Nizami Süleymanoğlu

...Toplumlar içlərində daşıdıqlarını çöllərində bulur. Zavallı millətlərin ən böyük çatışmazlığı öz müqəddəratlarına laqeyd olma vərdişidir. Bu hal hətta bəzi çoxmilyonlu toplumlarda xroniki hala keçib. Bu xroniki xəstəlik - daşıyıcılarını tarix səhnəsində kiçik saxlamaqla nəticələndirir. Nəticədən nəticə çıxarmaq əvəzinə şovinizmi, Qlobalizmi, və sair izmləri bəhanə edirlər. Əlbəttə, səbəblər səbəblər kimi ola bilər, ancaq səbəblər bəhanələrə çevrilməməlidir.

Plastlinin istənilən formaya düşmə xassəsi onun plastlinlik, istənilən cürə əyilmə fitrətindən gələr. Ancaq qızıl nə qədər əridilsə də, qızıllığından heç nə əskilməz. Sadəcə forma dəyişər, çəki qalar. Yəni qızıl məzmununu, mahiyyətini itirməz. Böyüklük üçün doğulmada, yaranmada böyüklük bacarığı da olur. Kiçiklərin böyük olmaq arzusu isə bəhanələrə sığınır.

Uzaqgörənliyə ağlı çatmayanlar dünya gerçəkliyini anlamaz. Bu azmış kimi, anlayanları da öz içindən güdaza vermək yarışına girər. Bu minvalla öz içlərində haqsızlığı böyüdərək kiçilmələrini daha da kiçildər, güclərini parçalayıb passivləşər, problemlərini isə dərinliyə fəallaşdırarlar.

Sadiqlik ruhaniyyətin təməl əsası olduğuna görə ziddi xəyanətdir. Belə toplumların nadir istisnalarla ziyalıları, yazıçı şairləri, sözdə elm adamları da əməllərində etibarsız ola bilir... Savadlıların dönüklüyü isə sonda adilərin dönüklüyündən xeyli betər olur.

Məhdud düşüncə sərhədli məqsədlər üçün kafi və faydalı ola bilsə də, insani potensiala pərdə də olur. Bu mənada sürü zehniyyətinə, marağına sahib olanlar dünyada baş verən tarixi proseslərdəki hadisələrin gerçək mahiyyətini, məqsədlərini, stratejisini olduğu kimi anlamaqdan uzaqda qalır.

DÜNYAYA GÜCLÜ VƏ UZAQGÖRƏN OLANLARIN BİRLİYİNİN ÖZƏL QANUNLARI HÖKMRANLIQ EDİR...

Hər kəs çaylar cənnəti Ukrayna mövzusunda V.V.Putinə öz dövlətinin, özünün və ya mənəvi - humanist və s. mövqelərindən baxır. Ancaq Putin bir başqadır, Qlobal gedişat üçün bu tarixi dönəmdə O, çox xüsusidir. Strateji təcrübə deyir: Tarix qarşı tərəfdəki rəqibinin başqa bir alternativi olmadığını düşünən liderlərin məğlubiyyətləri ilə doludur...  

 Kiçikliyin ortaq eyniliyi kiçiklik, böyüklüyün ortaq eyniliyi böyüklük olar. Kiçik düçüncəli başlara nə böyük dərdlər sığar, nə də böyük düşüncələr... Onların zamana baxışları da fərqli! Zamanı ziyana işlətmək - həmin zamanı öz əleyhinə çevirmək deməkdir. Çağdaş zamanın adına, ünvanına, gedişatına baxın: Qlobalizm...

***

Çox təzadlıdır, Qlobal İdarəçilərə ironikcə “sürüngənlər” deyirlər. Ancaq gerçək bu ki, SÜRÜNƏN BƏŞƏRİYYƏTİN ŞÜURUDUR...

Qlobalistlər israrçıdır. İsrar mətin iradədir, təkrarı sevər. Onlar israrlarını uzaqgörən şüurları ilə şüuraltına keçirib bunu vərdişə çevirib. Son bir-iki əsrin dünya proseslərinə baxın. Bacarmış olanlar daha uğurla bacarar. Qlobal israr tarixi təcrübələrə əsaslanır. İsrardan bezmək, yorulmaq əminliyin yoxluğundan yaranırsa, qlobal israr bütün dünyada əminliyini təzahür etdirir. Niyyətlərinə diqqət edən qlobalçılar məqsədlərini nəzarətlə bəsləyir ki, istədikləri nəticəni yarada bilsinlər.

Onlar uzaqgörənliklərinə çoxşaxəli niyyətlər yükləyir. Biliyin uğurla işə yaramasının əsasını həm də lazımi niyyətlər istiqamətində işlətməkdə görürlər.

Ona görə də hər hansı sahədə gücü istədikləri hədəfə, istədikləri miqdarda və istədikləri zamanda yönəldə bilirlər. Onlar zaman sərmayəsinə amalları istiqəmətində çox böyük mənalar yığır. Yəni Qlobalistlər öz inamlarının, fəaliyyətlərinin sərhədlənməsi ilə nəinki qətiyyən razılaşmır, hətta anti-qlobal təzahürləri öncədən cilovlayır və ya nəzarətdə saxlayırlar. Perspektivi öncədən mənimsəmək və buna çoxtərəfli zəmin hazırlamaq Qlobalizmin müstəsna fitrətindədir. Dünya hakimlərlə məhkumlara bölünmüş kimidir. Nə isə... Bu mövzunu istənilən həcmdə yeri gəldikcə uzatmaq olar. Ancaq bu yazıda vaxtdır, konkretliyə varım.

TÜRK DÜNYASINDA PAFOS JANRI, YATIZDIRICI TƏSƏLLİVERİCİLİK DAVAM EDİR.

Turandan ağızdolusu danışırlar. Azadlıq hissi, özgürlük duyğusu ümumilikdə Türklərin arzularındadır, əməllərində deyil. Gerçək bu ki...

TÜRK DÜNYASI MƏNƏVİ ÖZÜNƏQƏSD PROSESİ İÇİNDƏDİR, MƏNƏVİ QƏTLİAM MƏRHƏLƏSİ YAŞAYIR. Yeri gəlmişkən: az qalır ki, adam utana...

Neyləməli ki, kainatda heç bir şey hikmətsiz cərəyan etmir. Həyat gərginlik qanunu üzərindədir. Gözünə imkan daxilində sevgi, sayğı, anlayış qatmalısan ki, ovuna biləsən. Türk dünyasının fərdi, individual fədakarlığını ümumtürk fədakarlığı səviyyəsinə qaldırmaqdan başqa, kəsə çıxış yolu görünmür. Ancaq...

DÜNYANIN ƏN UCQAR, ƏN GÖRÜNMƏZ MƏNTƏQƏLƏRİNDƏN DƏ ATATÜRK GÖRÜNÜR...

Özünəxaslığa meyl dəyişməz qanunauyğunluqdur ki, təbiət, cəmiyyət, milliyyət hadisələrində də təzahür edər. Ancaq İŞIĞI GÖRMƏYƏNLƏR İŞIĞI ANLAMAZ. Hər millət, hər bir toplum öz mənliyini, heysiyyətini uca tutaraq zərurət yarananda fikir enerjisi ilə ideya, amal savaşlarına qatılmağa borcludur. Çünki qatılmasa, o toplumu həmin savaşlara istənilən bəhanələrlə sürükləyəcəklər. Var olmaq istəyən toplum əzminə, fədakarlığına, səmimiyyətinə güvənib, mübarizəsinə inanmaqla bu yoldakı maneələri aradan qaldırmalıdır.

ÖZÜNÜMÜDAFİƏ ÇOXCƏHƏTLİDİR. Toplumun daxili aləmi nə qədər zəngin, idrakı nə qədər genişdirsə, özünümüdafiə üsullarını da o qədər çox və asan tapa bilir. Bir şərtlə ki, mübarizə ardıcıl ola. Onda yollar görünür, üfüqlər açılmış olur.

Hz.Yusif misallı yalqız

Esse

Onu 40 arşın quyuya salmışdılar. Bir addım irəli də bir addım geri də quyunun bumbuz divarıydı. Ayaqlarının altı da soyuq torpaq... Gen dünya quyunun eni qədər dar ikən, gözlərinin açılı, ya yumulu olması da fərqsiz kimiydi. Göy üzü 40 arşın hündürlükdəydi. Dərinlikdə isə O, yalqız...

Yuxarıda quyunun ağzındakı kəndiri də götürmüşdülər ki, dadına yetən olmasın.

Əvəzində ətrafa qalaq-qalaq qara-boz daşlar yığmışdılar. Bu həndəvərdən keçənlərə “quyuya daş atın!” göstərişiydi...

Hardan gəlib hara getdiyini bilməyən azğınlar onlara yol göstərəcək birinə o qara - boz daşlardan elə hey atır, atırdılar...

Quyunun tənha sakininə bəladan başqa hər şey vəfasızıydı. Fəqət o inildəyib şikayətlənməzdi. Hər şeyin Allaha əyan olduğu düşüncəsiylə dərdini Ona da deməzdi. Amma quyu onunla şərəfli olduğunu hələ bilmədiyindən onu sıxmaqdaydı. Bir tərəfdən nəmişlik, aclıq, susuzluq, zülmət cəzaları, o biri yandan quyunun ağzından gələn nadan daşları...

Başına tutduğu yalın əlləri nələr çəkmirdi qara-boz daşlardan... Amansız bir inadla daşlar başını yarmağa, quyu şəxsiyyətini sındırmağa girişmişdi. Amma o, Fələyin saydığına xeyli ümidliydi.

Atılan daşları biri-birinə çırpıb sınıq-kəsici yanlarıyla boyu hündürlükdə quyu divarında bir bükümlük, çöməlməklik torpaq oydu. Sığınacaq aldı quyudlan. Artıq bu sığınacaqda gözünün acısını da alırdı. Yuxarıdan gələn daşlar quyudakı daşlara dəyib hərdən sükutu pozduqca, o daşlar altdakıların üstünə yığılırdı. Bu minvalla quyunun dibi sığındığı oyuğa qədər daşlarla  qalxar, o, yuxarıya doğru yeni bir oyuq açar və yerini bir boy dəyişərdi.

Bir zamanlar onu sıxan quyu da, əllərini, çiynini əzən daşlar da indi ona səmimi dost idi. Quyu divarı onu sığınacaqda qoruyurdusa, pis niyyətlərlə atılan daşlar da artıq xoş məramla ona gizli yardım edirdi. Bu daşların onu xilas edəcəyini bilsəydilər daha onları atmazdılar. Fəqət hər şey arxada qalmışdı. Daşlarla dolu quyu tənha sakininə nicat vermişdi.

Ayaqları zülmətdən aydınlığa doğru irəliləyirdi. O, əmin idi ki, bu yol mübarizə qanunları ilə gedilir...

P.S. EMOSİYA QANUNU:

Diqqətinizi hansı emosiya üzərində cəmləsəniz, həmin emosiya - üzərinə yanacaq tökülmüş alov kimi güclənəcək. Həmişə elə işlər olur ki, onlardan öncə mütləq hansısa başqa işlər görülməlidir. Bu məntiqi ardıcıllığı dəqiq müəyyən edin. Siz məqsədlərinizə doğru hərəkət etdikcə, məqsədləriniz də sizə doğru hərəkət edər. Ən vacib vərdiş məqsəd qoymaq vərdişidir.

Sufİyanə

Mənəvi mövzuda yazan qələmim,

Yaradandan sənə bir izn varmı?

Çox da ki, əminsən, gəlibdi təbin,

Dərilməmiş, dəymiş pak sözün varmı?

 

Bu yolun Allahı, Peyğəmbəri var,

Sonra da ardıcıl gəlir imamlar.

Sadiqlər, vəlilər və övliyalar,

Baş gözündən qeyri, ruh gözün varmı?

 

Fanidən baqiyə boylanmısanmı?

Xəlvət zikirlərlə hallanmısanmı?

Qorlanıb, alışıb bir yanmısanmı?

Səni kül edəcək de, közün varmı?

 

İndi çoxu yazır haqqdan, nahaqdan,

Ariflikmi olur heç oxumaqdan?

Keçmək üçün axirətə sınaqdan,

Zahirən, batinən bir üzün varmı?

 

Aşdınmı qaranlıq mərtəbələri?

Bildinmi Allahdan qəza-qədəri?

Şükürsüz bəlanın olur betəri,

Şükürsüzlüklüyə heç lüzum varmı?

 

Əməldə varsanmı, saf sözün kimi?

Tamam fərqlisənmi, əl izin kimi?

Yəni özünsənmi, sən özün kimi,

Səndə səndən içdə bir “öz”ün varmı?

 

Düşüb müsibətə, gəlib cəzaya,

Riza eylədinmi qədər-qəzaya?

Dualarla yayılaraq fəzaya,

Səcdələr saxlayan de, dizin varmı?

 

Yazıb-oxutmağa fərzli sözünü,

Öncə oxudunmu özün-özünü?

Müşkül düyünlərə bulub çözümü,

Fəzli Məhəmməddən feyzin varmı?

 

Nəfsin istəyindən gəlirmi xoşun?

İxlasdanmı keçir ya qurtuluşun?

Cismində gəzirsən bir yox oluşun...

Ruhunda dolaşan bir hüzün varmı?


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA