Onkoloji xəstələrin müalicəsi Gürcüstan hökumətinin xüsusi prioritetidir. Şiş əleyhinə və xroniki xəstəliklər üçün nəzərdə tutulan dərmanlara qoyulan limitlər aradan qaldırılıb, tibbi xidmətlər üzrə isə pasiyentlərin ödəyəcəyi məbləğin yuxarı həddi müəyyən edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze yeni Cərrahiyyə Klinikasının açılış mərasimində çıxışı zamanı bildirib. Baş nazirin sözlərinə görə, bu addımların əsas məqsədi müalicə xərclərinin pasiyentlər üçün ağır maliyyə yükünə çevrilməsinin qarşısını almaqdır. O qeyd edib ki, 2025-ci ildən etibarən ilkin səhiyyə xidmətlərində profilaktikaya yönəlmiş islahatlara başlanılıb.
Kobaxidze vurğulayıb ki, hökumətin əsas məqsədi vətəndaşların öz ölkələrində keyfiyyətli tibbi xidmət ala bilməsi üçün müvafiq sistem formalaşdırmaqdır: “Bizim məqsədimiz ardıcıl addımlar atmaqla elə bir sistem yaratmaqdır ki, dövlət tibbi xidmətlərin əlçatanlığını, özəl sektor isə müasir texnologiya və imkanları təmin etsin. Nəticədə vətəndaşlarımız ölkəmizdə keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bu layihənin həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə klinikanın rəhbərliyinə, bütün tibb heyətinə və layihəyə öz töhfəsini verən hər kəsə minnətdarlığımı bildirirəm. Bu, ölkəmizin və səhiyyə sektorunun inkişafı istiqamətində daha bir mühüm addımdır. Sizə uğurlar arzulayıram”, – deyə baş nazir bildirib.







