“Hər hektardan olan məhsuldarlığı 15 sentner artırmaqla, Azərbaycan 1 milyon 200 min tonluq tələbatını özü qarşılaya bilər, burada ciddi problem yoxdur.”

 Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycanda ərzaq təhlükəsizliyindən, taxıl məhsullarının təminatı ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda təhlükəli, böhranlı vəziyyət yoxdur, həmçinin ərzaq, eləcə də taxıl məhsulları ilə təminat sahəsində heç bir çətinlik müşahidə edilmir. O, taxıl ehtiyatımız olduğuna görə ölkəmizin elə də çətin vəziyyətə düşməyəcəyini bildirib: “Ancaq dünyada gedən bu proseslər heç bir dövləti sığortalamayıb ki, o, ərzaq təhlükəsizliyinin təmini ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməsin. Ola bilsin ki, yay olduğu üçün indi taxıl məhsullarına olan tələbat bir o qədər yüksək deyil. İndi insanlar qida məhsulu kimi kənd təsərrüfatının digər məhsullarından daha çox istifadə etdikləri üçün onların un məhsullarına, çörəyə elə də çox tələbatı yoxdur. Amma hesab edirəm ki, payızda bu məhsulların qiymətləri arta bilər. Ona görə də qabaqlayıcı tədbirlər mütləq görülməlidir”- deyib.

Tahir Rzayev qeyd edib ki, hər bir sahibkar elə məhsul istehsal etmək istəyir ki, daha çox gəlir əldə etsin.

 

"Taxıl yüksək rentabelli olmadığı üçün son illər ərzində onun istehsalına maraq azalmışdı."

Onun sözlərinə görə,  bu gün ölkəmizdə bəzi məhsullara - pambığa, üzümə, tütünə... maraq daha çoxdur, çünki rentabelli məhsullardır və yüksək gəlir gətirirlər:

“Taxıl yüksək rentabelli olmadığı üçün son illər ərzində onun istehsalına maraq azalmışdı. Amma hesab edirəm ki, dövlət əlavə maliyyə vəsaitləri ayıracağı üçün sahibkarlar ərzaq buğdası istehsalına maraq göstərəcəklər. Buna görə də həm əkin sahələri genişləndiriləcək, həm də müasir texnologiyalardan istifadə etməklə məshuldarlıq artırılacaq. Əsas şərt məhsuldarlığın yüksək olmasıdır. Bəzi ölkələr var ki, hər hektardan 60-70, hətta 80-90 sentner taxıl götürürlər. Amma Azərbaycanda keçən il taxılın məhsuldarlığı 32 sentner olub. Bu, bizi qane etmir. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə xatırladıb ki, biz taxılın məhsuldarlığını 40-45 sentnerə çatdırsaq, ərzaq buğdasına olan tələbatımızı ödəmiş olarıq. Bu halda xaricdən az miqdarda buğda alarıq, təxminən 5 ildən sonra isə ərzaq buğdasına olan tələbatımızı tamamilə ödəyə bilərik”, - deyib.

 

"...Biz bütün torpaqlarda da taxıl əkə bilmərik"

Komitə sədri vurğulayıb ki, hazırda 2 milyon tondan artıq ərzaq buğdası istehsal edən Azərbaycanın təxminən 1 milyon 200 min ton buğdaya ehtiyacı var və hər hektardan olan məhsuldarlığı 15 sentner artırmaqla, Azərbaycan 1 milyon 200 min tonluq tələbatını özü qarşılaya bilər və burada ciddi problem yoxdur:

“Çünki 1 milyon 200 min ton taxıl bizim üçün böyük miqdar deyil. Yaxşı buğda sortları yetişdirilərsə, onlara yaxşı qulluq edilərsə, taxıl sahələrindən bu məhsuldarlığı almaq olar. Hazırda da rayonlarda elə fermerlər var ki, hər hektardan 60 sentner taxıl götürürlər. Niyə bu məhsuldarlıq hər yerdə tətbiq olunmasın?! Suvarılan sahələrdə taxıl istehsalı artırılmalıdır. Əlbəttə ki, biz bütün torpaqlarda da taxıl əkə bilmərik. Çünki taxıl elə məhsuldur ki, o, üç ildən sonra mütləq yeni torpaqda əkilməlidir. Əgər bir yerdə 2-3 il taxıl əkilirsə, sonrakı illərdə həmin yerlərdən taxıl götürmək mümkün olmur. Buna görə də ən doğru yol yalnız məhsuldarlığı artırmaqla öz tələbatımızı ödəməkdir. Dünyada tətbiq edilən yeni texnologiyalar imkan verir ki, Azərbaycanda bir neçə ildən sonra hər hektardan 50 sentner taxıl götürmək mümkün olsun”, -deyə millət vəkili bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN