Novruz – milli bayramımızdır

Oxunma sayı: 29

Tarix boyu xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək, Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır. Novruz mahiyyəti etibarilə xalqımızın milli varlığı ilə bağlıdır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.

Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın sütünu kimi əbədiləşdirmişdir. Ulu Öndər eyni zamanda Novruz bayramını “sevinc”,”həvəs” və “birləşmə” formulu kimi də səciyyələndirmişdir.

Hətta Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin Azərbaycan xalqına Novruz təbrikində də bu bayramın bizim üçün hansı əhəmiyyət kəsb etməsi öz əksini tapıb. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdirki, “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca və ən gözəl bayramdır. Ailə dəyərləri, milli – mənəvi dəyərlər, adət – ənənələrimiz, mədəniyyətimiz, tariximiz, bütün bu kimi faktorlar Azərbaycan xalqını qorumuşdur. Təəssüflər olsun ki, uzun illər, əsrlər boyu bizlər başqa ölkələrin tərkibində yaşamışıq. Lakin milli xüsusiyyətlərimizi əsla itirməmişik. Düzdür, assimilyasiyaya düçar olmuşuq, lakin öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq.

Göründüyü kimi, cənab prezident İlham Əliyev tərəfindən Novruz bayramı birmənalı şəkildə milli xüsusiyyətlərin – milli varlığın qorunma vasitəsi hesab edilir. Bu yanaşma çağdaş Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin bir müddət əvvəl 21 martı Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir. Xalqımızın milli bayramı Novruzun BMT Baş Məclisi tərəfindən beynəlxalq gün kimi tanınması məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qətnamə layihəsi hazırlanmış, digər dövlətlərlə razılaşdırılması və BMT-də qəbulunun təmin edilməsi üçün ölkəmizin BMT yanında daimi nümayəndəliyinə təqdim edilmişdir. İclasın sonunda yekdilliklə qəbul olunan qətnaməyə əsasən, BMT-nin Baş Məclisi Novruz bayramının şərq və qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideyalarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə martın 21-ni “Beynəlxalq Novruz Günü” kimi tanıyır, BMT-nin üzvü olan dövlətlərin Novruz ilə bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır.

Məqamında bildirimki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin bütün dünyada təbliğində, qədim adət – ənənələrimizin yenidən həyat qazanmasında, beynəlxalq ictimaiyyətə təqdim olunmasında və Novruz bayramının dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilməsində yaxından iştirak edərək əvəz olunmaz xidmətlər göstərmişdir.

Ümumiyyətlə biz Azərbaycan xalqı olaraq Novruz bayramına dövlətin verdiyi dəyəri və önəmi doğru-düzgün qiymətləndirməliyik. Çünki xalqımızın mənəvi mədəniyyətinin, etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində Novruz bayramının rolu olduqca əhəmiyyətli və əvəzsizdir. Azərbaycanda milli adət-ənənəyə uyğun olaraq Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzi sayılır.

Novruz bayramı ilə çox sıx əlaqəsi olan amillərdən biri də Novruz çərşənbələridir. Novruz çərşənbələri dedikdə yazın ilk günündən – 21 martdan əvvəl olan son dörd çərşənbə nəzərdə tutulur.  Aydındır ki, bu çərşənbələr qışın son ayının çərşənbələridir. Bu aya el arasında Boz ay da deyilir. Boz ay fevral ayının 19-dan mart ayının 20-ə qədər davam edərək 30 və ya 31 gün olur.

Azərbaycan xalqının milli-fəlsəfi dünyagörüşündə Novruz çərşənbələri həyatın təməli hesab edilən dörd ünsürlə – od, hava, torpaq və su ilə əlaqələndirilir. Bu səbəbdən də Novruz çərşənbələri – Su, od, yel və torpaq çərşənbələri adlandırılır.

Bu çərşənbələrdən sonra Novruz bayramı ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Hətta şəhərin mərkəzi küçələrində dövlət səviyyəli festivallar keçirilir, tonqallar qalanır, milli adət-ənənələrimiz təbliğ olunur. Bayramın əsas simvolları olan qoğal, şəkərbura, paxlava günəşin, təzə ayın və ulduzların rəmzi kimi, səməni, boyanmış yumurta, qalanmış tonqal, keçəl və kosa isə vazkeçilməz atributlar olaraq hesab olunmuşdur.

Bu gün cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixinin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü daxili və xarici siyasət hesabına əldə edilmiş sosial-iqtisadi, mədəni nailiyyətlər xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandırır.

Fəxarət hissi ilə bildirmək istəyirəm ki, 30 ildən artıq müddət ərzində işğal altında olan torpaqlarımız, Qarabağımız prezident, Ali baş komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsində işğaldan azad olunmuşdur. Bu gün Qarabağımızda təmir-tikinti, abadlıq işləri aparılmaqdadır. Bu işdə dövlət başçımızın əməyi danılmaz faktorlardan biridir. Sevindirici haldır ki, artıq bəzi məcburi köçkünlər Novruz bayramını öz ata-baba yurdlarında təntənəli surətdə qeyd edirlər.

Həmçinin ölkəmizdə Novruz bayramı ilə əlaqədar olaraq qeyri-rəsmi iş günləri elan olunmuşdur. Bu da dövlətin Novruz bayramına verdiyi önəmin bariz nümunəsidir.

Xalqımız Novruz bayramına xüsusi həvəslə hazırlaşır. Bayramdan qabaq evlərdə, həyətlərdə təmizlik işləri edilir. Bağ-bağat səliqəyə salınır, təmizlənir, torpaq şumlanır. Ağacların quru budaqları kəsilir, yeni meyvə tingləri əkilir. Əkin üçün hazırlıqlar görülür.

Novruz bayramında xüsusi bayram süfrəsi hazırlanır. Bu süfrədə noğul, , nabat, şəkərbura, paxlava, qoğal, növbənöv şirniyyatlar, kişmiş, qoz, badam, püstə, fındıq, meyvə quruları, müxtəlif çərəzlər, meyvə şirələri, rəngbərəng boyanmış yumurtalar olur. Süfrənin ortasında səməni qoyulur. Yeməklərin şahı sayılan bayram aşı(plov) bişirilir. Deyirlər ki, Novruz süfrəsində 7 dənə “s” hərfi ilə başlayan nemətlər olmalıdır. Bu nemətlər adətən su (aydınlıq), sünbül (bolluq), səməni (təbiət, yaşıllıq), səbzə (ümid), sumax (bərəkət), süd (ruzi), sikkə (var-dövlət) və s. olur. Bəzən bu nemətlərdən hansısa biri olmayanda saat (uzun ömür), sarımsaq (sağlamlıq), sirkə (dad və zövq) ilə də əvəz edilir. Yəni, hər bir bölgədə “s” hərfi ilə başlayan hansı qida, nemət, ərzaq daha çoxluq təşkil edirsə, onlar da süfrəyə qoyulur.

Novruz bayramı mərasimlərindən biri də qonaq getməkdir. Bayram günü qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı, hədiyyələr apararlar. Qonşular, qohumlar kasıblara, kimsəsizlərə əl tutar, onlara bayram yeməklərindən verərlər.

Novruzda bayram süfrəsinə qoymaq və pay vermək üçün şirniyyatlar da bişirirlər. Həmin şirniyyatlar qoğal, şəkərbura, paxlava və s. olur. Qoğal-günəşin, şəkərbura-ayın, paxlava isə-alovun, ulduzların rəmzi sayılır.

Kosa və Keçəl obrazları-Novruz şənliklərinin ən maraqlı oyunu Kos-kosa, əsas personajları isə təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi əhval-ruhiyyə gətirir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidi, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə də Kosa dirilir. Çox qədim mənbələrdən də aydın olur ki, Novruz mərasimlərində, şənliklərində Kos-kosa oyunundan istifadə olunmuşdur. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı” əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub.

Həmçinin ölkəmizdə Novruz bayramı ilə əlaqədar olaraq qeyri-rəsmi iş günləri elan olunmuşdur.

Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında 12 gün qeyri-iş günü olacaq. Bu barədə Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarında qeyd olunub. Bildirilib ki, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq. Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edib. Beləliklə, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.

Bu da dövlətin Novruz bayramına verdiyi önəmin bariz nümunəsidir.

Hazırladı: Rövşanə

Xəbəri paylaş