booked.netbooked.net booked.net  

Bir faiz çatmadığına görə III  II və I dərəcəli əlillik ala bilməyən insanların narazılıqlarının qarşısında Sahil Babayev dayana biləcəkmi?

Ötən həftə Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklər barədə müzakirələr getdi. Bu dəyişikliyi ən çox müdafiə edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevdir. Amma müzakirələr zamanı Sabir Rüstəmxanlı, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Aydın Mirzəzadə, Aqil Abbas, Əli Məsimli, Razi Nurullayev və digər deputatlar bu qanunu sərt tənqid etdilər və ona səs verməyəcəklərini bildirdilər.

Deputatlar tam haqlı idilər. Çünki bu qanuna edilən dəyişikliklər sanki əlillərə “pensiya vermirəm” deməyə  hesablanıb. Müzakirələr zamanı qeyd edildi ki, saxta əlilliyi olanlarla yanaşı, əlilliyə hüququ çatan şəxslərin də təqaüdlərinin kəsilməsi yolverilməzdir. Bu yerdə hamının bildiyi məşhur bir lətifəni, yerinə düşdüyü üçün yada salıb, sonra yenə sözümə davam etmək istəyirəm: “Bir gün meşədə canavar görür ki, dovşan bərk qaçır. Soruşur ki, ay dovşan, hara belə qaçırsan? Dovşan deyir: - Deyirlər, meşəyə bir komissiya gəlib, hansı dovşanın üç qulağı varsa, onun başını kəsirlər. Canavar qəhqəhə çəkib deyir: - Ay dovşan, sənin ki, iki qulağın var, sən niyə qorxub qaçırsan? Dovşan cavab verir: - Bu, çox qəribə bir komissiyadır. Əvvəl dovşanların başını kəsir, sonra qulaqlarını sayırlar”. İndi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) başbilənlərinin savadı o qədər çoxdur ki, dovşanın məsələsində olduğu kimi, əvvəl pensiyanı kəsirlər, sonra onun saxta olub-olmadığını yoxlayırlar. Görəsən, bu “ağıllı” məsləhəti onlara kim verib? Yəni doğrudanmı ƏƏSMN-də xalqını, vətənini, dövlətini, vətən yolunda can qoyan şəhidləri, qaziləri, müharibə veteranlarını düşünən bircə nəfər yoxdurmu ki, pensiyaları kəsmədən, onların saxta olub-olmadığını yoxlaya bilsin? Yoxlama zamanı əlilliyi saxta olarsa, onun pensiyasının kəsilməsindən heç kim narazı qala bilməz. Amma qurunun oduna yaşı da yandırıb, gözünü yalnız aylıq alacağı təqaüdə dikən əlillərin pulunun verilməsini dayandırmaq, ən azından insafsızlıqdır.

Elə Milli Məclisdə də bu barədə çox sərt danışıldı. Deputat Əli Məsimli əlilliyə hüququ çatan şəxslərin pensiyasının yoxlama adı ilə dayandırılması barədə danışarkən belə dedi: “Saxta əlilliklər ləğv olunan zaman xeyli insanın haqqı tapdanıb. Elə adamlar var ki, araşdırma prosesi ilə əlaqədar olaraq 3-4 aydır əlillik dərəcəsindən məhrum olub. Deməli, bu gedişlə bir ilədək onlar əlillik müavinətini almaqdan məhrum olacaqlar. Yoxlama prosesi zamanı haqları pozulan insanlara kompensasiya verilməsi məsələsi həll olunsa, bu sahədəki narazılıqlar xeyli dərəcədə aradan qalxar”.

Narazılıqlar isə bir deyil, beş deyil. Yüzlərlə, minlərlə əlilliyə hüququ çatan şəxslər neçə aydır başı kəsiləndən sonra qulağı sayılan dovşan sayağı zülm çəkirlər. Bir tikə çörəyə möhtac qalıblar. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə yalnız əlillərin pensiyalarını kəsib, doğramaqla məşğuldur. Bu isə insanlarda kütləvi şəkildə dövlətdən narazılıq yaradır. Görəsən, Sahil Babayev bunun fərqindədirmi? Niyə bəs fikirləşən yoxdur ki, müddəti məlum olmayan yoxlama prosesində bu insanlar nə yeyəcəklər? Millət vəkili Aydın Mirzəzadə də öz çıxışında məhz bu məqama toxunub: “Bu insanlar nə ilə dolansın? Əlilliyin bitməsinə 4-5 ay qalmış əlilliyin yoxlanılması prosesi başlasın. Əlilliyi ləğv olunan şəxs də qarşıdakı aylarda təqaüdünü alsın”.

Amma nazir Sahil Babayev deputatların bu çağırışını eşitmək istəmir. Ona görə də təklif olundu ki, Milli Məclisin növbəti iclasında nazir müzakirəyə dəvət edilsin və deyilənləri öz qulağı ilə eşitsin.

Bu barədə danışan deputat Qüdrət Həsənquliyev belə münasibət bildirdi: “Qanun o zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi. Burada 100 faiz sağlamlığının itirilməsi ölüm deməkdir. Ona görə də əmək qabiliyyətinin itirlməsinə görə pensiya təyin edilməlidir. İndi vətəndaş 3-cü qrup əlillik almaq üçün orqanizmin neçə faizi öz funksiyasını itirməlidir? İkincisi, nazirlik bu dəyişikliklərdən əvvəl bizə maliyyə əsasnaməsi təqdim etməli idi”.

Göründüyü kimi, nazir Sahib Babayev qəbul edilməsi üçün Milli Məclisə qanun göndərir, amma oxu atıb, yayı gizlədir. Yəni bu qanunun maliyyə əsasnaməsini göndərməyi məsləhət bilmir. Məhz bu maliyyə əsasnaməsində açılmalıdır ki, hansı faiz dərəcəsinə görə əlillərə neçənci qrup əlillik dərəcəsi veriləcək? O da məlum deyil ki, orqanizmin neçə faizinin itirilməsi deyəndə bütün bədənin, tutaq ki, 30 faizi nəzərdə tutulur, yoxsa hansısa bədən əzasının 30 faizi?  Hazırda qüvvədə olan qanuna görə, bir ayaq dizdən aşağı kəsiləndə ona 3-cü dərəcə əlillik verilir. İndi nazir Sahil Babayevin müzakirəyə təqdim etdiyi qanunda isə, ayağın dizdən aşagı kəsilməsi orqanizmin 30 faizini təşkil etdiyi üçün əlil sayılmır. Yəni vətən yolunda gedən savaşda ayağını dizdən aşagı itirən qardaşımız Sahil Babayevin qanunu ilə əlil sayılmaya bilər. Ona görə ki, nazirliyin hazırladığı yeni qanuna görə, çox mənasız və məntiqsiz bir faiz dərəcəsi kəşf ediblər. Deməli, orqanizmin 31-60 faizini itirənlərə III dərəcə, 61-80 faizini itirənlərə II dərəcə, 81-100 faizini itirənlərə isə I dərəcəli əlillik veriləcək. İndi özünüz təsəvvür edin, orqanizmin 30 faizini itirən şəxsə bir faiz çatmadığı üçün III dərəcə verilə bilməz. Orqanizmin 30 faizi ilə 31 faizini itirənin arasında fərqi nazir Sahil Babayev bizə izah edə bilərmi? Və yaxud yenə də həmin o bir faiz çatmadığına görə II və I dərəcə ala bilməyən insanların narazılıqlarının qarşısında Sahil Babayev dayana biləcəkmi? Agacdan, damdan yıxılaraq, ya da avtomobil qəzaslnda ayagını itirənlə vətən yolunda ayagını itirən arasında S.Babayev fərq görürmü?

Ümumiyyətlə, faizlə əlilliyin müəyyən edilməsini Sahil Babayevin qulağına pıçıldayanın, görüm özü də əlil olsun və o bir faizə möhtac qalsın. Onda bilər ki, bu insanlar nə çəkir? Qarabağda əzalarını itirmiş insanlar çox həssas olurlar. Onlar hər cürə qayğıya və diqqətə layiqdirlər. Lakin onları bu şəkildə alçaltmaq ƏƏSMN başbilənlərini qətiyyən narahat etmir.

Mən hələ bir neçə ay əvvəl ayağı dizdən aşağı kəsilən əlilə 1-ci qrup yox, 3-cü qrup əlillik dərəcəsinin verilməsinə etiraz olaraq, yazmışdım ki, əgər qanun belə tələb edirsə, həmin qanun düzgün deyil və yenidən işlənməlidir. Onu da qeyd etmişdik ki, ağacdan, damdan yıxılan və ya qəza nəticəsində ayağı kəsilən əlillərlə, vətən yolunda ayağını itirən əlil arasında fərq olmalıdır. Vətən yolunda ayağını və digər əzalarını itirən insanların təqaüdü o birilərə nisbətən xeyli artıq olmalıdır. Amma indi Milli Məclisə təklif edilən yeni qanunda bu yoxdur. Deməli, ƏƏSMN başbilənləri vətən yolunda əzasını itirən əlilə qətiyyən hörmət qoymur. Amma Prezident cənab İlham Əliyev bu mövzuda danışanda, hər dəfə qeyd edir ki, şəhid ailələrinə və qazilərə çox böyük həssaslıqla yanaşılmalı və onların hər bir problemi həllini tapmalıdır. Amma nazir Sahil Babayev bu kateqoriyadan olan insanlara indiyə qədər etdiyi hörmətsizliyi artıq rəsmiləşdirərək qanun halına salmaq istəyir. 7 aydır 44 günlük vətən savaşının bitməsinə baxmayaraq, nə səfərbərliklə döyüşə gedənlərə, nə də həqiqi əsgəri xidməti dövründə döyüşdə iştirak edənlərə müharibə veteranı adının verilməməsini demirik. Bu insanlara kommunal xidmətlərinin ödənilməsi məqsədi ilə Prezidentin təyin etdiyi 80 manatlıq təqaüd hələ də verilmir. Yeri gəlmişkən, millət vəkili Siyavuş Novruzova bir müharibə veteranı kimi, bütün müharibə veteranları adından təşəkkür edirəm ki, Milli Məclisin həmin iclasında müharibə veteranlarına verilən 80 manatlıq təqaüdün 130 manata qaldırılmasını təklif edib. 44 günlük ikinci Qarabağ savaşında iştirak edən əsgərlər döyüşdən sonra öz hərbi hissələrinə qayıdıblar, amma 7 aydır onlara müharibə veteranı statusu verilməyib. Bu da istər-istəməz insanlarda narazılıq yaradır. Belə başa düşülür ki, nazir Sahil Babayev Prezidentin göstərişinin əleyhinə olaraq, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına problem yaratmaqla məşğuldur. Axı onları bu şəkildə incitmək, təhqir etmək nəyə və kimə lazımdır? Elə ona görə də millət vəkili Siyavuş Novruzov haqlı olaraq deyib: “Əgər Avropa standartlarını tətbiq ediriksə, əhalimizin də maraqlarını, buna hazır olub-olmadığını nəzərə almalıyıq. Əlillər bir az həssas təbəqədir. Bu həssas təbəqəni incitmək, təzədən yoxlamadan keçməsi, doğrudan da o insanları təsirləndirir. Bir qisim deyir ki, əlil çoxdur, bir qisim deyir azdır. Biz sosializm yarışına girməmişik”.

Amma görünür, nazir Sahil Babayev ucdantutma, ağına, bozuna baxmadan, yəni həqiqi əlillə saxta əlili müəyyən etmədən, onların pensiyasını kəsmək uğrunda sosializm yarışına girişib. Görəsən, nazirin bu sosializm yarışını Milli Məclisin növbəti plenar iclasında dayandıran olacaqmı? Yəni doğrudanmı heç kim Sahil Babayevi inandıra bilmir ki, pensiyanın verilməsini dayandırmadan da əlilliyin saxta olub-olmamasını müəyyən etmək olar. Əgər əlilliyin saxta olduğu məlum olarsa, müavinət dayandırılsın. Olmadısa, həmin əlillər müavinətlərini almaqda dava etsinlər. Bütün əlillərin pensiyasını 3-4 aydır dayandırmaq, hələ bundan sonra da neçə ay yoxlamanın gedəcəyi məlum olmadığından, əlillər çox acınacaqlı duruma düşürlər. Budurmu əlillərə göstərilən qayğı? Budurmu Prezidentin əlillərlə bağlı göstərdiyi qayğıya münasibət? Bu, artıq sözün bitdiyi yerdir. İstərdim, nəinki deputatlar, hətta Prezident Administrasiyasının rəsmiləri də Sahil Babayevə izah etsinlər ki, pensiyaları dayandırmadan da yoxlama aparmaq olar. Mən inanıram ki, ikinci Qarabağ savaşının qalibi Ali Baş Komandan, Prezident cənab İlham Əliyev, nəhayət, Sahil Babayevin əlillərə bu qədər acılar yaşatmasına münasibət bildirəcək. Eyni zamanda, nazirlik tərəfindən Milli Məclisə göndərilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiliklər nəinki deputatların, həmçinin televiziya, mətbuat və saytlar vasitəsilə ictimaiyyətin müzakirəsinə verilməsi təmin edilməlidir.

Elçin Məmmədli   

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN