Məmmədxan Əzizxanlı

08.11.2020-ci, Qələbə ili. Ellikcə ayaqda olduğumuz 44 günlük üçüncü (birinci mart 1920, ikinci fevral 1988-1994 may və üçüncü 27 sentyabr-10 noyabr 2020-ci illər) Qarabağ Savaşının 42-ci günü-06.11.2020-ci il tarixdə, saat 17-00-da, xatunumla mən Bakının Meyvəli Bazarında, göyərti aldığımız oğlana zəng gəldi... oğlan ucadan qışqırdı: - Şuşa alındı, qardaşımdır, deyir Şuşada oturub çay içirik...

Sevincək, satıcıya muştuluq verib yandakı şirniyyat satılan dükana girdik, birdən başqa bir cavan oğlan qışqıraraq hövüllü içəri girdi:

- Bizimkilər Şuşanı alıblar, indicə əmim oğlu oradan zəng vurub dedi...

İlk baxışda öz qayğılarıyla yüklü, biri-birinə yad görünən insanlarımız, sanki bir anda doğmalaşdılar, aradakı yadlıq əlamətləri aradan qalxdı, hamının qırışığı açıldı, qarşılıqlı ərki yarandı, gözləri güldü, səsi ötkəmləşdi, bu, son 32 ildə birlikdə çəkilən Qarabağ, İrəvan Ümummilli dərdinin, həsrətinin, ağır günlərinin doğurduğu ilk, ümummilli doğmalıq günü idi...

Hamı biri-birinə gözaydınlığı verirdi, kefimiz “Göyün yeddinci qatına” qalxdı və cövlan etməyə başladı... Bu böyük sevinci hayqırmaq istəsəm də hələ uduzmuşluq kompleksindən çıxmayan təkliyim məni içimə qısdı, görünür biz hələ böyük sevincə öyrəşməmişdik... sanki, hamı bu xəbərin təsdiqi olacaq qığılcımı gözıləyirdi... Sanki yaşamaq asanlaşdı, biz evə “uçaraq” gəldik...

Səhərisi gün, Bakının Dəmiryol Vağzalından yuxarıda, bayraq satılan dükana getdim, 90 XA 991 seryalı, gümüşü rəngli “Çeşka”mı Azərbaycan, Türkiyə və Pakistan bayraqları ilə bəzətdirdim, İsrail bayrağı satışda yox idi...

On illərdir üzünə baxmadığım, yalnız sentyabrın 27-dən bəri daim izlədiyim AzTV-ni, noyabrın 6-sı və 7-si hər an izləsəm də, ancaq Müharibə başlayandan çıxışları ilə “qan” eləyən AzTV-dəki “Qaqaş” (ifadə tələbə Xaqanındır) Şuşanın alınması xəbərini demədi...

Dilxoram... Nəhayət, noyabrın 8-də, günorta vaxtı, nəvələr də hay- harayla gələndən sonra, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Xaqanın “Qaqaş”ı, cənab İlham Əliyev Şuşanın qoşunlarımız tərəfindən azad edilməsi xəbərini təsdiqlədi: “Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik.”

Ömrümdə bundan gözəl xəbər eşitməmiş və bu qədər sevinməmişdim... Zarafat deyil, düz 32 il idi ki, mən didərginlərimizi düşünərək, bu ecazkar sözlərin həsrətilə üzülür, için-için sızlayır, qovrulur, yiyəsizlikdən xəlvətdə ağlayır, şənliklərimizdə belə göz dolusu sevinə bilmir, zorla salındığımız alçaldıcı vəziyyətdən çıxış yollarını yazmaqla arayır, düşməni yenməyin, milləti xilas etməyin xəyallarını qururdum... Bu məqsədlə mən hələ 1994-2014-cü illərdə “Varlığımızın tələbi” və “Azərbaycan Respublikasının Milli Dövlət Siyasətinin Əsasları”nı yazmışdım. Mən bu xəbərin, bu sözlərin acı idim, acı... Bu sözlər mənimçün həyat idi, qürurla, ləyaqətlə, azad insan kimi, dik başla yaşamaq həyatı... Bu sözlər bizə əlavə həyat eşqi veirirdi, biz uzun illər həsrətində olduğumuz, inanılmaz bir xoşbəxtliyə qovuşurduq... Bununla da, sanki görünməz bir qüvvə, sevincimizi birlikdə, hamıyla bölüşmək üçün bizi şəhərə çıxmağa səslədi, bayraqları götürüb maşına doluşduq, evdə həmişəki kimi ocağımın yaradıcısı və qoruyucusu, uşaqların Gül anası şad qaldı... Artıq məhlədən çıxanda bayraqlarla bəzədilmiş maşınların “Qa-ra-bağ” şüarı, coşqu və siqnalla şəhərin mərkəzinə şütüdüyünü gördük. Bayıldan, Bayraq Meydanından mərkəzə axın vardı, artıq Azneftdə qələbəlikdi, ikiayaqlı damlalardan yaranan insan seli, avtomobil axınına qarışmışdı, maşın siqnalından, hayqırtıdan, sevinc göz yaşlarından, “Qa-ra-bağ”, “Azər-bay-can”, “Şuşa” şüarlarından qulaq tutulur, insanların Bakı boyda kükrəyən coşqu selində ellikcə, xoşbəxtcəsinə üzürdük... Şəhərin ara, kapilyar küçələrindən, baş arteriya küçələrinə axışan insan və avtomobil axını nəhəng, ləngərli, canlı və əsrarəngiz birlik, qüdrətli, uğultulu, güclü orqanizm oluşdururdu. Hamı biri-birini alqışlayır, əsgəri salam verir, ağlayaraq qucaqlaşır, gülür, oynayır, atılıb, düşür, yürüyürdü... Mən ömrümün ən böyük xoşbəxtıiyini yaşayırdım, desəm səhv etmərəm... Zarafat deyil, düz 32 ildi, xüsusən bəzi qüvvələrin xəyanətilə Şuşanın işğalından sonra, ellikcə dərdli, üzgün, uduzmuş, didərgin, alçaldılmış halda, lakin ümidlə sürünür və heç vaxt torpaq itkisilə barışmırdıq, barışa da bilməzdik... İndi isə, doğma elimizə, obamıza qayıdacağdıq... Həm də döyüşlə, düşməni məğlub edərək, yenərək, kişi kimi qayıdırdıq, bu qayıdış mənim əsla yaxına buraxmadığım, özgə kiminsə, nəyinsə qarşılığında alver, verdiyi “qaytarılma” sədəqəsi deyildi, özümüz qanımız, canımız bahasına qazanmışdıq.

Hamı xoşbəxt idi... ellikcə xoşbəxt olma necə də gözəldir!

Gələcəkdə Qənimətlər Parkı olacaq dənizkənarı bulvardan, Milli Parkdan sola burulub, 28 May küçəsilə yenidən geriyə, Mərkəzə doğru, ancaq tıxacla, addım-addım bu xoşbəxtlik selində üzürdük... İlk dəfə görürdüm ki, hamı tıxaca sevinir, şadyanalıq edir, gülür, oynayır... İki toqquşan maşının sürücüləri düşüb gülərək qucaqlaşdılar və “olan şeydir” deyib, sanki maşınlarının çarpışmasına sevinirmiş kimi sevinclərini bölüşdülüər, “Nizami” kinoteatrının yaxınlığında, bizdən solda, bir sürücü qız mənə tərəf qışqıraraq soruşdu: “Dayı, sən ŞUŞALISAN?” Mən də cavabında “Hə, ŞUŞALIYAM! Bu gün hamımız ŞUŞALIYIQ!” dedikdə, o, “Mən də ŞUŞALIYAM!!!”, deyə qız elə hayqırdı ki, sanki indicə qanadlanıb göyə uçacaqdı...

***

...Bir anlığa avqust 1981, sentyabr 82-ci illərdə, Xankəndində, sonra isə prokuror Rövşənin təcrübə rəhbərliyi ilə Şuşa Rayon Prokurorluğunda oturmaqla, Şuşa Sanatoriyasında yaşamaqla, Dağlıq Qarabağ Muxtar Vilayət Prokurorluğunda, bir illik stajor müstəntiq vəzifəsində çalışdığımı, “Şuşa” qəzetinin redaktor müavini, şair Əli Mahmud və böyük qardaşı, bank müdiri Əlişlə fikir bölüşmələrimi, bəzən sanatoriyanın həyətində, mənim dediklərimin siyasi təhlükəliyini nəzərə alaraq, quya eşitməmək üçün qulaqlarını tutub hərəsinin bir tərəfə qaçmalarını, Badara çayı boyunca, Vilayətdə bizimkilərin sayını az göstərmək üçün ermənilərin qəsdən pasport qeydiyyatına almadıqları 45 evdən ibarət Meşəli kəndindən çay yuxarı, Qozdu Meşəsini, Alban Kilsəsini, Qərbə doğru, yalçın qayalı Qırxqız dağları fonunda, əsrarəngiz Meydan yaylağında uğursuz ceyran ovumuzu (sonradan, lap bu yaxınlarda Əlinin dediyinə görə sən demə, ovçuların diqqətsizliyi ucbatından güllələrin barıtı nəm çəkibmiş), ovda ceyranların Sürayını, meşədə ləzzətli bir tapıntı kimi Xamır əzgili yeməyimizi, buzlu Bulaq suyunu, ləzzətli pendir çörək qonaqlığını, sanatoriyanın baş həkim müavini, lerikli Əsəd həkimlə səmimi münasibətimi, Şuşa Rayon Milis Şöbəsinin dəftərxana müdiri Aybəniz xanımla rus dilini yadırğamamaq üçün telefonla keçirdiyim “rus dili məşqləri”ni, Zarıslı qaymağını, Həmərsin (İtburnu) mətini, bulağın gözündən içilən qovurcuqlu (qazlı) Turşsuyun dadını, soyuqdan, yalnız iyul, avqust aylarında çıxan tərəvəzini, bütün əvnələrdə (səhər, günorta, şam yeməyi) verilən ət xörəyindən bezib, çiyriyib yemək yeyə bilmədiyimdən ac qalmamaq üçün sanatoriyanın yanındakı yeməkxanadakı uşaqların döşdəki çəmənlikdən Xıncılouz (Lənkəranda meşədə bitən və “Vəcələ” adlandırılan çöl soğanı) yığıb üstünə yumurta vurub bişirdikləri ləzzətli xörəyi, Ağa Körpüsündən Şuşaya qalxan dolaylardan görünən Xankəndi, Xocalı, Əsgəranın unudulmaz mənzərəsi, Şuşanın mərmər çıxarılan yerini (karyer), Şuşa şəhərinin girişindəki Qanouz Mikayılın (oğlu hüquqçu Vamiq) yeməkxanasında adamı doyurmayan, yarıqarın saxlayan Xəngəl yeməyimi... xatırladım. Həm də Qalanın Gəncə Qapısında, balaca saxsı çölməkdə bişirilən, suyunu, dənindən ayırmaqla çox ləzzətli Piti yeməyimi, adamı min cür şirin dillə dindirən, çayçı Süleymanın cılxa (başqa qarışıq olmadan) Kəkotu (Kəklik otu) çayını içməyimi, sürücümüz, dostum Çingizin İsa Bulağında heyvan kəsdirib kabab çəkməsini, 6-cı günlər dükançı, həm də Ləzginka rəqsinin gözəl ifaçısı, lerikli balası Rafiqlə turistlərin Şuşa Sanatoriyasındakı rəqslərini seyr etməyimi, çox istəsəm də, ancaq vəzifəli olduğuma görə rəqs edə bilməməyimi, şəhərin Mərəsi sayılan Bazar Başını, bəzən ağdamlı uşaqların altı-bazar Şuşaya gəlib Bayatı Şiraz üstündə “Könlümün sevgili cananı mənim, Vətənimdir, Vətənimdir Vətənim...” qəzəli ilə ecaskar zəngulələrini səsləndirməklə öz səslərini yoxlamalarını, Şuşa Qəbristanlığında şair Molla Pənah Vaqifin, dövrünün bilicisi Mir Möhsün Nəvvabın qəbrlərinə baş çəkməyimdən başlamış, ta Cıdır Düzündəki yarğanda, Şuşa Türməsi tuşunda Qırx Pilləkən, Xəzinə deyilən yerləri, Cıdır Düzündə, Daşaltı üstündə, Üçmıxda Xarıbülbül çiçəyini dərib, gələcəkdə ocağımın sahibi olacaq, Canım adlandıracağım biri üçün Lənkərana gətirib, Qaqarin (indi Koroğlu) 65-də Ona verdiyimi... yada saldım... Sonra Qarabağın ailəmizdəki Xarıbülbül yadigarını, Şam meşəsi və Şuşanın dikdiri “Zastava”dan keçib, Laçın yolunu aşıb, Xəlfəli dərəsini, Fındıqlı meşəsini gəzdiyimi, oradan Zaman pəyəsini, Xəlfəli Dərəsinin o biri üzündə, Xankəndinin başı üstdə Xəlfəli, Kərkicahan, Qayıbalı və Kosalar kəndlərini, Xəlfəli Dərəsindən axan Qarqar çayının şırıltısını, Xankəndi ilə Şuşanı ayıran dik qaya üstdəki Tar Sexini, “Ərim gəldi qayası”nı, sanatoriyadan Xəlfəli dərəsinə dolan süd kimi, baxanda öz əlini belə çətinliklə gördüyün qatı, soyuq dumanı saatlarla seyr etdiyimi və bu yazıya sığmayan Şuşa macaralarını xatırladım... Bəli, mən doğrudan da ŞUŞALI idim...

***

...Nizami kinoteatrını keçən kimi, Milli Bankın köhnə binasının tuşunda, küçədə cavanlar dövrələnib zurna, nağara çalıb, oynayır, ağız deyəni qulaq eşitmir, vurçatdasındı... hərəkət tam dayanmışdı, Qafqaz İslam Ordusunun, 15 sentyabr 1918-ci ildə, Bakını erməni-rus bolşeviklərinin əsarətindən qurtarandan bəri Bakı belə içdən gələn şənlik, qələbəlik görməmişdi. Bir sözlə, hamı doğmalaşmış, birlikdə xoşbəxt idi... Təqribən 40 dəqiqədən sonra, bir təhər, bir cür onları yavaşca sağdan keçmək mümkün oldu, şəhəri 3 saata yaxın dolaşdıq... Şadlıq bütün gecəni də davam elədi, biz də qışqırmaqdan, hayqırmaqdan, alqışlardan artıq yorğun düşmüşdük, hamının istəyi ilə evə döndük, şəhərdəki şadyanalıq isə hələ davam edirdi. 32 il ironik Lazımın Qarabağa gəlməsini gözləyən Bakı gecəni yatmaq istəmirdi, sanki uzun illərin həsrətindən sonra bizi Qarabağa qovuşduran Lazım kişinin yaşatdığı sevincinin yenidən əlindən alınıb xəyala çevriləcəyindən qorxurdu...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN