Dünya bazarında dolların kəskin möhkəmlənməsi davam edir.

ABŞ pulu əksər səbət valyutalara nisbətən güclənməkdədir.

Bu fikirləri  Millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, avronun məzənnəsi son 23 ildə ilk dəfə dollar ilə bərabərləşib.

“İndi birjalarda 1 avro almaq üçün, demək olar, 1 dollar ödəmək lazımdı. Son 1 ildə avro 18 faiz dəyər itirib. Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib” deyib.

İqtisadçının sözlərinə görə, avronun kəskin ucuzlaşmasının əsas səbəbi də məhz Ukraynadakı savaşdır.

 “Avronun kəskin ucuzlaşmasının əsas səbəbi də məhz Ukraynadakı savaşdır.

Digər tərəfdən, Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək infilyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormozlayır”, -deyə bildirib.

İqtisadçı qeyd edib ki, “Eyni zamanda, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsində kəskin artımlara getməsi də avro daxil olmaqla digər səbət valyutalarının dollara olan kursuna təsirsiz ötüşmür. Ötən ay FED dərəcəni 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artım idi. İyul ayında da ABŞ-da uçot dərəcəsinin yenidən artırılacağını istisna etmirlər. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 1,75 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər”.

 Vüqar Bayramov vurğulayıb ki, FED bu il 2 faizlik infilyasiya hədəfləsə də, artıq 12 aylıq qiymət artımı səviyyəsi 7.0 faizə yaxınlaşır.

“ Bu, son 40 ildə ABŞ-da ən yüksək infilyası göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 % proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib. Nəticədə isə dolların kəskin möhkəmlənməsi ilə müşahidə edilir.

Avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur. Doğrudur, avrozonada infilyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal infilyasiya dərəcəsini nəzərə alsaq ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir”, - qeyd edib.  

Onun sözlərinə görə, Rusiya Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur.

“Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.7060-dək dəyişib. Bu manatın avroya nisbətən son 5 aydan 12 faiz möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir” , - deyə bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN