booked.netbooked.net booked.net  

Müğənni Əminə Şirin (vallah, adını birinci dəfədir eşidirəm – E.) bir sayta fanatlardan danışarkən belə deyib: “Dinləyicilərin əksəriyyəti, hansı ki, müğənnini sevib, fanat halına çevriliblər, onlar həmin ifaçını əvvəl söyürlər, sonra isə sevirlər. Bu, bir həqiqətdir”.

P.S. O, nətəhər olur e? Əvvəl sən müğənnini söyüb-sulayırsan, yıxıb yerlə sürüyürsən, süründüyü yerdə birdən, fanatın eşqi dombalır və yerdə sürüdüyü müğənnini elə ordaca sevməyə başlayır. Bir az inandırıcı deyil. Amma fanat əvvəl söydüyünü sonra birdən sevməyə başlayırsa, deməli, o fanat da həmin abır-həyasını itirmiş şou əhlinin bir tayıdır.

***

Məlumata görə, Böyük Britaniya Qarabağın işğaldan azad olunan ərazilərində minatəmizləmə işlərinə 500 min funt-sterlinq pul ayırıb.

P.S. Deməli, dünyanın ən bərk gedən dövlətlərindən biri Qarabağa 500 min funt-sterlinq, yəni hardasa 1 milyon manat pul ayırıb. Vallah, buna bişmiş toyuğun da gülməyi gələr. Bu 1 milyon manat Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londonun bahalı mağazalarından etdiyi alış-verişdən bir neçə dəfə azdır. Heç olmasa, üzərinə həbs qoyduğu Zamirə Hacıyevanın bir neçə milyon dollarını göndərsəydi, dərd yarı idi. O 1 milyon manatı bizdə adi “JEK” müdiri də ödəyə bilər. Hələ 50-100 milyon manat ödəyə bilən bəzi məmurlarımızı demirəm. 500 min funt-sterlinq vermək o boyda dövlət üçün biabırçılıqdır, mən ölüm.

***

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müxtəlif vaxtlarda qadınların bank kartından min dollar oğurlayan Gədəbəy sakini O.Hüseynov saxlanılıb.

P.S. Uşaqda fərasətə bax e... Sonra da deyirik müasir texnologiyadan bizimkilər geri qalır.

***

Politoloq Qafar Çaxmaqlı mətbuata verdiyi açıqlamada Özbəkistanda baş verən hadisələrdən danışarkən belə deyib: “Günün birində Özbəkistana Rusiyanın müdaxiləsi mümkündür”.

P.S. Əlbəttə, mümkündür. Rus ayısı Ukraynada ağır yaralandığından hara gəldi özünü çırpa bilər. Nəticədə, kimlərinsə bu ayının ayaqları altında qalması mümkün görünür.

***

Qəzetlərin birində ABŞ-ın Qarabağa olan ikili münasibətinə həsr edilmiş yazıya belə başlıq qoyulub: “Vətən müharibəsi Minsk Qrupunu gorbagor etdi, bəs ABŞ niyə onu “xortladır?”

P.S. Minsk Qrupu adlı bir qrum bizim üçün bəli, ölüb. ABŞ kimi ikili standartlarla işləyən dövlətlər üçün isə, Minsk Qrupunun “xortlması” vacibdir. Görünür, ABŞ o dünya ilə əlaqələri möhkəmləndirmək istəyir.

***

Məlumata görə, kəndlilər min bir əzabla yetişdirdiyi kartof, soğanı, meyvə-tərəvəzi bazar alverçilərinin əlindən sata bilmir.

P.S. Bu gedişlə heç vaxt sata bilməyəcəklər də... N.Gəncəvinin “Nuşirəvan və bayquşların söhbəti” əsərində, bildiyimiz kimi, bir bayquş o biri bayquşa qızına cehiz olaraq verdiyi xarabalıqlardan danışır. Bu zaman həmin bayquş narazılıqla deyib ki, bəs mən qızıma cehiz verməyə xarabalığı hardan tapacağam? Əvvəlki bayquş isə ona belə deyir: “Nə qədər ki, Nuşirəvan kimi padişahımız var, belə xarabalıqlar da hələ çox olacaq”. İndi nə qədər ki, M.Araz demiş “tamahı daş kəsən mişardan iti” olan bəzi acgöz məmurlar var, yazıq kəndlilərin də bazara birbaşa yolu bağlı olacaq və yetişdirdikləri kartof, soğanı, meyvə-tərəvəzi özləri sata bilməyəcəklər. Bu da ki, əlbəttə, qiymətlərin əl-ayaq yandırmasına səbəb olacaq və olur da.

***

Özbəkistan hadisələrindən yazılan bir qəzetdə məqaləyə belə başlıq qoyulub: “Pərdə arxasında yenə Kremilin barmaq izləri görünür”.

P.S. Kremilin yox, şeytanın barmaq izləri görünür. Çünki bu gün Kremlin özü elə əsl şeytan rolundadır.

***

Xəbər verilir ki, müğənni Röya Ayxan əkiz qardaşlarından biri olan İsmayılın toyuna bir çox şou əhlini dəvət etməyib.

P.S. Maraqlıdır, İsmayılın toyunu atası yox, bacısı Röya keçirir. Özü də bacı, nə bacı? Röya kimi qeyrətli, namuslu, abırlı, həyalı bir bacı ilə, əsl kişi kimi İsmayıl fəxr edə bilər. Belə bacının qardaşına toy tutması... üzr istəyirəm toy etməsi, qardaş kimi İsmayılın qəlbini fərəh hissi ilə doldurur. Əsl fəxr etməli bacıdır, mən ölüm. Özü də Röyanın qardaşının toyuna geyindiyi paltar açıq-saçıqlığı ilə indiyə qədər geyindiyi paltarların yanında doğrudan da əsl toya getməlidir. Ona görə də atası toyda qızına görə o qədər xoşbəxt görünürdü ki, daha sözlə ifadə olunası deyildi. Vallah, Röya kimi ağıllı, kamallı, həyalı qızla bu ata fəxr etməsin, neyləsin?

***

Müğənni Əli Mirəliyev bir sayta xanım müğənnilərin açıq-saçıq geyinməsindən danışarkən belə deyib: “Təzə çıxan qızlar var e, müğənniciklər, məni görən kimi qaçıb, gizlənirlər. Qorxurlar məndən. Bilirlər ki, görən kimi soruşacağam niyə əyninə bir şey geyinmirsən? Daha göstərməyə bir şeyin də qalmayıb, ay ceyran! Səs yox, sənət yox, ancaq açıq-saçıq geyinməklə özünü reklam edir hamısı”.

P.S. Ay Əli müəllim, ay rəhmətliyin oğlu, sizin dövran keçib e... O dövran ki, səs, sənət önəm daşıyırdı. İndi səs, sənət yox, müğənni qızın gözəlliyi və açıq-saçıq geyinməyi keçərlidir. Deyirsən ki, “daha göstərməyə bir şeyin də qalmayıb, ay ceyran”. Əli müəllim, onların göstərməyə bir şeyi olmasa, efirlərə soyunub çıxmazlar. Deməli, göstərməyə hələ bir şeyi qalıb. Göstərməyə daha bir şey qalmayanda efirdən də, sənətdən də, yaddaşlardan da silinib gedəcəklər.

ELÇİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN