Ukraynada başladılan müharibə səbəbindən dünyada bir çox ərzaq məhsullarının bahalaşması və qıtlığı başlayıb.

Proqnozlara görə, bu müharibə bir çox ölkələrdə həm qıtlığa, həm də  aclığa gətirib çıxracaq. Artıq bir çox ölkələr taxıl məhsullarının, həmçinin şəkərin və yağın ixracına qadağa qoyub.

Ukraynadakı müharibə Almaniyada da bəzi ərzaq məhsullarına – un və yağa olan təlabatı artırıb.

Bu barədə “Spiegel” federal statistika idarəsinə istinadən məlumat yayıb.

 Məlumatlara görə, bir həftə ərzində (7-13 mart arası) yağ satışı ötən ilin sentyabr ayındakından iki dəfədən artıq çoxalıb (123 %).

Həmin dövrlə müqayisədə una tələbat, hətta iki dəfə (l206%) artıb.

Qeyd edək ki, artıq Rusiya da rəsmi şəkildə günəbaxan yağının  və kolza toxumlarının ixracına qadağa qoyub. Həmçinin bir müddət öncə Rusiya Ukraynadakı müharibəyə görə Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda “dost olmayan” ölkələrə kənd təsərrüfatı məhsullarının tədarükünü məhdudlaşdırmaqla hədələyib.

Rusiya və Ukrayna isə dünyanın ən mühüm taxıl ixracatçıları sırasındadır. 

Xatırladaq ki, Rusiyanın Ukraynada "xüsusi əmliyyat" adı altında başladığı müharibədən bir aydan çox vaxt ötüb. Müharibə səbəbi ilə Ukraynada ixracat dayanıb.  

Dünən Ukrayna Aqrar Siyasət və Ərzaq nazirinin müavini Taras Vısotski bildirib ki, Ukraynada aparılan müharibə səbəbindən ixracat dayandığı üçün, bəzi ölkələrdə aclıq baş verə bilər.

O, qeyd edib ki, Ukrayna günəbaxan yağının ən öndə gedən ixraacatçısı olmaqla yanaşı soya, quş əti, bal və süd məhsullarının əhəmiyyətli tədarükçüsüdür.

Onun sözlərinə görə, Ukrayna son illər dünyanın taxıl tədarükçüləri arasında ilk beşliyə düşüb, ona görə də bir çox ölkələrə buğda, arpa və qarğıdalı tədarükü ondan asılıdır.

Vısotski qeyd edib ki, Ukrayna məhsullarından ən çox asılı olan regionlar Yaxın Şərq, Şimali Afrika, Misirdir, həmçinin  Cənub-Şərqi Asiya ölkələri, xüsusən də İndoneziya, Koreya, Çindir.

O, vurğulayıb ki,  əgər Cənub-Şərqi Asiya ölkələri müvəqqəti olaraq başqa məhsullara yönlənə bilsələr, o zaman Yaxın Şərq və Şimali Afrika ölkələri faktiki olaraq yalnız Ukraynanın  tədarükündən asılıdır.

"Artıq bir aydan çoxdur ki, limanlar bağlanıb. Təkcə taxıl deyil, ət məhsullarının, xüsusən də mal əti, quş əti, yumurta, süd məhsullarının ixracı da dayandırılıb. Əslində, bu, xeyli qıtlığa və həqiqətən də aidiyyəti ölkələrdə aclığa səbəb ola bilər”, - deyə nazir müavini izah edib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN