booked.net booked.net  

Ümummilli lideri Heydər Əliyev Azərbaycan tarixinin və türk dünyasının ən qüdrətli şəxsiyyətidir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli liderdən bəhrələndiyi keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzlu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inadkar bir inamla qoruyub saxlayır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri - müstəqil Azərbaycan, əbədi azadlıq bəxş etdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi.

Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam və hörmət hissi gücləndi. Vurğulamaq lazımdır ki, ulu öndərin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil. Azərbaycançılıq ideologiyası ittihadçılığın əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Belə birlik isə ana dili, Azərbaycan dili vasitəsi ilə baş tutur. Göründüyü kimi, bu konseptual fikirdə də həm ana dili həm də bədii ədəbiyyat milli istiqlalın, xalqın azadlıq və səadətinin fikir carçısı kimi dəyərləndirilir. Çünki Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli istiqlal nəzəriyyəsi idi.

Ulu öndər öz dövlət siyasətini, ideoloji fikirlərini həyata keçirərəkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə edirdi. O, mədəniyyəti xalqı irəli aparan, onu tarixdə yaşadan, xalqı zənginləşdirən qüdrətli bir vasitə hesab edirdi. Xüsusilə qloballaşan dünyaya çıxış üçün mədəni inteqrasiyanın imkanları böyükdür. Cəmiyyətdə mənəvi deformasiyaları vaxtında aradan qaldırmaq, xalqın özünə və dövlətə inamını, mənəvi tarazlığı qorumaq baxımından mədəniyyətə böyük önəm verməsi Heydər Əliyevin siyasi lider kimi tarixi uzaqgörənliyi idi.

Azərbaycan tarixinə dərin iz salan lider şəxsiyyət Heydər Əliyev fenomenal yaddaşa, parlaq nitq qabiliyyətinə, dərin zəkaya malik bir şəxsiyyət idi. Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi.

O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi bəxş etmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində - daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

Heydər Əliyevin yeni tarixi dövrdə - 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı. Müdrik şəxsiyyətin ideyalarının əzmkar davamçısı, bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir.

Bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı cənab İlham Əliyevə səs verib onu Prezident seçdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi. Xüsusi olaraq qeyd olunmalıdır ki, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmən tapdağında olan doğma Qarabağımız işğalından azad etdi. Cari ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Nəticə etibarı ilə, Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı haqq səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi.

Fuad Səfərov

fuad-ceferov

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN