booked.netbooked.net booked.net  

Yəqin ki, qəbul edilən bu qanundan sonra hakimlərin ədalətsiz qərarları və Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayı bir az da artacaq...

Bu günlərdə Milli Məclis Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyi qəbul etdi. Qanunda vəkillərin məhkəməni əsassız yerə uzatmasına görə 500 manata qədər cərimələnməsi nəzərdə tutulur. Bir jurnalist olaraq düşünürəm ki, bu qanun ədalətlə işləyən vəkillərin məhkəmələrdən kənarlaşdırılmasına xidmət edir. Görəsən, kimin ağlına gəlib ki, vəkillər cərimələnməlidir? Bəzən vəkillər imkansız insanların müdafiəsi üçün çox cuzi məbləğ müqabilində onlarla müqavilə bağlayırlar. Məlum olduğu kimi, vətəndaşın müdafiəsi üçün 500 manata müqavilə bağlayan vəkil onun müəyyən məbləğini Vəkillər Kollegiyasına da ödəyir.

Belə çıxır ki, hakim min bir bəhanə ilə onun mənafeyinə toxunan, yəni kefi istədiyi qərarın çıxarılmasına mane olan vəkili 500 manat cərimələsə, vəkil vətəndaşdan aldığı 500 manat pulun müəyyən  hissəsini Vəkillər Kollegiyasına ödədiyindən, həmin məbləği də üstünə qoyub hakimin əsassız cəriməsini ödəməlidir. Bu isə, sadə, imkansız vətəndaşların məhkəmələr qarşısında vəkilsiz, yəni müdafiəsiz qalacağı, həmçinin cibinə əlavə ziyan vurulacağı anlamına gəlir. Görəsən, bu qanunun qəbulunu kim icad edib?

Qanunun müzakirəsi zamanı Milli Məclisin vitse-spikeri Əli Hüseynli yaranan narazılıqla bağlı belə dedi: “Əsas narazılıq 174-cü maddə ilə bağlıdır. Mövcud Məcəllənin 120-ci maddəsi bunu nəzərdə tuturdu, məbləğ isə qeyd edilmirdi. Ancaq biz cəriməni 500 manatadək ifadəsi ilə konkretləşdiririk. Bu, 100 manat da ola bilər, 150 manat da. Bundan əvvəl isə 120-ci maddəyə əsasən vəkil 1000 manat məbləğində cərimə oluna bilərdi. Lakin bu, çox nadir hallarda baş verir. Çünki vəkillər ədalət mühakiməsinin subyektidir”.

Millət vəkili Siyavuş Novruzov haqlı olaraq məhkəmələrin də cərimələnməsini təklif edib: “Məhkəmə cərimələnmə siyasətində maraqlı olacaq. Çünki bu cərimələr onun işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək. İkinci problem düzgün qərar çıxarmamaqla bağlıdır. Bunun ziyanı vətəndaşa dəyir. Buna görə məhkəmələr cərimələnməlidir. Azərbaycandan AHİM-ə gedən işlərin çoxunda Azərbaycan hökuməti məhkəmənin düzgün qərar çıxarmamasına görə cərimə ödəyir. Əslində məhkəmə insanların haqlarını müdafiə etməlidir. Bu gün biz qəbul etdiyimiz bu layihə ilə yalnız məhkəmənin haqlarını müdafiə edirik, vətəndaşın yox...”.

Göründüyü kimi, yeni qanun haqqında fikirlər haçalanır. Hər halda, qəbul edilən bu qanun vətəndaşın xeyrinə deyil. Ona görə də  vəkillərin və vətəndaşların mənafeyinə toxunan bu qanun barədə rəy öyrənmək üçün bir neçə vəkillə əlaqə saxladıq. Burada da fikirlər müxtəlif oldu. Amma ümumi fikir belə oldu ki, doğrudan da belə bir qanunun qəbuluna ehtiyac yox idi.

Rəyini öyrəndiyimiz vəkillərə iki sualla müraciət etdik:

  1. Vəkillərin cərimələnməsi hakimlərin istədiyi qərarları qəbul etməsinə və qanun tələb edən vəkillərdən canını qurtarmasına şərait yaratmırmı?
  2. Bu qanun sadə vətəndaşları məhkəmə qarşısında müdafiəsiz qoymaq demək deyilmi?

Vaxtilə haqsız yerə həbs olunmuş, lakin sonradan həbsinin qanunsuz olduğunu Avropa Məhkəməsində sübut edərək, bəraət almış hüquqşünas Yaşar Ağazadə suallara belə cavab verdi:

 

“Yox, belə deyil. Cərimələnmə haqqında qanun əvvəldən var idi. İndi qəbul edilən qanundan da görünür ki, doğrudan da məhkəməni əsassız yerə uzatmaq istəyən vəkillər var. İşini qaydasında aparan, qanunun tələblərini əsas tutan vəkillərə hakimlər heç bir cəza tətbiq edə bilməz. Normanı sadəcə bir az sərtləşdiriblər. Hesab edirəm ki, bu qanunu qısqanclıqla qəbul etməyə ehtiyac yoxdur. Hakim özü müəyyən edəcək ki, vəkil eyni şey haqqında təkrar-təkrar vəsatət verirsə, bu, təbii ki, məhkəmənin uzadılmasına xidmət edir və cəzanın tətbiqi də düzgündür.

Bu qanun vətəndaşın məhkəmə qarşısında müdafiəsiz qalması demək deyil. Əvvəlki məcəllənin 47.1 və 120-ci maddələrində tərəfləri tərbiyələndirmək mənasında cəza nəzərdə tutulurdu. Amma məbləğ göstərilmirdi. İndi isə 500 manata qədər məbləğ göstərilir. Hesab edirəm ki, bu qanun lazım idi”.

Vəkillər Kollegiyasının 18 saylı Vəkil Birosunun üzvü, işlədiyi dövrdə 50-ə qədər bəraət hökmünün çıxarılmasına nail olan vəkil Əlizadə Kazımov suallara belə cavab verdi:

 

“Vəkillərin cərimələnməsi haqqında bu qanun, vəkil kimi birmənalı olaraq bildirirəm ki, hakimlərin ədalətsiz qərarlarının qüvvədə saxlanılmasına xidmət edir. Bu qanun vəkillərə hədə-qorxu gəlməkdən başqa bir şey deyil. Belə qanun vətəndaşlara qarşı amansız divan tutmaqdır. Onsuz da hakimlər vəkilləri bu gün də cərimələyirdilər. Baxmayaraq ki, əvvəlki qanunun 120-ci maddəsində bu cərimə nəzərdə tutulurdu. Amma burada söhbət maddi tərəfdən yox, mənəvi tərəfdən gedir. Hakimlər vəkillərin verdiyi qanunu vəsatətləri rədd etməklə onları mənəvi tərəfdən cərimələyirdi. Bununla da vəkilin müdafiə elədiyi şəxsin hüquqları tapdalanırdı.

Milli Məclis bu qanunu qəbul edəndə ölkədə baş verən hakim özbaşınalığından xəbərsiz idimi? Mənim bildiyimə görə, Siyavuş Novruzov məhz buna görə məhkəmələrin də cərimələnməsini təklif edib. Amma onun bu təklifi nəzərə alınmayıb. Bu gün hakimlərin çıxartdığı qanunsuz qərarların cəriməsini Avropa Məhkəməsinin qərarına görə Azərbaycan dövləti ödəyir. Niyə? Qoy, o qanunsuz qərarı hansı hakim çıxarıbsa, cəriməni də özü ödəsin. Amma vəkillərin cərimələnməsi haqqında qəbul edilən bu qanun hakimlərin əl-qolunu daha da açacaq və belə qanunsuz qərarların sayı daha da çoxalacaq.

Bəli, qəbul edilən bu qanun vətəndaşları məhkəmə qarşısında müdafiəsiz qoymağa xidmət edir. Bilirsiniz, bundan sonra nə olacaq? Vəkil bir vəsatət verəcək, qəbul edilməyəcək. İkinci vəsatəti verəcək, qəbul edilməyəcək. Nəticədə, hakim məhkəməni yersiz uzatması bəhanəsi ilə vəkili cərimələyəcək və onun haqqında tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edəcək. Sonda isə məhkəmələrdə döyüşən, qanundan başqa heç bir şey tanımayan həmin vəkillər  vəkillikdən uzaqlaşdırılacaq. Beləliklə, sizin dediyiniz kimi, vətəndaşlar məhkəmə qarşısında müdafiəsiz qalacaq. Nəticədə, məhkəmələrdə özbaşınalıq bir az da artacaq”.

Vəkillər Kollegiyasının 3 saylı Vəkil Birosunun üzvü, həmişə qanunun aliliyini rəhbər tutan vəkil Vasif İsrafilovun mövqeyi isə belə oldu:

 

“Düzdür, bəzi vəkillərin məhkəməni əsassız uzatması halları var. Amma indi qəbul olunan qanunda bunun detalları göstərilməyib. Hakim hesab edə bilər ki, verilən vəsatət əsassızdır, vəkil isə hesab edə bilər ki, vəsatət əsaslıdır. Bu baxımdan, qanunda boşluq var. Elə vəsatətlər olacaq ki, bu hakimlərin daxili düşüncələrinə hesablanacaq. Yəni yalnız hakimlər qərar verəcək ki, bu vəsatət əsaslıdır, yoxsa yox? Bu da düzgün deyil. Məsələn, tutaq ki, müdafiə etdiyim şəxs Səbail rayonunda qeydiyyatdadır. Qarşı tərəfin vəkili isə vəsatət verir ki, həmin adam Mingəçevirdə yaşayır və ona görə də iş verilsin Mingəçevir Məhkəməsinə. Onda hakim haqlı olaraq qərar verə bilər ki, bu vəsatət işin uzadılmasına xidmət edir. Ümumiyyətlə, hesab edirəm ki, vəkilin cərimələnməsi, onun fəaliyyətinin məhdudlaşdırılması düzgün addım deyil. Vəkil adi insan deyil, hüquqşünasdır və insan həyatını qoruyur. Onsuz da əvvəlki qanunun 120-ci maddəsində vəkilin cərimələnməsi nəzərdə tutulurdu. Amma bu, çox nadir hallarda baş verirdi. Amma indi hansısa vəsatətə görə vəkilin cərimələnməsi yolverilməzdir. İnanıram ki, bu qanun vəkillər tərəfindən birmənalı qarşılanmayacaq. Vəkillərin cərimələnməsi vəkilləri məhkəmələrə qarşı, məhkəmələrin də vəkillərə qarşı qoyulmasına gətirib çıxaracaq.

Qaldı vətəndaşların bu qanunla müdafiəsiz qalmasına, yox, belə deyil. Bu qanunun ziyanlı və xeyirli tərəfi də var. Ziyanlı tərəfi odur ki, mən məhkəməni uzatmaq istəsəm, daha bunu edə bilməyəcəm. Bu, Mülki Məcəlləyə aiddir. Xeyirli tərəfi  odur ki, qarşı tərəf əsassız yerə məhkəməni uzatmaq istəsə, mən bu qanundan faydalanacağam. Yəni bu qanun vəkilləri daha səmərəli işləməyə məcbur edəcək. Aydın məsələdir ki, məhkəmədə iki tərəf olur. Bu qanun da birinin xeyrinə, digərinin ziyanına olacaq. Bir də ki, bu qanuna görə, vəkillər perspektivsiz görünən, yəni məhkəmədə uzadılması mümkün olmayan işləri götürməyəcəklər. Amma ümumilikdə hesab edirəm ki, hər hansı bir cərimə ilə vəkilin fəaliyyətinə müdaxilə etmək düzgün deyil. Vəkillər qanunun tələbindən kənara çıxarsa, Vəkillər Kollegiyası var. Ora müraciət edilir və həmin vəkil barədə müəyyən tədbirlər görülür. Ona görə də belə bir qanunun qəbuluna ehtiyac yox idi”.

Göründüyü kimi, ümumi fikir belə oldu ki, vəkillərin cərimələnməsi barədə qəbul edilən qanun yalnız hakimlərin əl-qol açmasına, onların istədikləri qərarı qəbul etməsinə şərait yaradır. Belə çıxır ki, bu gündən sonra Avropa Məhkəməsinə göndərilən işlərin və Azərbaycan dövlətinin cərimələnməsi haqqında çıxarılan qərarların sayı bir az da artacaq. Görəsən, bu cür qaununu qəbul etdirməklə dövlətimizi istəməyən qüvvələr kimlərdir?

Hazırladı:

Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN