Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyənin bir neçə saytının köşə yazarı, Türkiyə Beynəlxalq Müharibə Cinayətlərini Araşdırma Məhkəməsinin Azərbaycan təmsilçisi və «Təzadlar» qəzetinin (saytının) rəhbəri,

119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd Asif Mərzili Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova dairədə baş vermiş total saxtakarlıqdan şikayət yazıb... Jurnalist təqdim etdiyi maddi sübutları nəzərə alaraq uzun illər Ramiz Mehdiyevin sayəsində və göstərişləri əsasında Ağdamdan deputat edilmiş Bəxtiyar Həmzə oğlu Əliyevin xeyrinə saxtalaşdırılmış seçkinin nəticələrinin ləğvini tələb edir. Asif Mərzili M.Pənahova şikayətində yazır:

"Hörmətli Məzahir müəllim!

Bildirirəm ki, mən- Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyənin bir neçə saytının köşə yazarı, Türkiyə Beynəlxalq Müharibə Cinayətlərini Araşdırma Məhkəməsinin Azərbaycan təmsilçisi və «Təzadlar» qəzetinin (saytının) rəhbəri olaraq bitərəf namizəd kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin məhsulu olan və 2024-cü ilin 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmişəm. Seçki təbliğatı və təşviqatı dövründə digər namizəd (Ramiz Mehdiyevin sayəsində Ağdamdan 20 ildir deputat olmuş) Bəxtiyar Həmzə oğlu Əliyev tərəfindən yol verilmiş çoxsaylı ciddi qanun pozunuları ilə bağlı dəfələrlə Azərbaycan Mərkəzi Seçki Komissiyasının 115 qaynar xəttinə müraciət etmişəm. Lakin şikayətlərim qeydə alınsa da, heç bir tədbir görülməmişdir. Nəhayət, məcbur olub 21 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri olaraq Sizə-cənab Məzahir Pənahova rəsmi qaydada yazılı şikayət təqdim etmişəm. Şikayətimdə bildirmişəm ki, mən müstəqil namizəd olaraq 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizədəm və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat və təşviqat fəaliyyətimi həyata keçirməkdəyəm. Lakin həmin dairədən deputatlığa digər namizəd Bəxtiyar Həmzə oğlu Əliyev indiyədək deputat olduğu 20 il ərzində seçiciləri ilə görüşüb onlarla millət vəkili kimi təmasda olmadığındanindi təbliğat və təşviqat fəaliyyətini qura bilmirnəticədə, qanunsuz əməllərini həyata keçirməkdədirSeçiciləri tərəfindən olduqca sərt münasibətlə qarşılanaBliyev buna görə də başqa qanunsuz yola əl atmışdırOartıq neçə dəfədir seçicilərlə görüşə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müaviniYAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyevlə, eləcə də aidiyyəti icra nümayəndələrinin iştirakı və başqa rəsmi şəxslərlə gedirBu isə Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozulması deməkdir.

 Bəxtiyar Əliyev avqustun 20-də saat 11:00 radələrində isə rayonun «Dördyol-1» köçkün qəzəbəsində, sonra isə digər məntəqələrdə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini  Allahverən Əliyevi, həmçinin Ağdam RİH-nin digər şöbə müdirini, eləcə də adı çəkilən qəsəbənin Musa adlı icra nümayəndəsini öz təbliğatına cəlb etmişdir. Bu barədə seçicilərim tərəfindən mənə video-görüntü təqdim olunmuşdur. Təqdim etməyə hazıram.

 Allahverən Əliyev məntəqə sədrlərinə və icra nümayəndələrinə, yaxud idarə müdirlərinə zəng etdirərək B.Əliyevlə görüşə adam toplamağı tapşırırdı və özü də həmin görüşə qatılırdı. RİH başçısının 1-ci müavinini bu görüşlərdə görəndə isə hamıda belə rəy yaranırdı ki, deməli, Bəxtiyar Əliyev yenə də deputat ediləcək. Bu isə cənab Prezident İlham Əliyevin siyasi iradəsinin məhsulu olan parlament seçkilərinin qəsdən gözdən salınması demək idi. Belə ki, Bəxtiyar Əliyev Azərbaycan Seçki Məcəlləsinin  55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozduğu üçün araşdırma aparılaraq onun namizədliyi dərhal ləğv olunmalı idi. Eləcə də Allahverən Əliyevin əməllərinə hüquqi qiymət verilməli idi. Lakin Sizə etdiyim müraciətim hələ də nəticəsiz və cavabsız qalmışdır.

 Mənim Mərkəzi Seçki Komissiyasına 21 avqust 2024-cü il tarixdə göndərdiyim rəsmi şikayət 34 saylı müraciət qrifi ilə 28 avqust 2024-cü il tarixdə MSK-nın katibliyində baxılmış, MSK-nın eksperti İlkin Şahbazov tərəfindən rəy hazırlanmışdır və tədbir görülməsi üçün Ağdam 119 saylı Dairə Seçki Komissiyasının sədri Sahil Allahverən oğlu Əliyevə göndərilmişdir.

Hörmətli Məzahir müəllim!

 Diqqətinizə çatdırıram ki, 119 saylı Ağdam Dairə Seçki Komissiyasının sədri Sahil Əliyev Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərini kobud surətdə pozmuş Ağdam RİH başçısının birinci müavini Allahverən Əliyevin oğludur. Eləcə də Ağdam 119 saylı Seçki Dairəsinin 50 saylı məntəqəsinin sədri Sahilə Əliyeva Dairə sədri Sahil Əliyevin bacısıdır. Belə olan halda, seçkinin ədalətli keçiriləcəyinə necə inanmaq olardı və nəticələrin Bəxtiyar Əliyevin xeyrinə saxtalaşdırılmayacağına kim təminat verə bilərdi? Hətta bir qrup seçicilərimin, o cümlədən Fikrət Əliyevin avqustun 22-də MSK-nın 115 qaynar xətinə bu barədə fərqli şikayəti də qeydə alınmışdır, lakin yenə də heç bir tədbir görülməmişdir. Əksinə, bir gün sonra şikayətçi F.Əliyev Ağdam rayon İcra  Hakimiyyətinə çağrılımış, ona təziq göstərilmişdir.

 Diqqətinizə çatdırıram ki, MSK tərəfindən ciddi tədbir görülməməsi səbəbindən seçki günü inanılmaz qanunsuzlar təkrarlanmışdır. Bu barədə müşahidəçilərim tərəfindən mənə təqdim olunmuş çoxsaylı video və fotogörüntülər vardır, Sizə təqdim etməyə hazıram. Bu kadrların bir çoxu sosial mediada yayımlanmışdır.

 Bu azmış kimi, seçki günü mənim və digər namizədlərin müşahidəçilərinə qarşı da qanunsuz hərəkətlər davam etmişdir. Azərbaycan Seçki Məcəlləsinin tələblərinə qəti surətdə zidd olaraq, Bəxtiyar Əliyevin tapşırığı və Ağdam rayon rəhbərliyinin göstərişi ilə müşahidəçilərim müxtəlif bəhanələrlə seçki məntəqələrində müşahidə aparmaq fəaliyyətindən kənarlaşdırılmışlar. Mən dəfələrlə MSK-nın 115 qaynar xəttinə müraciət etmişəm, Sizə canlı videomüraciətlər etmişəm, şikayətim qeydə alınmışdır, lakin yenə də heç bir tədbir görülməmişdir.

 Səsvermə prosesində aşağıda siyahısını təqdim etdiyim müşahidəçilərim tərəfindən hər bir məntəqədə səs verməyə gələn seçicilərin sayı xüsusi dəftərdə yazılı, eləcə də foto-video görüntülərlə qeyd edilmişdir. Lakin sonradan həmin məntəqələrdə səslər sayılan zaman faktiki səs verənlərlə seçki qutusundan çıxan saxta bülletenlərin sayı arasında ən azı 5-14 dəfə fərq olduğu üzə çıxmışdır. Və bütün saxta bülletenlər əsasən Bəxtiyar Əliyevin xeyrinə seçki qutusuna atılmışdır. Yaxud, protokollara saxta say yazılmışdır.

 Əlimdə bunları sübut edən kifayət qədər maddi sübutlar vardır. Məsələn, müşahidəçilərimin xüsusi texniki vasitələrlə apardığı qeydlərdən məlum olur ki:

- 4 saylı məntəqəyə 121 seçici gəlibsə, səslər sayılarkən qutudan 545 bülleten çıxmışdır.

-1 saylı məntəqəyə 224 seçici daxil olubsa, qutudan 596 bülleten çıxmışdır.

-55 saylı məntəqəyə 78 nəfər gəlmişdirsə, qutudan 306 bülleten çıxmışdır.

-42 saylı məntəqəyə 272 seçici daxil olubsa, qutudan 400 bülleten çıxmışdır.

-15 saylı məntəqəyə 58 seçici gəlibsə, qutudan 490 bülleten çıxmışdır.

-36 saylı məntəqəyə 135 seçici gəlibsə, qutudan 351 bülleten çıxmışdır.

-15 saylı məntəqədə isə məntəqə sədri Asəf Əsədov, üzvlər- Hilal Quliyev və Yusif adlı şəxs qutuya topa-topa bülleten atmışlar(videokadrlar vardır).

54 saylı Məntəqəyə 108 nəfər gəlmişdirsə, qutudan 360 bülleten çıxmışdır.

-61 saylı məntəqəyə 51 seçici gəlibsə, qutudan rekord həddə- 805 bülleten çıxmışdır və s.

 Demək olar bütün məntəqələrdə eyni qanunsuz hal baş vermişdir və qutudan çıxan artıq bülletenlərin hamısı Bəxtiyar Həmzə oğlu Əliyevin xeyrinə atılmışdır.

 Bundan başqa, məntəqələrin böyük əksəriyyətində kameralar ya qəsdən söndürülmüşdür, yaxud üzü qarşısı xüsusi parçalarla bağlanmışdır. Məsələn, Ağdamın Zəngişalı kəndində məntəqəyə daxil olan seçicilərin kamerada qeydə alınmaması üçün kameranın başlığına qadın corabı keçirilmişdir, bu fakt fotokameranın yaddaşına köçürülmüşdür (Sizə təqdim edilir).

Diqqətinizə çatdırıram ki, sentyabrın 1-də, saat 19:00-da bütün məntəqələrdə səsvermə dayandırılmışdır və bülletenlərin sayılması prosesinə başlanılmışdır. Mən və səlahiyyətli nümayəndələrim 19:20 radələrində 119 saylı Seçki Dairəsinin qarşısına gəlmişik. Ağdam 119 saylı Seçki Dairəsində 68 məntəqə vardır. Bu məntəqələrin dislokasiyası olduqca mürəkkəbdir. Ağdamın mərkəzi sayılan Quzanlı qəsəbəsi ətrafında salınmış köçkün qəsəbələrindən tutmuş, 1993-cü ildə rayonun işğal edilməmiş kəndlərindəki məntəqələrin dislokasiyası da eyni qaydada səpələnmişdir. Rayonun ətraf kənd və qəsəbələrindən kənarda isə məntəqələr belədir:  Bərdədə 9,  Tərtərdə 5, Yevlaxda 4, Gəncədə 2, Ağsuda, Göyçayda, Ağdaşda, Goranboyda isə hər birində 1 olmaqla, məntəqələr vardır. Bu məntəqələrdən Seçki Dairəsinə bülletenlərin sayılıb protokollarının çatdırılması isə ən azı 3-4 saat çəkə bilərdi. Lakin saat 19:30 radələrində bəzi TV-lərdə Bəxtiyar Həmzə oğlu Əliyevin guya 58 faiz səs toplaması barədə feyk məlumat paylaşıldı. Həmin gün məntəqə sədrləri isə  müşahidəçilərimizə protokolların surətini verməkdən faktiki imtina etmişdilər və qanunsuz olaraq Dairə sədrinin icazəsinin olmasını bildirirdilər. Bu da Azərbaycan Seçki Məcəlləsinin bütün tələblərinin kobud surətdə pozulması olmaqla, seçkinin nəticələrinin Bəxtiyar Əliyevin xeyrinə saxtalaşdırılmasına zəmin yaratmaq məqsədli idi.

 Mən sentyabrın 2-də, saat 09:40 radələrində 119 saylı Seçki Dairəsinə gələrək rəhbərlikdən MSK-ya və məhkəməyə şikayət verməyim üçün həm ilkin qərarın, həm də məntəqələrin protokollarının surətinin verilməsini xahiş etdim. Rəhbərlik qəti surətdə imtina etdi və bildirdilər ki, MSK-dan bizə göstəriş gəlməlidir və s. Mən həmin gün saat 10:54 radələrində MSK-nın 115 qaynar xəttinə şikayət verdim, qeydə aldılar, dərhal tədbir görüləcəyini dedilər. Lakin saatlarla gözləsəm də, Dairə sədrinə bu göstəriş verilmədi.

 Hesab edirəm ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbəri olaraq tərəfinizdən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozan və vəzifə səlahiyyətlərini aşan 119 saylı Seçki Dairəsinin sədri Sahil Əliyevin əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdimat verilməlidir. Çünki baş verən qanunsuzluqların hamısı seçkinin nəticəsinin Bəxtiyar Həmzə oğlu Əliyevin xeyrinə saxtalaşdırılmasına hesablanmışdı. Bununla da mənim deputatlığa namizəd olaraq Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulan hüquqlarımın tapdanmasına şərait yaradılmışdır.

 Bu günədək məntəqələrin protokolları və Dairənin qərarının surəti mənə verilmir, nəticədə saxtalaşdırılmış sənədlərdən məhkəməyə və aidiyyəti dövlət qurumlarına şikayət vermək hüququm əlimdən alınmaqdadır.

Çox hörmətli Məzahir müəllim, aşağıda məntəqələrdə müşahilərə aparmış nümayəndələrimin şəxsiyyət vəsiqələrinin surətini təqdim etməklə, onların və öz adımdan xahiş edirəm:

-Şəxsən məni qəbul edəsiniz və Ağdam 119 saylı Seçki Dairəsində baş vermiş qanunsuzluqlarla bağlı kompleks araşdırma aparılsın, həm seçki təbliğatı zamanı, həm də seçki günü yol verilmiş ciddi qanun pozuntularına dair maddi sübutlarımızı nəzərə alaraq 119 saylı Seçki Dairəsinin nəticələrinin ləğvi barədə qərar qəbul edəsiniz.

 Hörmətlə:     Asif Millət oğlu Məmmədov (Asif Mərzili),

119 saylı Seçki Dairəsindən deputatlığa namizəd

QOŞMA: Aşağıda seçki günü baş vermiş saxtakarlıqları qeydə almış müşahidəçi və nümayəndələrimin siyahısını və şəxsiyyət vəsiqələrinin surətini təqdim edirəm (Siyahı ayrıca təqdim edilir-28 nəfər).

 

Bakı şəhəri, 06 sentyabr 2024-cü il".

*** 

Xatırladırıq ki, bu gün Bakı Apellyasiya Məhkəməsi Bəxtiyar Əliyevin xeyrinə saxtalaşdırılmış seçkinin nəticələri barədə Asif Mərzilinin iddiasına baxıb. Məhkəmə MSK-dan rəsmi münasibət bildirilənədək baxılmamış saxlanılıb...

Elçin MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN