Yaxud, Elnurə Abışova nədən və kimdən narazılıq edir? Niyə özündən və yazdığı yazısından yox???
…Bilənlər bilir ki, heç vaxt, hətta ən çirkin və qərəzli yazıları, statusları ilə üstümüzə gələn xanım yazarlarla söz güləşdirməmişik. Çünki şəxsi maraq və istəkdən doğan belə ilişmələrə fikir versək 33 ildir «Təzadlar» adı ilə gəldiyimiz və getməkdə olduğumuz yolda yorulub əldən düşərdik. Həmişə ədalətli olduğumuzu bilib başımız üstündə haqq olan Allahı görmüşük, başımızı aşağı salıb Azərbaycan adına, Qarabağ naminə bir qarnı ac, bir qarnı tox çalışmışıq. Və mətbuatda az-çox təcrübəsi olanlar da bilir ki, haqqı nahaqqa, arxasız-kimsəsiz şikayətçinin tapdanmış, əzilmiş hüququnu heç bir məmura, hətta ən yaxın dostlarımızın belə xahişinə görə qurban verməmişik.
Gəlirəm mətləbə: sosial mediada meydan sulayan, azadmedia.az saytının rəhbəri olan, həmişə xətrini çox istədiyimiz Elnurə Abışova dünən Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin jurnalistlər arasında keçirdiyi müsabiqə yazı-layihəsindən narazı qalaraq jurnalist-yazar adına yaraşmayan qarğışa keçib. «…Heç nə demirəm, yazıları oxuyan hansı münsiflər ki, yazıya jurnalist əməyinə görə yox, jurnalistin harda işləməsinə, kimin dost-tanışı olmasına görə qiymət verib, jurnalistlərin əməyi onların haqqı-haramı olsun, gözündən gəlsin!» yazaraq ardınca özünün rəhbəri olduğu saytda bütün hirsini-hikkəsini kökləyib «Təzadlar»a. «Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – “Veysəloğlu”nun müsabiqəsindən narazılıq» başlıqlı yazısında yazır: «…İddialara görə, müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsi zamanı obyektivlik prinsipi kobud şəkildə pozulub… Jurnalistlərin sözlərinə görə, yazıların məzmunu, peşəkarlıq səviyyəsi və analitik yanaşma əvəzinə, münsiflər heyətinin qərarlarında daha çox şəxsi münasibətlər, iştirakçıların hansı media qurumunda çalışdığı və müsabiqəni təşkil edən qurumlara yaxınlığı əsas rol oynayıb… Mərasimdə səhnəyə dəvət edilən adlar da jurnalistlərin bu narahatlığını gücləndirib. Belə ki, bir redaksiyanın dörd əməkdaşının, digərinin isə iki əməkdaşının eyni müsabiqədə mükafat alması… haqlı suallar doğurub. Ən çox narazılıq doğuran məqamlardan biri isə müsabiqədə yalnız dövlət qurumlarına bağlı media subyektlərinin və “Veysəloğlu”nu tənqid edən, şirkəti daim təzyiq altında saxlayan KİV-lərin əməkdaşlarının ailəvi şəkildə mükafatlandırılması olub. Bu fakt bir daha müsabiqənin nəticələrinin ədalətliliyini şübhə altına alıb…» və sair və ilaxır.
Mən hər səhər işə gələndə ilk növbədə Rusiyada yaşayan, bu ölkənin Əməkdar Elm xadimi, tanınmış politoloq, Professor Kamran Rüstəmovun «Təzadlar»a rus dilində göndərdiyi yazılarını saytda yayımlamaqla bərabər, həm də Paşinyanın «X» və FB platformasında onları yerləşdirirəm. Yəni, onun hansısa statusundakı və ya ona şərh yazan yüksək vəzifəli ermənilərin statusunun şərh yerinə bu yazıların linkini göndərirəm. Ona görə də hazırda təkcə Ermənistandan olan izləyicilərimizin sayı yüzə yaxınlaşır. Amma təəssüflər olsun, bu gün bunu etməyə vaxtım olmadı və Abışovaya bəzi mətləbləri izah etməli oldum.
Yeri gəlmişkən, bir vacib məqamı da deyim, yəqinki söz öz sahibini tapacaq: bu gün də AYNA-nın yoldaraltma politikasına görə işə metro ilə gəlməli oldum. Vaqonda əyləşmişdim ki, başımın üstündə bir məktəbli qızı gördüm. Dərhal ayağa durub yer göstərdim, amma bu məktəbli qız oturmadı, təkrarən təkid etdim. Gördüm yenə istəmir, dedim, qızım, mən bu ehtiramı sizə görə etmirəm, bunu ətrafdakı oturacaqda əyləşib telefonda qurdalanaraq, başının üstündə dayanmış qadın və ya yaşlı kişiləri görməməzliyə vuran o cavanlara dərs olsun deyə edirəm. Qız bundan sonra əyləşdi, dərhal özünü görməzliyə vuran cavan oğlanlar dəstə ilə ayağa durub digər yaşlı insanlara yer verdilər…
***
Beləliklə, Abışova yazır ki, «…İddialara görə…».
Niyə iddialara görə, siz ki, həmin müsabiqəyə qatılmısınız, yazın ki, «…müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsi zamanı obyektivlik prinsipi kobud şəkildə pozulub…». Və hamı da sizin həmin yazını (linkini xahiş etmişəm təqdim etsinlər, burada oxucular izləsinlər) ləzzət ilə oxusun, görsün niyə obyektivliyinə və ədalətliyinə heç kimin şübhəsi olmayan Professor Qulu Məhərrəmli, Professor Vüqar Zifəroğlu, Parlamentin Komitə sədri, iqtisadçı alim Azər Əmiraslanov, iqtisadçı alim Vüqar Bayramlı, tanınmış iqtisadçı ekspert Araz İmanov, Mətbuat Şurasının sədri Rəşad Məcid… kimi ekspertlərin rəyindən, təhlilindən keçən yazılarda hansı ədalətsizliyə yol verilib. Axı siz sosial media qəhrəmanısınız və az qala hər gün bir müsabiqədə, tədbirlərdə… olursunuz və pul mükafatları, Diplomlar və s. alırsınız. İndiyədək kimsə etiraz edibmi ki, yaxşı, ay millət, bu ölkədə Abışovadan başqa jurnalist yoxdur???
Sonra yazırsınız ki, «…Jurnalistlərin sözlərinə görə, yazıların məzmunu, peşəkarlıq səviyyəsi və analitik yanaşma əvəzinə, münsiflər heyətinin qərarlarında daha çox şəxsi münasibətlər, iştirakçıların hansı media qurumunda çalışdığı və müsabiqəni təşkil edən qurumlara yaxınlığı əsas rol oynayıb…».
Xanım, bu qədər yalanın bir sərhədi olmalıdır. Bəli, mən bunu KİVDF-nin vaxtında görmüşəm, katibələr, adını yaza bilməyənlər daim müsabiqə qalibi olurdu. Jurnalistikamıza min şükür ki, MEDİA-nın İnkişafı Agentliyi təsis ediləndən, Mətbuat Şurasına yeni rəhbərlik gələndən həm Azərbaycanda reket qəzet, həm də dostbazlıqla mükafatlandırma yoxdur. Və şəxsən «Təzadlar»ın dünən mükafat alan, təltiflənən əməkdaşlarına söz atan siz xanım Abışova bilirsiniz ki, MEDİA iki ildir bizə layihə vermir. Halbuki həmişə demişəm, deyirəm də, Əhməd İsmayılovun və onun komandasındakı Natiq Məmmədlinin, İlkin Nadirovun, həmçinin digər dəyərli əməkdaşların ədalətinə inanaraq bir kəlmə sizin kimi qan-qarğış etməmişik, fəaliyyətimizə yeni rəng qatmaqla işimizdə davamlıyıq. Amma siz isə haqqı danaraq yazırsınız: «…Mərasimdə səhnəyə dəvət edilən adlar da jurnalistlərin bu narahatlığını gücləndirib. Belə ki, bir redaksiyanın dörd əməkdaşının, digərinin isə iki əməkdaşının eyni müsabiqədə mükafat alması… haqlı suallar doğurub. Ən çox narazılıq doğuran məqamlardan biri isə müsabiqədə yalnız dövlət qurumlarına bağlı media subyektlərinin və “Veysəloğlu”nu tənqid edən, şirkəti daim təzyiq altında saxlayan KİV-lərin əməkdaşlarının ailəvi şəkildə mükafatlandırılması olub. Bu fakt bir daha müsabiqənin nəticələrinin ədalətliliyini şübhə altına alıb».
Xanım Abışova, bu tədbirdə 33 ildir nəşr olunan bir qəzetin 4 əməkdaşı, hamısını gözəl tanıyırsınız, haqq-salamınız da var, müsabiqədə iştirak etmişdi. Biri mənəm, biri həyat yoldaşım Yasəmən Məmmədli, biri özü 1-ci, oğlu isə 44 günlük Vətən savaşının veteranı olan Elçin Məmmədlidir, digəri isə BDU-nun jurnalistikasını bitirib 20 il «Ədalət» qəzetində çalışmış Rövşanə Nağıyevadır. Yaxşı, onlar bu qəzetdə çalışırlar deyə kənara çəkilib sizdən və siz düşüncəlilərdən icazə almalı idi? Peşəkar yazı müəllifləridir və mən 1-ci yerə layiq görüldüm, Yasəmən Məmmədli həvəsləndirici mükafata, digər iki əməkdaşımız isə təşəkkürnamələrə layiq görüldülər. Sizin kimi… Nə Elçin Məmmədli, nə Rövşanə Nağıyeva, nə də yazısı həqiqətən də ən yüksək yerə layiq olmalı Yasəmən Məmmədli kiminsə ünvanına qan-qarğış yağdırmadı. Çünki onların səviyyəsi və dünyagörüşü buna imkan verə bilməzdi.
Ən vacib bir məqam: bizə ünvanlı «…dövlət qurumlarına bağlı media subyektlərinin və “Veysəloğlu”nu tənqid edən, şirkəti daim təzyiq altında saxlayan KİV-lərin əməkdaşlarının ailəvi şəkildə mükafatlandırılması olub» kimi sizə və jurnalist adınıza yaraşmayan cümlənizə gəlincə, deyim, yadınızda qalsın: əvvəla, Yasəmən Məmmədli evdə mənim həyat yoldaşımdır, işdə isə qəzetin əməkdaşıdır. Onun topal «Ohanyan» barədə hələ 2000-ci illərdə yazdığı araşdırma yazı keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən şəxsi təşəkkürə layiq görülmüşdür (nazirliyin o vaxtkı mətbuat rəhbəri Eldar Sabiroğlu yaxşı bilir).
İkincisi, Yasəmən Məmmədlinin araşdırma yazıları Mətbuat Şurasının, MEDİA-nın İnkişafı Agentliyinin yazı müsabiqələrində iki dəfə 1-ci yerə layiq görülüb(https://tezadlar.az/m-kdasimiz-medi-a-f-rdi-jurnali-st-musabi-q-si-ni-n-qalibi-oldu/ https://tezadlar.az/t-zadlar-in-m-kdasi-yas-m-n-m-mm-dli-dsx-ni-n-f-xri-f-rmani-i-l-t-lti-f-edi-ldi/).
Ötən il Qazaxıstanın və Qırğızıstanın rəsmi dövlət qəzetləri (Kazaxskaya pravda» və «Kırqızskaya pravda») «DQR» barədə ciddi siyasi qüsurlu yazılar və xəbərlər paylaşmışdılar. Bundan gecə saatlarında xəbər tutan Y.Məmmədli dərhal həmin rəsmi media orqanlarının elektron poçtuna cavab yazdı, tələb etdi ki, təcili olaraq bu səhvi düzəldin. Səhərisi gün redaksiyanın adından rəsmi cavab yazdıq və həmin gün hər iki qəzetin baş redaktoru elektron poçtumuza üzrxahlıq məktubu yazıb həmin xəbərləri saytlarından sildilər. (https://tezadlar.az/kazpravda-kz-hansi-d-yi-rmana-su-tokur-arutyunyani-sahramanyani-qarabagin-prezi-dent-l-ri-ki-mi-t-qdi-m-edi-r/).
Və Yasəmən Məmmədli qəzetimizdə yazınızda vurğuladığınız hansısa dövlət qurumundan tapşırıq almadan xarici mediada baş verən belə əsassızlıqlara daim cavablar yayımlayıb, qarşı tərəfə ingilis və rus dillərində cavab göndərib. Səhvlər aradan qaldırılıb. Ötən il «ailə mükafatçısı» adlandırdığınız və dünənki tədbirdə də mehribançasına görüşdüyünüz əməkdaşımız Y.Məmmədlinin bu cür araşdırma yazıları MEDİA Agentliyinin yazı müsabiqəsində 1-ci yerə layiq görüldü, yüksək mükafat aldı. Həmin yazının linkini qoyuram, diqqətlə oxuyun və özünüzə hesabat verin: sizin saytda və jurnalist fəaliyyətinizdə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında indiyədək bir cümləniz olubmu??? Amma bizim əməkdaşların (Elçin Məmmədlinin rus dilli yazılarından isə yəqinki xəbəriniz yoxdur) xidmətləri bu mənada yerə-göyə sığmır, ən yüksək mükafatlara layiqdir.
İndi sizə sual edirəm: Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyat yoldaşı Mehriban xanım Əliyeva Azərbaycanı dünyada bir mədəniyyət və sülh elçisi kimi təmsil edir, dünyanın ən yüksək mükafatlarına layiq görülüb! Sizin yersiz məntiqinizlə, belə çıxır ki, Mehriban xanım Əliyeva Prezidentin həyat yoldaşıdır deyə, o, heç bir beynəlxalq tədbirlərdə iştirak etməməli, yüksək mükafatlar almamalıdır? Bu nə düşüncədir!
İkincisi, mənim ən yaxın qohumlarımdan olan İmran Əliyevin 4 oğlu Qarabağ müharibəsində şəhid oldular. Sizin düşüncə ilə, deməliyik ki, niyə bir ailədən 4 qardaş düşmənə qarşı döyüşməli və şəhid olmalıdır???
Xanım Abışova, bir daha deyirəm, şəxsən mən ədalətsizliyi və haqsızlığı heç vaxt qəbul etməmişəm. Neçə il əvvəl bir rektorun yanında gəzən keçmiş deputat Etibar Əliyev və digərləri… «Təzadlar»ı guya həmin rektorun doktorluq dissertasiyası bəhanəsi ilə şantaj etdiyini yazanda, haqqın harda olduğunu sübut etmək üçün min bir əziyyətlə əməkdaşımız Elçin Məmmədli ilə Kiyevə uçduq, Azərbaycanda yoxa çıxarılmış həmin doktorluq dissertasiyasını tapıb gətirdik, qoyduq ortaya. Çünki şəxsən mənə və vicdanı, məsləki ilə Azərbaycana peşəkar xidmət göstərən kollektivimizə böhtan atmışdılar…
Sitatın sonu.
Asif MƏRZİLİ
P.S.Dünən fb statusumda da yazmışdım: ilk dəfədir görürdüm ki, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi adından keçirilən müsabiqədə yazı təqdim etmiş, lakin yer tutmamış jurnalistlər də unudulmadı, onlara da pul mükafatı və Təşəkkürnamə təqdim edildi. Bu bir ilk idi! Veysəloğlu Şirkətlər Qrupu bundan artıq daha nə etməli idi???