booked.netbooked.net booked.net  

Bütün saytları bir xəbər başına götürüb: “ “Fəlakət” obrazı ilə tanıan aktyor Elşən Orucov rəsmən boşandı”.

P.S. Allah-allah, bu adam nə vaxtdan aktyor olub? Hələ bu adamın bircə roluna, nə bilim o “Fəlakət”inə baxmışamsa, Allah mənə lənət eləsin. Deyilənlərə görə, bu “Fəlakət” çox düşük və səviyyəsiz bir obrazdır. Deməli, belə bir obraza baxmağın özü bir fəlakətdir. Belə olan surətdə Elşən Orucov adlı bir adam necə aktyor kimi məşhur olub ki, indi onun boşanması bu qədər reklam olunur? Vallah belə bir adama 3 il dözdüyü üçün, ondan boşanan İlahə xanıma qəhrəman adı və göz aydınlığı düşür. Əgər Elşən aktyor kimi məşhur olubsa, onda görün zövqlər necə korlanıb və əsl fəlakət, bax budur.

***

Aktrisa sayılan, amma bircə rolu da gözə dəyməyən, əvəzində soyunub bütün bədən əzalarını çöldə qoymaqla tanınan Pərvin Abıyeva “Həmin Zaur” proqramında özü haqqında danışarkən belə deyib: “Hər şeydən pul qazanmağı bacarıram. Çox nadir hallarda utanıram. Bədənimdən çox razıyam”.

P.S. Yox bir, gəl razı olma da. Bu bədən səni məşhur edib, bu bədən səni aktrisa ola bilməsən də, onların sırasına salıb, bu bədən sənə pul qazandırıb və s. Pərvin xanım, sən soyunmasan, bədənini olduğu kimi göstərməs, kimdir sənin sənətinə pul verən? Çörək ağacı olan o bədənin qədrini bilmək lazımdır.

Pul qazanmaq demiş, deyirsən “hər şeydən pul qazanmağı bacarıram”. Pərvin xanım, burada nəsə bir az qaranlıq qalır e. O hansı şeylərdir ki, onlardan yaxşı pul qazanmağı bacarırsan? Məgər, hər şeyə görə adama pul verirlər? Nə deyim vallah, qalmışam mat-məəttəl.

***

Qəzetlərin birində Ermənistanda seçkidən sonrakı vəziyyətə həsr olunmuş yazıya belə bir başlıq qoyulub: “ “Qarabağ klanı” Ermənistanı vətəndaşı müharibəsinə sürükləyir”.

P.S. Ayə, qoy sürükləsin dayna. Ayə, qoy biri-birilərini qırsınlar dəəə... Necə deyərlər, qırılan onlardan olsun, ağladan bizdən.

***

Müğənni sayılan Zeynəb Həsənli duet ortağı Talıb Tale ilə aralarındakı münasibətə aydınlıq gətirərək bir sayta belə deyib: “Niyə duet oxuduğun insanla sevgi yaşamalısan? Ağzı boş insanların dedi-qodusudur”.

P.S. Zeynəb xanım, mənəvi dəyərlərin itdiyi şou-biznesdə, mən başa düşə bilmirəm, odla-suyun bir yerdə nə alveri ola bilər? Duet ortağı məgər bir oğlan, bir qız deyil? Oğlanla qızın da arasında sevgidən başqa nəsə ola bilər ki? Sevgi olmasa, o oxuduğunuz mahnılar da sevgi ilə doğulmaz və heç sevgi qazanmaz. “Tak şto” Zeynəb xanım, rəhmətlik Arif Quliyev demiş, bu, təbiətin qanunudur.  Sən də  Talıbla bir yerdə durub təbiətin yazdığının əleyhinə gedə bilməzsiniz axı...

 ***

“Abituryent” jurnalının 12-ci buraxılışında göstərilib ki, 9-11 sinif şagirdləri arasında 34 nəfər oxuyub-yazmağı bacarmır.

P.S. Hə, nə olsun? O 34 nəfər yaxşı bilir ki, oxuyub-yazmağı bacaranların heç də hamısı ağ günə çıxmayıb. Oxuyub-yazmağı bacaranların 90 faizi işsizlik problemi yaşayır. Amma siz oxuyub-yazmağı bacarmayan o 34 nəfərdən soruşsanız, görərsiniz ki, onların hər biri pul saymağı yaxşı bacarır. Cəmiyyətdə yüksək mərtəbəyə qalxıb hörmət və nüfuz qazanmaq üçün adama daha nə lazımdır? Vaxt gələcək oxuyub-yazmağı bacarmayan o 34 nəfər pul saymağı yaxşı mənimsədiklərinə görə qazandıqları var-dövlətlə, yaratdıqları biznes şəbəkələri ilə neçə-neçə oxuyub-yazmağı bacarana çörək verəcəklər. Bunu unutmayın. Keçmişdə də belə idi, indi də belədir. Məsələn, öz doğma dilində danışa bilməyən AZAL-ın prezidenti Cahangir Əsgərov, 10 ildən çox, Xətai rayon icra hakimiyyətinin başçısı olmuş yazmağı belə bacarmayan Razim Məmmədov, özünün də etiraf etdiyi kimi, oxuyub-yazmağı bacarmayan, tikinti maqnatı “Şərurlu İsfəndiyar” rum rəqəmi ilə 20-ci əsrə “iks, iks əsr” deyənlər dediklərimizə canlı sübutdur.

***

II Qarabağ savaşında iştirak edən minlərlə  soydaşımız bu günlərdə Prezident sərəncamı ilə orden və medallarla təltif olundu. Bir çox döyüşçülərin adının  bu siyahıda olmaması, həm döyüşçülər, həm də xalq arasında ciddi narazılıq doğurub. Medal almayan döyüşçülərin sırasında Maştağadakı 1 saylı internat məktəbinin yetirməsi olan, döyüşün qızğın vaxtında Hadrudda divara yazdığı “Maştağa - 1 № internat” sözləri ilə ürəkləri riqqətə gətirən Elçin Əhmədovun da adı var. Medal almamasının səbəbini E.Əhmədov mətbuata belə izah edib: “Cəbrayıl, Hadrud, Xocavənd, Xocalının kəndləri və Şuşa istiqamətində gedən döyüşlərdə sona kimi iştirak etmişəm. Medal verilməməsinin səbəbini çox düşünüb analiz etdim. Bircə ağlıma divarıə yazmağım gəldi”.

P.S. Yox, yox, igid qardaşım, yox! Atalar nahaq yerə deməyib: “Ölüyə də yiyə lazımdır, diriyə də...”.

***

Bakıda mühakimə olunan ermənilərdən bəhs edilən yazıya bir qəzetdə belə bir başlıq qoyulub: “Erməni cinayətkarların Bakıdakı mühakiməsinə Qərbin cinayətkar susqunluğu”.

P.S. Rəhmətliyin oğlu, Qərb Ermənistanın Qarabağı 30 il işğalda saxlamasına susub, bir kəlmə deməyibsə, 5-10 cinayətkar erməni dığasına görə dillənəcək? Ay hay, ölmüşdü Xankişi. Adam öz cinayətkar ortağını “baqaja” qoyar?

***

Düşük hərəkətləri və səviyyəsiz danışıqları ilə, televiziya rəhbərindən başqa bütün xalqı boğaza yığan Zaur Kamal “keçən dəfə Hüseyn deyir ki, 30 manatdan atışın, bağ evimə gəlin. Kabab çəkəcəm. Heç utanmadın o sözü deyəndə?” - sözlərinə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu belə cavab verib: “Bəs sən utanmırsan camaatdan pul alanda? İstəmirəm açıqlamaq”.

P.S. Ay Hüseyn bəy, ay rəhmətliyin oğlu, sən nə qoyub, nə axtarırsan? Zaurda bircə qram utancaqlıq hissi olsaydı, arvad müğənniləri başına yığıb qeybət eləməzdi. Zaurda utanan üz olsaydı, nə danışdığının fərqində olardı və ağzına gələn qatıq sözləri danışıb xalqın bu qədər nifrətinin qazanmazdı. Zaurda utanan sifət olsaydı, Allahın verdiyi o boyda boy-buxunu, düşük hərəkətləri və düşük danışığı ilə kiçildib bap-balaca eləməzdi.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN