Azərbaycanla Ermənistan arasında sülh quruculuğu istiqamətində fəaliyyət davam edir. Bu, Bakı və İrəvan rəsmilərinin açıqlamalarında da müşahidə olunur.
Tezadlar.az xəbər verir ki, ötən gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündən danışarkən, deyib ki, Bakı və İrəvan arasında sülh prosesinin dərinləşdirilməsi əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə, tərəflər həll olunmamış məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlərin tətbiqi barədə razılığa gəliblər.
Alen Simonyan həmçinin erməni və Azərbaycan cəmiyyətlərinin bir-birinə münasibətinin tədricən dəyişdirilməsinin zəruriliyini vurğulayıb: “30 illik izi təkcə Ermənistanda deyil, həm də Azərbaycanda da insanların münasibətində dəyişə bilməliyik”.
O qeyd edib ki, iki ölkə arasında artıq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş verir və bu təmasları davam etdirmək lazımdır. TŞ katibi Azərbaycana səfər edə biləcəyini də istisna etməyib.
Qeyd edək ki, bu il aprelin 29-da Ermənistan Respublikasının Ağverən rayonunda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair aşağıdakı təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğız Respublikasının paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində görüşüb. Liderlər münasibətlərin normallaşması və sülhün möhkəmlənməsi üçün ikitərəfli birbaşa təmasları davam etdirməyə dair razılaşıblar. Həmin görüşdə iki ölkə arasında “sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasının əhəmiyyəti vurğulanıb. Liderlər işgüzar dairələr arasında təmasları alqışlayıblar, əməkdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar.
Tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün əldə olunmuş razılıqlar əsasında işlərin davam etdirilməli olduğunu bildiriblər. Onlar Zəngəzur dəhlizini (TRIPP) müzakirə ediblər. Liderlər onun reallaşması üçün növbəti addımların atılmasını və yolboyu tikiləcək bağlantıların vacibliyini də qeyd ediblər.
İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə TRIIP kimi qlobal əhəmiyyətli layihə əsasən, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, təkliflərə uyğun reallaşır.
Məqalə müəllifi bildirib ki, Vaşinqton Bakı və İrəvanla birlikdə artıq razılaşmaların praktiki həyata keçirilməsi üzərində işləyir, Cənubi Qafqaz isə daha təhlükəsiz və sabit olub.
Stiv Uitkoff layihənin regional və qlobal əhəmiyyətini də məqaləsində vurğulayıb: “Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin etməli, həmçinin Mərkəzi Asiyanı və Xəzər bölgəsini Avropa ilə birləşdirən regional marşrutları genişləndirməlidir”.
Onun sözlərinə görə, bu marşrut boyunca özəl investisiyaları stimullaşdırmaq üçün ABŞ öz vəsaitləri hesabına 201 milyon dollar kapitallaşdırılmış “Trans-Caspian Enterprise Fund”u işə salıb.
Ermənistanda bu layihənin əleyhdarları hesab edirlər ki, Zəngəzur dəhlizi onların ölkəsinin ərazi bütövlüyü və suverenlyinə zərbə vuracaq. Ancaq normal praqmatik təhlil bu iddiaları təkzib edir və görünən odur ki, bu layihə Ermənistana milyardlarla dollarlıq sərmayə axınına şərait yaradacaq.
Məlum olur ki, müxalifət düşərgənin bu kimi nümayəndələri hakimiyyətdə olduqları vaxt vəzifə səlahiyyətlərinn aşaraq dövlətlərinə külli məbləğdə ziyan vurublar. Onlar Azərbaycanla Ermənistan arasında davam edən normallaşma prosesinə qarşı çıxmaqla bu kimi cinayətlərini ört-basdır etməyə də səy göstərirlər.
II Qareginin başçılıq etdiyi kilsə də bu istiqamətdə canfəşanlıq edir. Ermənistanın baş keşişi subaylıq andının pozmaqda, gizli ailəyə, nikahsız uşaqlara sahib olmaqda ittiham edilir.
Kilsənin bu nümayəndələri də təmsil etdikləri dindən sui-istifadə hallarını gizlətmək üçün Nikol Paşinyan hökumətinə Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə qarşı çıxış etməklə özlərinin törətdikləri cinayətlərə görə alacaqları cəzalardan qorumağa çalışırlar.
Azərbaycanla münasibətlərin normallaşmasına başlıca maneə isə içərisində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasıdır. Rəsmi Bakı bu məsələni beş ildən çoxdur İrəvanın diqqətinə çatdırır. Baş nazir Nikol Paşinyan ötən gün bildirib ki, yenilənmiş konstitusiya layihəsinin 2026-cı ilin sonuna qədər rəsmi şəkildə dərc olunması planlaşdırılır.
Azərbaycan Ermənistanla sülh və normallaşma prosesinin təşəbbüskarı və hazırda reallaşdırılan sülh gündəliyinin müəllifidir. Bu gündəliyin reallaşması istiqamətində də ilk addım o atıb. Təxminən bir il öncə, 2025-ci il noyabrın 6-da dəmir yolu ilə Azərbaycan ərazisindən Rusiya buğdasının ilk partiyası Ermənistana çatdırılmışdı.
Ondan bir müddət əvvəl Prezidenti İlham Əliyev Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırdığını açıqlamışdı.
Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına əsasən, 2026-cı ilin yanvar-iyul aylarını əhatə edən dövrdə Azərbaycan vasutəsilə Ermənistana 17 milyon 372,1 min dolları dəyərində mal ixrac edib.
Sentyabrın 3-də isə Ermənistandan Azərbaycana ixracla bağlı ilk sövdələşmə baş tutub. Bu barədə Nikol Paşinyan məlumat verərək, detalları açıqlamayıb: “Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”.
Əsas məsələlərdən biri də beynəlxalq dəstəkdir. Çünki iki ölkənin bir-birinə yaxınlaşmasına yardım edənlərlə yanaşı, bunun əksinə çıxış edənlər də var.
Buna Ermənistan hakimiyyəti də şərait yaradır. Azərbaycana, Türkiyəyə və Bakı-İrəvan əlaqələrinin yaxşılaşmasına dəstək verənləri razı salan bəyanatlarla çıxış edən Paşinyan hökuməti sülh və normallaşma prosesinə, etimad mühitinin yaranmasına problem yaradan addımlar da atır. Bir təfədən normallaşmadan, sülhdən, TRIIP-ın reallaşması istiqamətində görülən işlərdən danışan rəsmi İrəvan, o bir yandan sürətlə silahlanmaqdadır. Hökumətin bu ilin iyununda təsdiqlədiyi “2027–2029-cu illər üçün dövlət xərclərinin ortamüddətli proqramı”na əsasən, ölkənin birbaşa müdafiə xərcləri 2027-ci ildə 1,635 milyard dollar, 2028-ci ildə 1,733 milyard dollara, 2029-cu ildə isə 1,749 milyard dollara qədər artacağı göstərilib.
Bundan başqa sənədə əsasən, müdafiə, ictimai asayiş, təhlükəsizlik və məhkəmə sistemi üzrə məcmu dövlət xərcləri 2027-ci ildə ÜDM-in 6,3%-ni, 2028-ci ildə 6,1%-ni və 2029-cu ildə 5,6%-ni təşkil edəcək.
Bişkekdə məlum toplantıda Paşinyanla görüşdən sonra Hindistanın Baş naziri Narendra Modi erməni dilində mesaj dərc edərək müdafiə, kosmik sənaye və informasiya texnologiyaları sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Son on ildə Hindistanın tutduğu mövqe bu yaxınlaşmaların və hərbi sahədə əməkdaşlığın heç xoş məramlı olmadığı qənaətinə gəlməyə əsas verir.
Belə görüş və müqavilələr İrəvanın sülh və normallaşma ilə bağlı açıqlamalarına, atılan azsaylı addımlarına axıradək etibar etməyə imkan vermir. Bu kimi əlaqələr və əməkdaşlıq İrəvan üzərində daim şübhə kölgəsini saxlayır…
Bütün bunlarla yanaşı iki ölkə lideri arasında birbaşa və təkbətək görüşlər, danışıqları, yükdaşımaları, habelə, dövlət rəsmilərinin üçüncü ölkədə deyil, öz ərazilərində görüşməsi, sərhədlərin delimitasiya və demarkasiyası, rəsmi İrəvanın Konstitusiyanı dəyişmək, yaxud yeniləmək istiqamətində addım atacağını bəyan etməsi kimi hadisələr Azərbaycanla Ermənistan arasında normallaşmanın ilk növbədə elə İrəvanın özü üçün qaçılmaz olduğunu göstərir.







