Tanınmış araşdırmaçı-jurnalist Elbəyi Həsənli Azərbaycanın siyasi həyatı üçün önəm və ciddi mahiyyət daşıyan bir məsələyə toxunub. Aşağıda təqdim edirik:

…Hazırda aclıq aksiyasını təkidlə davam etdirən Saleh Rüstəmli istintaqa ifadəsində deyir ki, hər ay Əli Kərimliyə 25-30 min, Qənimət Zahidə isə 2.500 dollar çatdırırdım. Rusiyada yaşayan kimlərsə niyə Əli Kərimliyə hər ay bu qədər pul versin ki? Hər şeyin səbəbi var. Aydındır ki, müəyyən iş adamları hesab edir ki, Əli Kərimlinin yaxın gələcəkdə Azərbaycan prezidenti olmaq şansı var. Ona maddi dəstək verirlər ki, Əli bəy prezident olanda biznes sahəsində onlara müəyyən üstünlüklər tanısın, pul qazanmaq üçün münbit şərait yaratsın. Bu, bütün dünyada belədir. İş adamları perspektivli siyasətçilərdən istifadə etmək üçün bəri başdan maya qoyurlar. Hətta cinayət alıminin avtoritetləri də bu yolu tutublar. Çünki 5-10 milyon dollar qoyub 5-10 milyard qazanmaq olar.

O da aydındır ki, Əli Kərimliyə sadəcə Rusiyadan maliyyə dəstəyi verilmir. AXCP sədrinə adının gizli qalmasını istəyən xeyli pullu şəxs maddi kömək edir. Azərbaycan iqtidarı pul məsələsinə xüsusi həssaslıq nümayiş etdirir. Mərhum Heydər Əliyev dönəmindən Azərbaycanda müxalifətin kənardan maliyyələşməsi məsələsi gündəmdə olub. İlham Əliyev bu məsələdə son dərəcə qərarlıdır. Prezidentin baxışına görə, müxalifətin, xüsusən xüsusi nifrət bəslədiyi AXCP-Milli Şura alyansına maliyyə dəstəyi verilməsi, bu təşkilatın daha da güclənməsinə təkan verə bilər. Bu isə təhlükə səviyyəsinin yüksəlişi deməkdir. Ona görə də bu kimi meyllərin qarşı dərhal və amansızlıqla alınmalıdır.

 Hazırda Saleh Rüstəmliyə qarşı nümayiş etdirilən qəddarlığın arxasında bu amil dayanır... Ortaya belə bir sual çıxır? Bəs, AXCP-Milli Şura alyansı, ümumiyyətlə, Azərbaycan müxalifəti necə maliyyələşməlidir? Bu suala rəsmi səviyyədə tutarlı bir cavab yoxdur. Mənim baxışıma görə, bu məsələni Azərbaycanda dövlət səviyyəsində tənzimləmək lazımdır. Tutaq ki, müəyyən müxalifət partiyalarına dövlət səviyyəsində bəlli bir məbləğdə yardım edilməlidir. Niyə “müəyyən müxalifət partiyalarına” deyirəm? Çünki 60-dan çox müxalifət adlı partiya var. Təbii ki, bu, anormaldır. Yalnız bir neçə nüfuzlu partiyaya yardım göstərilə bilər. Mənə qalsa, AXCP, Müsavat, Real və iqtidar partiyası kimi YAP-a dövlət rəsmi şəkildə maliyyə ayırmalıdır. Əslində isə seçkinin nəticələrinə əsasən dövlətdən yardım almalı olan partiyalar müəyyən olunmalıdır. Bizdə seçki formal xarakter daşıdığından və kütləvi şəkildə saxtakarlıqla keçirildiyindən müxalifət partiyalarının xalq arasındakı reytinqi ilə bağlı konkret nəsə demək çətindir.

Təəssüf ki, YAP iqtidarı müxalifətə qarşı aqressiv münasibət sərgiləyir. Düşünün ki, ana müxalifət partiyası olan AXCP-nin qərargahı belə yoxdur. AXCP-yə qərargah üçün yer verənləri isə süni üsullarla elə cəzalandırlar ki, bir daha kimsə buna cəsarət göstərməsin.

Yəni, YAP iqtidarı Azərbaycan müxalifətinin dövlət hesabına maliyyələşməsinə əngəl törədir. Ona görə də müxalifətçilər maliyyə qaynaqları tapmaq üçün qeyri-qanuni yollara əl atırlar. Nəticədə belə xoşagəlməz mənzərələr ortaya çıxır. Düşünün ki, AXCP gecə-gündüz Rusiyanı söyür, ancaq Rusiyadan gələn maliyyə yardımını da məmnuniyyətlə qəbul edir. Əli Kərimlinin ətrafında xeyli insan kütləsi var. Onların əksəriyyəti işsizdir. Çünki cəbhəçilərin iş-güc sahibi olması yolverilməz sayılır. Hətta Cəbhəyə simpatiya bəsləyənləri də işdən qovurlar. Əli Kərimli ətrafında olan insanlara maliyyə dəstəyi verməlidir. Bunun siyasi məhbusu var, dava-dərmana ehtiyacı olanı var, çörək puluna ehtiyacı olanı var. Hamısı da gözünü Əli Kərimlinin əlinə tikib. Əli Kərimli ordan-burdan pul tapıb bütün bu ehtiyacları ödəməlidir. Partiya lideri kimi onun əsas işlərindən biri də budur...

***

Vəziyyət belədir ki, Azərbaycan dövlətinin maliyyə ayırmadığı partiyalar nəticədə xarici dövlət və təşkilatların təsir altına düşür. Maliyyə asılılığı onları maliyyə havadarlarının dediyi ilə oturub-durmağa məcbur edir. Bu, əlbəttə, Azərbaycan dövləti üçün əlavə problemlər yaradır...

Normalda isə Azərbaycan müxalifəti, qeyri-hökumət təşkilatları dövlətin hesabına mövcud olmalıdır. Yabançılara bağlı olan müxalif partiya və qeyri-hökumət təşkilatları həmişə Azərbaycan dövləti üçün təhlükə olacaq. Çünki yabançıların öz maraqları var. Çox vaxt da yabançıların marağı ilə bizim dövlətin maraqları antaqonist xarakter daşıyır...

Bundan başqa, Azərbaycan vətəndaşlarının azad və leqal şəkildə müxalif partiya və qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərməsinə qoyulan qeyri-rəsmi qadağa aradan qaldırılmalıdır. Yəni mədəni dünyanın istifadə etdiyi qaydalar bizdə də keçərli olamalıdır.

Siz elə düşünməyin ki, təkcə YAP belədir. Əminəm ki, sabah AXCP iqtidara gəlsə, onlar da YAP-a qarşı oxşar metodlarla mübarizə aparacaqlar. Niyə? Çünki Azərbaycanın siyasi elitası mədəni dünyada mövcud olan oyun qaydalarını qəbul etmək gücündə deyil. Bizdə iqtidarda olanlar hesab edirlər ki, onlar əvəzolunmazdır. Heç bir halqa iqtidardan getməli deyillər.

Yaşadığım İsveçrədə ölkəni əsasən 7 nəfər idarə edir. Onlar fərqli partiyaların nümayəndəsidir. Qərarlar da konsensus əsasında qüvvəyə minir. Hər il rotasiya əsasında həmin o 7 nəfərin biri bir il müddətinə ölkənin rəhbəri sayılır. Və bu mexanizm İsveçrə saatı kimi son dərəcə dəqiq işləyir. İsveçrədə əvəzolunmaz siyasətçi yoxdur. Belə iddiada olanları isə məsxərəyə qoyarlar...

Bizdə isə hər bir siyasətçi özünü əvəzolunmaz hesab edir. İqtidarı və ya səlahiyyətləri kiməsə ötürməyi faciə sayır. Hakimiyyətdən getməyi ölüm hökmü kimi qarşılayır...

Ümid edirəm ki, Azərbaycan da nə vaxtsa mədəni dünyanın bir parçası olacaq və sivil ölkələrin siyasi səhnəsində tətbiq olunan oyun qaydalarını qəbul edəcək...

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN