Hörmətli “Təzadlar”!
Son günlər sosial şəbəkələrdə və mətbuatda İsrail hərbçilərinin böyük həvəslə Azərbaycan meyxanasını ifa etmələri ilə bağlı videogörüntü və çoxsaylı yazılar yer alıb. Əsgərlər ustadlar ustadı Nizami Rəmzi məktəbinin layiqli davamçısı, müasir meyxana janrının lideri, Allah tezliklə qapısını açsın, Rəşad Dağlının “Şir həmişə şirdir, mənim qərdeşim!” meyxanasının sədaları altında rəqs edib əylənirlər. Sual yaranır: İsraildə Azərbaycan musiqi və poeziyasının improvizasiya janrı olan meyxanaya sevgi haradan qaynaqlanır?
İsraildə meyxana janrının sevilməsində rəhmətlik Nizami Rəmzinin böyük xidməti olub. O, dəfələrlə İsrailə toy və konsertlərə dəvətlər alır, meyxana janrını yüksək səviyyədə təbliğ edirdi. İsrail qəzetlərində Nizami Rəmzi və meyxana janrı ilə bağlı xoş sözlər yazılmışdır. N.Rəmzi belə səfərlərin birinə sonradan “Şöhrət” ordeninə layiq görülmüş Ağasəlim Çıldaqla birgə getmişlər. Nizami Rəmzi dünyasını dəyişəndə İsraildə çoxsaylı yəhudilər Bakıya başsağlığı verməyə gəlmişdilər. Vaxtilə Rəmzi ilə duetlər oxumuş, indi İsraildə yaşayan müğənni Çimnaz Aşurova deyirdi ki, məscidlərin birində 40 gün şairin ruhuna dualar oxundu və ehsanlar verildi.
Nizami Rəmzidən başqa hansı sənətkar bu sevgini qazanıb? Amma Azərbaycanda bəzi “zurna”listlər və “şair”ciklər xalqımızın yaratdığı və folklorumuzun bir qolu olan meyxana janrına ikrahla baxırlar. Rəşad Dağlının paylaşılan meyxanası ilə bağlı saytlarda yazırlar: “İsrail əsgərləri Azərbaycan meyxanası deyiblər” – qəribədir, məgər başqa xalqların da meyxanası var?
Meyxana janrı, ancaq Azərbaycandadır. Bir daha Heydər Əliyev fondunun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadan xahiş edirik ki, meyxana janrını və ona çox yaxın olan Hayla sənətini UNESCO-nun reprezentativ siyahısına daxil edilməsi üçün təşəbbüs göstərilməsinə kömək etsin. Lazım olarsa, bu janrların bütün parametrlərlə (tarixi, etimoloji, linqvistik, ədəbi, etnoqrafik, miniatür rəsm əsərləri, ifaçılıq xüsusiyyətləri və s.) Azərbaycan xalqına məxsusluğu ilə bağlı fakt, sübut və dəllilləri fonda çatdırmağa hazıram. Necə ki, bir vaxtlar fondun əməkdaşları siyasiləşmiş balabanla bağlı mənə müraciət etmişdilər və onlara alətlə bağlı faktları təqdim etmişdim. İndi də adıçəkilən janrların qorunmasının vaxtı çatıb. Sonra deməsinlər ki, niyə alimlərimiz problemlə bağlı vaxtında həyəcan təbili çalmadılar? Bir də görəcəyik ki, ermənilər də meyxana düzüb-qoşub və öz adlarına çıxırlar…
Hörmətlə:
Abbasqulu Nəcəfzadə,
sənətşünaslıq elmləri doktoru,
professor