Hüseyn Səfərov: “Öz cinayətlərini ört-basdır etmək üçün polisdən vasitə kimi yararlanmağa çalışırlar”

 Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. O, iş üzrə zərərçəkən Hüseyn Səfərovdan şikayət edib. Bu haqda redaksiyamıza Hüseyn Səfərov özü məlumat verib. Deyib ki, Mövlam Şıxəliyevin vəkili və yaxın qohumu onu şərləyir: “Arzu Cavadov məhkəmədəki çıxışlarımızın qarşısını almaq üçün mənə şər atır, şantaj edir. Bundan əvvəl bizə yalvarırdı. İstəyirdi ki, Mövlam Şıxəliyevin cinayətləri barədə məhkəmə zalında fikirlərimizi deməyək. Arzu Cavadov mənə deyib ki, Mövlam Şıxəliyev 30 milyon pul vermişdi ki, istintaqa cəlb olunmasın. Sizə vurulan zərəri də ödəyəcək. Narahat olmayın. Mənə Mövlam Şıxəliyevin həyat yoldaşı Aybənizin adına olan mülk də təklif etdi. Dedi ki, mülkü verək, zərərçəkən Akif Qurbanovla öz aranızda bölün, şikayətinizi də geri götürün. Mən də ona dedim ki, bizə vurulan zərəri dövlət ödətdirəcək. Sən arada pul qazanmaq istəyirsən, ona görə də ortaya düşmüsən. Bundan sonra başladı məhkəmə zalında ağzına gələni danışmağa, biz zərərçəkənləri təhqir etməyə, aşağılamağa. Bununla bağlı vəkilim Osman Kazımov vəsatət verdi, zərərçəkənlərin təhqir olunmasının qarşısının alınmasını istədi. Hakim də bu vəsatətlə əlaqəli Arzu Cavadova xəbərdarlıq da etdi. İndi də ara qatır. İstəyir ki, işin mahiyyəti kənarda qalsın, qohumu Mövlam Şıxəliyev də yüngül cəza ilə canını qurtarsın. Mövlam Şıxəliyev vəzifədə olanda dövlətin gücündən bizlərə qarşı istifadə edib və bu çoxsaylı istintaq materialları, sənəd-sübutlar, şahid ifadələri, telefon danışıqlarından çıxarışlarla təsbit olunur. Bu gün də Arzu Cavadovun ağzı ilə bizi şərləyirlər, ondan alət kimi istifadə edirlər. İstəyirlər ki, yenə də dövlətin gücündən bizə qarşı istifadə etsinlər. Polisə də ona görə şikayət edirlər. Öz cinayətlərini ört-basdır etmək üçün polisdən vasitə kimi yararlanmağa çalışırlar. Mən, hörmətli daxili işlər naziri Vilayət Eyvazova məktub yazmışam, Mövlam Şıxəliyevin bizi şərləməsinə polisi qatmağa cəhd etdiyini bildirmişəm”.

Hüseyn Səfərov deyir ki, Arzu Cavadov hər prosesdə Mövlam Şıxəliyevin vəziyyətini ağırlaşdıran, onu ifşa edən ifadələr verildikcə, aranı qatır: “Bu şəxs vəkillik eləmir. Onun işinin adı başqadır. Mən də bilirəm ki, vəkil ən qatı cinayətkarın hüquqlarını müdafiə etməlidir. Burada hüquq müdafiə etməkdən söhbət getmir. Bizi aşağılayan sözlər işlədir, barəmizdə təhqiramiz fikirlər səsləndirir. Belə davranışına son qoymasını istəyirik, bundan da şou düzəldir, eyni zamanda, polisin qismində bir daha dövlətin gücündən bizə qarşı istifadə etməyə çalışır. Unudur ki, daha Mövlam Şıxəliyevin zamanı ötüb, ona olan etibar itib və tam qanuni olaraq cinayətlərinə görə məhkəmə qarşısına çıxarılıb”.

"Təzadlar"

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN