Əsas məzmuna keç

U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirildi

Prezident İlham Əliyev “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamla müəyyən edilib ki, Azərbaycan Respublikasında keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilib:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçməni təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyi Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.

Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…