Payız fəslinin gəlməsi ilə əlaqədar qoyunlar arasında infeksion anaerob enterotoksemiya xəstəliyi baş verə və təsərrüfatlara iqtisadi zərər dəyə bilər. Odur ki, bu xəstəliyin vaxtında qarısı alınmalı və aşağıda qeyd edilən tövsiyələrə ciddi əməl edilməklə heyvanlar vaxtında peyvənd edilməlidir.

Axa.gov.az-a istinadən qeyd edək ki, infeksion anaerob enterotoksemiya ağırgedişli infeksion xəstəlik olub, hemorroji enterit, sinir pozğunluğu, böyrək zədələnmələri və ümumin toksikasiya ilə səciyyələnir.

Xəstəlik dünyanın əksər qoyunçuluqla məşğul olan ölkələrində geniş yayılıb. Təəssüflər olsun ki, ölkəmizdə də bu xəstəlik müşahidə edilir.

Xəstəlik sürünün 25-30%-ni əhatə edir və 80-100% letallıqla özünü göstərir. Bundan başqa xəstəlik zamanı təsərrüfatın normal fəaliyyəti pozulur, çünki müəyyən məhdudlaşma tədbirlərindən istifadə edilir ki, bu da müəyyən qədər iqtisadi zərərə səbəb olur.

Təbii halda xəstəliyə ən çox qoyunlar, nisbətən az dərəcədə isə qaramal, at, keçi, donuz, quş və s. növ heyvanlar həssaslıq göstərir. Xəstəlik sürüdə əsasən azhərəkətli yüksək köklük dərəcəsinə malik olan heyvanları daha çox tutulur.

İnfeksion epterotoksemiyada ən çox yazda, sonra isə payız və qışda müşahidə olunur. Xəstəliyin baş verməsində meteoroloji amillər mühüm rol oynayır. Yağışlı günlərdə infeksion enterotoksemiya quraqlıq keçən illərə nisbətən daha çox müşahidə edilir. Ayrı-ayrı coğrafi zonalarda xəstəlik müxtəlif fəsillərdə qeyd olunur. Yoluxma alimentar yolla baş verir.

Xəstəlik törədicisinin mənbəyi xəstə və amilgəzdirən heyvanlardır. İnfeksiya törədicisinin keçirici amilləri kimi torpaq, otlaq sahəsi, durğun su mənbəyi və s. mühüm rol oynayır.

Xəstəlik ildırımvarı, iti və yarımiti gedişlə özünü göstərir. Amilin toksininin xüsusiyyətindən asılı olaraq xəstəliyin komatoz və hemorroji forması ayırd edilir.

İldırımvarı gediş zamanı heyvanlar qəflətən və bəzən 2-3 saata ölür. Belə gediş əsasən körpələrdə və kök heyvanlarda müşahidə edilir, heç bir kliniki əlamətlər görünmür. Bəzən xəstə heyvanlarda ümumi ölgünlük, nəbzin zəifləməsi, hərəkət koordinasiyasının pozulması qeyd olunur. Heyvan yerə yıxılır ağız və burundan serozlu və ya serozlu-hemorroji selik ayrılır. Qanlı ishal, qıcolmalar, dişlərini xırçıldatma və tez-tez sidik ifrazı görünür. Görünən selikli qişalarda hiperemiya nəzərə çarpır.

Xəstəliyin itigedişi zamanı temperaturun 41°C-yə qədər yüksəlməsi, qanlı-selikli ishal, səndələmə hərəkətləri və ətrafların parezi görünür. Bəzən sinir pozğunluğu əlamətləri müşahidə edilir ki, bu zaman heyvan yerə yıxılır, çırpınır və çox vaxt komatoz vəziyyət alır. Əzələlərin gərilməsi nəticəsində baş geri qatlanır. Ağızdan köpüklü maye axır, görünən selikli qişalar anemiyalı olur. Sidikdə qan aşkar edilir. Xəstəlik 2-3 gün, bəzən isə 1 həftəyə qədər davam edir və ölümlə nəticələnir.

Yarımiti gediş yaşlı qoyun və quzularda müşahidə olunur. Belə gediş ya sərbəst halda, yaxud da iti gedişin davamı kimi baş verir. Xəstələrdə ishal, suya hərislik, nəcis kütləsində selik və qan müşahidə edilir. Görünən selikli qişalar solğun-sarı rəngdə olur. Xəstəliyin belə gedişi 10-12 gün davam edir. Bəzən boğaz heyvanlarda balasalma qeyd olunur.

Xəstəliyin xroniki gedişi arıq heyvanlarda getməklə onlarda ümumi zəiflik, anemiya, sinir pozğunluğu əlamətləri müşahidə edilir.

Xəstəlikdən ölmüş heyvan cəsədi köpmüş olur və sürətlə çürümə gedir. Gövdənin tüksüz sahələrində tünd-bənövşəyi rəngdə ləkələr görünür. Ağız və burundan köpüklü, qanlı maye ayrılır. Köks və qarın boşluğunda serozlu-hemorroji eksudat nəzərə çarpır. Epikard və endokardda qan sağıntıları və miokardın boş konsistensiyalı olması görünür.

Enterotoksemiyadan ölmüş qoyun cəsədləri dəriləri və  yunları ilə birlikdə məhv edilir. Cəsədlərin təşrihinə yalnız diaqnostiki məqsədlə xüsusi avadanlıqlarla təchiz olunmuş meydançalarda yol verilir. Həmçinin xəstə və xəstəliyə şübhəli heyvanların ətlik məqsədilə kəsilməsi, südündən və ətinin istifadəsi də qadağandır.

Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qoyunlar vaksinasiya edilməlidir. Vaksinasiya dövründə axtalanma, quyruğun kəsilməsi və qırxım aparılmamalı, çünki onlarda bu dövrdə yara infeksiyalarına həssaslıq yüksəlir. İmmunitetin gərginliyinin aşağı düşməsi üçün vaksinasiyadan 3 ay keçmiş revaksinasiya aparılmalıdır. Peyvənd olunmuş heyvanlarda bədən temperaturunun yüksəlməsi və axsaqlıq müşahidə olunur ki, bu da bir neçə gündən sonra yox olur. Yaşıl otların cücərməsi dövründə və yağmurlu havalarda otlaqlardan ehtiyatla istifadə olunmalı və timpaniya bir neçə heyvanda müşahidə olunduqda heyvanlar həmin zonadan başqa sahəyə aparılmalıdır. Durğun sularda heyvanlar suvarılmamalıdır. Otlaq sahəsinin torpağında mineral yoxsulluğu mövcuddursa heyvanlara bunlar mütləq yemlə verilməlidir.

Onu da qeyd edək ki, yaz və payız fəsillərində qoyunların infeksion anaerob enterotoksemiyasına tez-tez təsadüf edilir  və xəstəlikdən ölüm halları baş verir. Bunu nəzərə alaraq təsərrüfat sahiblərinin və fermerlərin bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən və heyvanların ümumi narahatçılığı zamanı rayon Heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinə müraciət etsinlər. Bildiririk ki, heyvanlarda infeksion anaerob enterotoksemiya qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN