“Sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzun müddətli dövr üçün dəyərləndirilir.”

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Avropa Ittifaqının Rusiyaya qarşı hazırladığı səkkizinci sanksiyalar paketini şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, bu dəfəki paket Baltik ölkələri tərəfindən layihələşdirilib və paketə enerji, ticarət, daha çox SWIFT daxil edilsə də, vətəndaşlara qarşı da “qara siyahının” genişləndirilməsi təklif olunur.

“Estoniya Rusiyaya qarşı sanksiyalar paketinin hazırlanmasında xüsusi təkliflər ilə çıxış edir. Səkkizinci paketə enerji, ticarət, daha çox SWIFT qadağaları daxil edilsə də Baltik ölkələri “qara siyahının” genişləndirilməsinin tərəfdarıdır. Rusiyada daha çox vətəndaşa qarşı səfər və digər qadağaların tətbiq olunması təklif olunur. Bununla belə, bütün Rusiya vətəndaşlarına Şengen vizasının verilməsinin dayandırılması təklifi, hələlik Brüsseldə birmənalı qarşılanmır. Ancaq ittifaqa üzv olan bir sıra ölkələr fərdi qaydada bunu edir və ya etməyi düşünürlər”, - Vüqar Bayramov bildirib.

Vüqar Bayramov əlavə edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qərb iqtisadiyyatını da “vurur” və son qırx ilin ən yüksək inflyasiya artımına səbəb olub.

Onun fikrincə, öncədən proqnozlaşdırıldığı kimi, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzun müddətli dövr üçün dəyərləndirilir.

“Dünya iqtisadiyyatında da resessiya meyilləri güclənməkdədir. Qlobal proqnozlara neqativ dürüstləşmələr edilir. Bu isə ondan xəbər verir ki, Rusiyaya qarşı sanksiyalar eyni zamanda Qərb ölkələrinin iqtisadiyyatlarına da təsirsiz ötüşmür. Əsas təsirlər isə istehlak bazarında qiymət artımları və enerji təminatında özünü göstərir. Qərb ölkələrində son 40 ildə ən yüksək inflyasiya müşahidə olunur”, - o, deyib.

 Millət vəkili vurğulayıb ki, qlobal sanksiyalar artıq Rusiyanın makro-iqtisadi göstəricilərinə təsir göstərməkdədir və bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb:

“Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bütövlükdə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 4-6 % intervalında azalacağı gözlənilir.

Digər tərəfdən, bəzi sanksiyalar əvvəl bağlanmış müqavilələr səbəbindən avqust sonunda qüvvəyə minəcək. Bu isə o deməkdir ki, növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq. Məhz rəsmi proqnozlar da bunu təsdiq edir”, - qeyd edib.

 Vüqar Bayramov Aİ-nin Rusiyadan nett alışını da xeyli azaldacağına diqqət çəkib:

“Eyni zamanda, Avropa İttifaqı Rusiyadan neft alışını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir. Mavi qaz verilməsində çətinliklər dərinləşir. Bu isə Rusiyaya daxil olan valyutanın həcmini təsir göstərəcək. Payızdan idxalın artması fonunda yenidən xarici valyutaya tələbin yüksələcəyi gözlənilir. Bu isə təbii ki, rublun məzənnəsinə təsirsiz ötüşmür.

Qərb sanksiyaları fonunda Ukraynada müharibə davam edir. Hər gün müharibə qurbanları var”, - deyə iqtisadçı millət vəkili bildirib.

 Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Və zaman keçdikcə bu “əməliyyat” müharibəyə çevrildi, Ukraynanın şəhər və kəndləri yerlə-yeksan olundu, milyonlarla insan köçkün düşdü, vətənini tərk etmək məcburiyyətində qaldı, ölkə iqtisadiyyatına hər gün yüz milyon dollarlarla ziyan dəydi.

Baxmayaraq ki, ABŞ, Aİ  indiyədək Rusiyaya qarşı mindən çox iqtisadi  sanksiya tətbiq edib, lakin bu, Rusiyanı qoşunlarını Ukraynadan çıxartmağa məcbur edə bilməyib.

Sanksiyalar paketinə əlavələr də gəlməkdədir...

Ukraynada isə müharibə davam edir və hər gün milyonlarla dolların, insanların əməyinin göyə sovrulması ilə yanaşı, insan itkisinə səbəb olur, gözü yaşlı ailələrin sayı artır.   

 

 Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN