Qumar oyunlarını təbliğ edərək yayanların nəzərinə: Dövlət Xidməti müraciətləri araşdırıb və bir daha sosial şəbəkə fenomenlərinə, influenserə və bloqerlərə, bu reklamların yerləşdirilməsi ilə istehlakçıları aldadan, onlarda çaşqınlıq hissi yaradan bazar subyektlərinə bu kimi əməllərdən çəkinməklə bağlı xəbərdarlıq edib.
***
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir, həmçinin qeyd edilən məsələ ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlər araşdırılır.
TEZADLAR.AZ xəbər verir ki, Dövlət Xidmətinin apardığı araşdırmalar zamanı Azərbaycan Respublikası ərazisində bir sıra internet resurslarında qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib. Sözügedən reklamların yayımının dayandırılması, gələcəkdə bu kimi halların təkrar baş verməsinin qarşısının alınması ilə əlaqədar Dövlət Xidməti, eləcə də müvafiq sahədə inzibati xəta tərkibi üzrə protokol tərtib etmək səlahiyyəti olan digər inzibati orqanlar tərəfindən zəruri tədbirlər görülsə də, hələ də bir sıra internet portallarında bu kimi reklamların yayımlanması hallarına rast gəlinir.
DVX-nın məlumatında bildirlir ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 32.7-ci maddəsinə əsasən, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
"Qeyd edilən hallarla əlaqədar, qanunvericiliyin tələblərinin pozulmasına görə bazar subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə ki, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur.
Dövlət Xidməti qanunsuz reklamların yerləşdirilməsini təmin edən sosial şəbəkə fenomenlərinə, influenserə və bloqerlərə, bu reklamların yerləşdirilməsi ilə istehlakçıları aldadan və onlarda çaşqınlıq hissi yaradan bazar subyektlərinə bu kimi əməllərdən çəkinməklə bağlı xəbərdarlıq edir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, istehlakçılar internet resurslarında keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, idman mərc oyunlarının, qumar oyunlarının reklamı ilə qarşılaşdıqları zaman Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər", - məlumatda qeyd edilir.
***
Göründüyü kimi, müvafiq sahədə inzibati xəta tərkibi üzrə protokol tərtib etmək səlahiyyəti olan digər inzibati orqanlar tərəfindən zəruri tədbirlər görülsə də yenə də "qaz vurub, qazan doldur"maq eşqinə düşən bəzi internet portalları şakərlərindən əl çəkmirlər. Lakin onları 3 min manatdan (fiziki, vəzifəli, hüquqi şəxslər baxımından yanaşılaraq) 40 min manatadək cərimə gözləyir.
Odur ki, Dövlət Xidmətinin xəbərdarlığından yararlanın.
JASMİN