Cari ildə xaricdəki azərbaycanlılar ümumilikdə 1,6 milyard manat pul köçürməsi edib – 1,3 milyardı Rusiyadan…  

“Bu ilin ilk yarısında xaricdə yaşayan azərbaycanlılar tərəfindən ölkəmizə pul köçürmələrinin (remitənsilərin) həcmində artım qeydə alınıb. Bu dövrdə fiziki şəxslər tərəfindən Azərbaycana 1,6 milyard manat köçürülüb ki, bu da ötən ilin uyğun dövrünün göstəricisindən 3,3 dəfə çoxdur. Köçürmələrin böyük hissəsi, yəni 1,3 milyard manata yaxını Rusiyadan daxil olub. Bu, 4,9 dəfə artım olmaqla ümumi pul köçürmələrinin 80 faizi deməkdir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

 

"Hətta Rusiyadakı bir sıra iş adamları da yaxın qonşuluqda sərmayə imkanları axtarırlar."

Millət vəkili xaricdən ölkəmizə pul köçürmələrinin artma səbəblərini izah edib.

O, qeyd edib ki, şimal qonşumuzdan köçürmələrin həcminin artmasının səbəbi heç də Rusiya iqtisadiyyatının böyüməsi anlamına gəlməməlidir: “2022-ci ilin ikinci rübündə Rusiyanın ÜDM-i illik müqayisədə 4,7% azalıb. Üçüncü rübün yekunlarında isə azalmanın 7.0 faizdən çox olacağı gözlənilir. Başqa tərəfdən, Rusiyadan yalnız Azərbaycan deyil, əksər MDB istiqamətində köçürmələrin həcminin artması müşahidə edilir”, - deyə o bildirib.

Vüqar Bayramov bunun əsas səbəbini Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalarda, rublun qonşu ölkələrin valyutalarına, eyni zamanda manata qarşı möhkəmlənməsində, leqallaşmada, həmçinin inflyasiyada görür.  

“ Bu daha çox Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra bəzi fiziki şəxslərin öz pullarını kənara aparmaq istəyi ilə bağlıdır. Hətta Rusiyadakı bir sıra iş adamları da yaxın qonşuluqda sərmayə imkanları axtarırlar.

Digər səbəb, rublun qonşu ölkələrin valyutalarına, o cümlədən manata nisbətən möhkəmlənməsidir. Belə ki, yarım il öncə 100 rubl 1 manat 40 qəpik idisə, indi bu rəqəm 2 manat 80 qəpiyədək dəyişib. Nəticədə rubl ilə köçürmələr manat konvertasiyasında daha böyük rəqəmlər ilə ifadə olunur. Bu da manatla ümumi köçürmələrin həcminə təsir göstərir.

Eyni zamanda, köçürmələrin həcminin artmasında inflyasiya dərəcəsi də təsirsiz qalmayıb. Belə ki, köçürülən pulların böyük qismi ticarətdə çalışan həmyerlilərimiz tərəfindən həyata keçirilir. İflyasiya onların xərcini artırsa da belə, ümumi dövriyyələrində milli valyuta ifadəsində böyümələr də var. Bu da köçürmələrin həcminə təsirsiz ötüşmür.

Başqa bir səbəb köçürmələrin bu il daha çox leqallaşması ilə bağlıdır. Belə ki, quru sərhədlər bağlı olduğu üçün bank köçürmələrinə daha çox üstünlük verilir və da ümumi həcmə təsirsiz ötüşmür”, - Vüqar Bayramov vurğulayıb.

"Rusiyadan pul köçürmələrin artması uzun müddətli dövrü əhatə etməyəcək."

Bayramovun fikrincə, bütün bunları nəzərə aldıqda Rusiyadan pul köçürmələrin artması uzun müddətli dövrü əhatə etməyəcək və Azərbaycan regionda belə remitənsilərdən asılılığı olmayan ölkə hesab olunur:”Belə ki, pul köçürmələrinin Azərbaycanın Ümumi Daxili Məshuldakı payı cəmi 3.3 faizdir. Bu arada, Qərbin Rusiyaya 8-ci sanksiyalar paketinə viza şərtlərinin sərtləşdirilməsi də daxildir. Bu Rusiya kapitalın Qərbə gedişini xeyili əngəlləmiş olacaq”, - deyib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN