Baş Prokurorluq Bakıda 18 il əvvəl baş verən qətllə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Belə ki, 29 dekabr 2003-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində “Qaz-24” markalı avtomaşında Əmirov Ramiz İsa oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bəxtiyar Dadaşov tanışı İlham Məmmədovda 29 dekabr 2003-cü il tarixdə “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədi ilə taksi sürücüsünü oğurlamaq qərarına gəliblər. Bunun üçün “Qaz 24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar, ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçirmişlər, bununla qane olmayıb sonuncunun arvadına zəng edib ərini oğurladıqlarını, sərbəst buraxılması müqabilində pul tələb ediblər.

Lakin bir müddət sonra Bəxtiyar Dadaşov və İlham Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün Ramiz Əmirovu boğaraq qəsdən öldürüblər.

İstintaq zamanı hadisə yerindən götürülmüş maddi sübutlar və izlər istintaq hərəkətləri ilə bir daha yoxlanılıb, həmin vaxt hadisə yerində aparılmış telefon danışıqları təhlil edilib, hadisənin baş verdiyi yerin yaxınlığında yaşayan bütün şahidlər müəyyən edilərək dindirilib.

Keçirilmiş zəruri istintaq hərəkətləri nəticəsində 15 dekabr 2021-ci il tarixdə Bəxtiyar Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçısı olan İlham Məmmədovun vəfat etməsi səbəbindən onun barəsində cinayət işi üzrə icraata xitam verilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN