafları və problemləri qiymətləndirmək üçün 2025-ci ildə Braziliyanın sədrliyi ilə keçiriləcək COP30-da yenidən toplaşmaq barədə razılığa gəlindiyi bildirilir.

Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşündə qəbul edilən kommunike barədə daha ətraflı məlumatla aşağıdakı linkə keçid etməklə tanış ola bilərsiniz.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN