“Sabah” və “Neftçi” avrokuboklara Azərbaycan Kubokunu qazanmaqla yollana bilər.
Bunu aaçıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev cari mövsümdə Misli Premyer Liqasında çıxış edən komandaların avrokuboklara düşmək şansları barədə danışarkən deyib.
Mütəxəssis “Sabah” və “Neftçi” kollektivlərinin Azərbaycan Kubokunu qazanmaqla Avropa Liqasına yollana biləcəyini söyləyib:
“Sabah” və “Neftçi” avrokuboklara ölkə kubokunu qazanmaqla yollana bilər. Baxmayaraq ki, “Sabah” göstərdiyi oyunla qızıl medalı qazanmağa iddialı deyil. Lakin kubok matçları elədir ki, bəzən bir sürpriz nəticə ilə iddialı komandanı mübarizədən kənarlaşdıra bilirsən. Cütün taleyini şans da həll edə bilər. Xal sistemi yoxdur. Ölkə kubokunda mübarizəni davam etdirən “Qarabağ”ı da unutmayaq. İnanmıram ki, “Qarabağ” Azərbaycan Kubokunda asanlıqla uduzsun. İstər oyun, istərsə də heyət baxımından onlar güclüdürlər”.
O, turnir cədvəlində ilk “dördlük”də qərarlaşan komandaların mövqelərini əldən verəcəyinə inanmadığını bildirib:
“Zirə”, “Araz-Naxçıvan” və “Turan Tovuz”un mövsümün sonuna qədər çox xal itirəcəyinə inanmıram. Onların mövqelərini əldən verəcəyi real görünmür. Düzdür, futbol proqnozları sevmir. Adıçəkilən komandalar növbəti turlarda zəifləsələr belə, gərək avrokuboka iddia edən “Sabah” və “Neftçi” hər matçda maksimum nəticə göstərsin ki, bu da çətindir. Çünki aralarındakı xal fərqi böyükdür”.
Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 57 xalla “Qarabağ” başçılıq edir. 45 xalla “Zirə” ikinci, eyni xala malik “Araz-Naxçıvan” isə üçüncüdür. 42 xalı olan “Turan Tovuz” ilk “dördlüy”ü qapayır.