Tanınmış ekspert Ədalət Verdiyev yazır: “…Nəcməddin Ərbakan Universitetinin müəllimi, tanınmış alim, türk millətçi baxışları və araşdırmaları ilə seçilən prof.dr. Səlahəddin (Selahattin) Avşaroğlu Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istəyib.
Bu barədə o, sosial şəbəkə hesabında yazıb. Sitat: “Dünəndən (srağagündən – red.) bəri Azərbaycan nümayəndə heyəti ilə bağlı paylaşımlar oldu və təəssüf ki, mən də yanıldım. Gördüyümüzə inandıq. İndi hadisələrə yaxından bələd olan bir dostumuz izah etdi. 7 adamlıq nümayəndə heyətindən (Azərbaycan nümayəndə heyəti nəzərdə tutulur – red.) yalnız onu (bir nəfəri, Məqsəd Hüseynovu – red.) zalda saxlayıb, müşahidəçi vəzifəsi vermiş və digərləri çıxmışlar. Salonu tərk edən ölkələr də elə etmişlər.
Üzr istəyirəm…” – professor qeyd edib…”.
Tezadlar.az xatırladır ki, söhbət BMT- nin son Sessiyasında İsrailin Baş naziri Netanyahu çıxış edərkən bir sıra dövlətlərin nümayəndə heyətinin zalı tərk etməsi zamanı Azərbaycanın bir nümayəndəsinin zalda qalmasından gedir… Amma sonradan izah verildi ki, Azərbaycanın 7 nəfərlik nümayəndə heyətinin 6-sı zalı tərk edib, yalnız müşahidəçi hüququ olan bir nəfər qalıb… Türkiyədə isə, aranı qızışdıranlar fərqli düşünüb Azərbaycan əleyhinə çağırışlara könül verməkdə tələsiblər…
A.Məmmədli







