booked.netbooked.net booked.net  

«Təzadlar» qəzeti redaksiyasına daxil olmuş aşağıdakı oxucu məktubunu nəticə çıxarmaq üçün təqdim edirik…

«Hörmətli «Təzadlar»!

Mən- Rəyanə Məlik-Aslanova Sizə müracəit edirəm, inanıram ki, məktubuma diqqət ayrılacaqsınız.

Bu il iyunun 16-da Xocavənd rayonunun Tuğ kəndini, dədə-baba yurdumu yenidən ziyarət etmək mənə nəsib oldu. Gördüyüm dağıntılardan sonra hələ də özümə gələ bilmirəm. Bir vaxtlar çiçəklənən diyar ermənilər tərəfindən xarabalığa çevrilmişdir. Tuğdan çoxlu tanınmış şəxsiyyətlər çıxıb. 19-cu əsrin ikinci yarısında açılan kənd məktəbinə verilən yüksək status isə, hətta bütün Rusiya imperiyasında nadir hadisə idi. Tuğdan qayıdarkən kəndin ilk məktəbi barəsində məlumatı mümkün qədər ictimaiyyətimizə çatdırmaq qərarına gəldim. Tuğ kəndində məktəbin yaradılmasında bilavasitə iştirak edənlərin varisi olaraq bu təhsil ocağı və yeri haqqında qısa məlumat vermək istərdim. Təəssüf ki, bəzən yerli kütləvi informasiya vasitələrində tarixi həqiqətə uyğun olmayan və Xocavənd rayonunun Tuğ kəndində ilk məktəbin yaradılması və yerləşməsi ilə bağlı etibarlı mənzərəni təhrif edən materiallar ortaya çıxır. Yaxud, bir vaxtlar bu kənddə baş verənləri səthi bilən və ya heç bir əlaqəsi olmayan insanlar danışır.

 Bəzi mənbələrə görə, məktəb 1885-ci ildə, bəzilərinə görə isə 1883-cü ildə açılıb. İmperator II Aleksandrın fərmanına əsasən isə, məktəb Rus-Avropa tipli məktəb adına layiq görülmüşdür. Məktəbin açılışının birbaşa təşəbbüskarları Mehdi bəy və Sadix bəy Məlik-Aslanov qardaşları idi. Bu məktəbin yerləşdiyi binaya gəlincə - ilk məktəb Sadix bəyin evində açılır.  

   Onu da vurğulamaq lazımdır ki, mənim ulu babam Aslan bəy Məlik-Aslanovun həyat yoldaşı Asya xanım (ulu nənəm) Mir Mehdi Xəzaninin qızı idi. Aslan bəyin dəvəti ilə Mir Mehdi Xəzani Tuğa köçür və həmin məktəbdə dərs deyir. Ailəmizdə olan hekayələrə görə, Mir Mehdi Xəzani "Kitabi-tarixi-Qarabağ" ("Qarabağnamə") əsərini ulu babamın evində yaşayarkən yazıb.

 

Keçən əsrin 20-ci illərin ortalarında Tuğun zirvəsində yan-yana yerləşən Aslan bəylə Mehdi bəy qardaşların imarətləri müsadirə olunur və vaxtı ilə qardaşları Sadıx bəyin evində açılan Tuğun məşhur ilk məktəbi həmin binalara köçürülür. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, 2021-ci ilin martında Tuğa səfəri zamanı Dövlətimizin Başçısı İlham Əliyev və Birinci Xanımı Mehriban xanım Əliyeva bu evlərin qalıqlarının qarşısında dayanmışdılar və həmin məktəb haqqında söz açdilar. Mərhum Heydər Əliyevin sərəncamı əsasında 1978-ci ildə Tuğda yeni məktəb binası inşa olunub istifadəyə verilir və yuxarıda sözügedən təhsil ocağı yeni binada fəaliyyətini davam etdirir. Tuğun əksər əmlakı kimi Aslan bəyin və qardaşı Mehdi bəyin evləri də demək olar ki, tamamilə dağıdılıb. Viran qalmış kəndi ziyarət edərkən ürək açan yeganə məqam bu oldu - ulu babamın evinin qarşısındaki bulaqdan su axırdı. Əminəm ki, Aslan bəy və Mehdi bəy Məlik-Aslanov qardaşlarının yaşayış evləri dövlət tərəfindən bərpa edilərək  xalqımızın ziyarəti üçün mədəni-maarif mərkəzinə çevriləcək, və evlərin divarlarına əsl sahiblərinin adları da qeyd olunacaq.

 Hörmətlə, Rəyanə Məlik-Aslanova

 P.S. Şəkillərdə: Aslan bəy Məlik-Aslanovun evinin qalıqları - 16 iyun 2022-ci il.

 Mehdi bəy Məlik-Aslanovun evinin qalıqları - 16 iyun 2022-ci il.

«Təzadlar»dan: bəli, inanırıq ki, Mədəniyyət Nazirliyi və digər aidiyyəti dövlət qurumları tariximizə sahib çıxaraq qaldırılan təşəbbüsü dəstəkləyəcəklər.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN