…Xudadat bəy həbs olunur. Evi axarışa verilir. Axtarışa rəhbərlik edən Əliheydər Qarayev Cəvahir xanıma onunla evlənərsə Xudadat bəyin güllələnməsini sürgünlə dəyişə biləcəyini deyir. Cavab şillə kimi gəlir: ” Mən atın yerinə eşşək bağlamaram !”
Bu bizik?!
Bu gün Cümhuriyyət Qurucularından biri olaraq ikinci hökumət kabinetində səhiyyə naziri və Gəncə General Qubernatoru vəzifələrini tutan Xudadat bəy Rəfibəylinin doğum günüdür. Bu nazirin həkim çantası həmişə yanında olub.
Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1878-ci il yanvarın 12-də Gəncə şəhərinin Bala Bağman məhəlləsində bir əsilzadə ailəsində dünyaya gəlib. Atası Ələkbər bəy onun ziyalı kimi yetişməsinə çalışırdı Xudadat bəy Gəncə Kişi Gimnaziyasına daxil olur. Qeyd edim ki. bu qimnaziya 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası odövrün aydınları və gələcək cümhuriyyətçilərin bir çoxunun təhsil aldığı tədris müəssisəsi olub. Hətda məşhur Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı.
Gəncə qimnaziyası1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstərməyə başlamışdı. O vaxt imkanlı ailələrin uşaqları təhsil almaq üçün bura üz tutdular. Məsələn, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli , Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Aslan bəy Səfikürdski , Mahmud bəy Səfikürdski, Heybət bəy Haqverdiyev, Mikayıl bəy İsrafilbəyov, Mirzə Məhəmməd Axundzadə, Teymur xan Xoyski, Həmid bəy Yusifbəyli , İsmayıl xan Ziyadxanov, Şahverdi xan Ziyadxanov, Xosrov bəy Sultanov, Paşa bəy Sultanov, Cavad bəy Rəfibəyl və başqalarının övladları burada təhsil alıblar…Dövrünün bəy balaları belə bir gimnaziyada oxumaq imkanına malik idi. Təbii ki, həmin vaxt çar Rusiyasının ağlına da gəlməzdi ki, bu bəy balaları bir gün onun işğal planına qarşı çıxıb, ona qarşı cəbhə açacaqlar. Sonra Xarkov İmperator Universitetinin tibb fakültəsinə daxil olur.siaysətə qoşulur və burada azərbaycanlılardan ibarət “Zemlyaçestvo” (“Həmyerlilər”) dərnəyini yaradır. Rəfibəyli ictimai-siyasi xadim, həkim Həsən bəy Ağayevlə birlikdə Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyətini “Gəncə tibb cəmiyyəti”ni yaratmış şəxsdir. Rəfibəyli 1917-ci ildə Həsən bəy Ağayev və Nəsib bəy Yusifbəyli ilə birgə “Türk Ədəmi-Mərkəziyyət Firqəsi”nin əsasını qoyan böyük kişilərdən biridir…
***
Rəfibəyli 1917-ci il iyunun 17-də müsavatçılar, Difai Partiyası Gəncə Milli Komitəsinin aparıcı şəxsləri, Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəylinin, Xasməmmədli və Şeyxzamanlı qardaşlarının yaratdıqları “Türk Ədəmi-Mərkəziyyət Firqəsi” birləşərək “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın əsasını qoyulan gündən Müsavat Partiyasının üzvü olub.
Rəfibəyli Xudadat bəy həm də Gəncənin məşhur Rəfibəylilər nəslindən Azərbaycanın ilk ali təhsilli cərrahlarından biridir. Atası Ələkbər bəy Rəfibəyli isə el ağsaqqalı, maarifçi olmaqla bərabər Azərbaycanda ilk siyası partiya olan «Difai» partiyasının yaradıcılarından olub. 1918-ci ildə Qafqaz Türk-İslam Ordusunun başında Gəncəyə gələn Nuru paşanı sevinclə qarşılayanlar sırasında Ələkbər bəylə Xudadat bəy Rəfibəylilər də vardı.
…Cümhuiyyətin yaranandailk nazir portfellərindən biri ona havalə olunub. 1919-cu il 6 may tarixli qərarın çıxarışında belə yazılmışdı: “Eşidildi: Gəncə qubernatorunun təyin edilməsi haqqında məruzəsi; Qərara alındı: Doktor Xudadat bəy Rəfibəyovu Gəncənin qubernatoru təyin etmək. 1919-cu il, 6 may”
O, İkinci hökumət kabinetində yer alır. Xudadat bəyin rəhbərliyi ilə Azərbaycanda yeni xəstəxanalar, ambulatoriyalar, həkim və feldşer məntəqələri yaradılır, dövlət hesabına pulsuz müalicəxanalar, ekspertizalar üçün laboratoriyalar açılıb, yoluxucu xəstəliklərlə mübarizə genişləndirilir. Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya təşkil olunur.
Mən o illərin qurucularının həyat və fəaliyyətlərini izlədikcə bu nəticəyə gəlirəm ki, Cümhuriyyət qurucularımızın hamısı fadai insanlar olub. Baxın: Xudadat bəy nazir vəzifəsində işləyəndə belə ailəsində sosial vəziyyət gərginləşir, ailəsi böyük sıxıntı keçirir. Həyat yoldaşı Cəvahir xanım Rəfibəyli qeyd edirdi ki, “Xudadat bəy həkim işlədiyi vaxtlar maddi vəziyyətimiz çox yaxşı idi. Nazir təyin edildikdən sonra isə bəzən evdə yemək də bişmirdi. Məvacibi az idi. Xudadat bəy dövlət yeni qurulduğu üçün işçilərin əmək haqqı gecikməsi səbəbindən öz əmək haqqısını çox vaxt işçilərinə verirdi”
Xudadat bəy Rəfıbəyli gəncə qubernatou təyin olunanda işə başladığı ilk gündən isə Gəncə quberniyası ərazisindəki “Daşnaksütyun Partiyası”nın silahlı dəstələrinin, o cümlədən Andronikin başçılıq etdiyi silahlı qruplaşmaların müsəlman kəndlərinə basqınının qarşısını almağa çalışır. Tezliklə bolşeviklərin, anarxistlərin və Rusiya tərəfdarları olan müsəlmanların törətdikləri təxribatların qarşısı alınır. Həmçinin bolşeviklərin bu günümüzə qədər bizə qəhrəman kimi sırıdıqları Qatır Məmmədin quldur dəstəsinə qarşı sərt tədbirlər görür. Şəhərdə hərc-mərcliyə, soyğunçuluğa son qoyulması, asayişin bərqərar edilməsi, sabitlik yaradılması üçün lazımı işlər görür. Quberniya quldur dəstələrindən təmizlənir, erməni terrorçuları zərərsizləşdirilir, əmin-amanlıq möhkəmləndirilir.
Onun gördüyü işlər nəticəsində erməni-daşnak quldur dəstələrinin törətdikləri qanlı cinayətlər, vəhşiliklər nəticəsində Zəngəzurdakı, Göyçədəki, Dərələyəzdəki və başqa bölgələrdəki yurd-yuvalarından didərgin düşmüş 20 mindən çox soydaşımız Gəncə mahalında yerləşdirilmiş, onlara ilkin yardım göstərilmiş, ərzaq məhsulları ilə təmin edilmiş, yaralılara və xəstələrə tibbi xidmət göstərilmiş, müvəqqəti sığınacaqlar verilmişdi.
Bütün bu işlərin başında duran Gəncənin qubernatoru Xudadat bəy Rəfıbəyli idi.!
Əslində Gəncə üsyanı elə Xudadat bəyə görə başlamışdı. O zaman Xudadat bəy Rəfibəylinin həbsi Gəncədə üsyan üçün siqnal olmuşdu. Həmin vaxt Xudadat bəyi azad etmək üçün hətda Şəmkirdən 500 nəfər silahlı dəstə də Gəncəyə doğru yaxınlaşmışdı.
Ancaq bu zaman Xudadat bəy özünə məxsus soyuqqanlılıqla və təmkinlə: “Qan tökməyin, bu bizim nəslin üstündə ləkə kimi qalar. Mən bütün həyatımı vicdanla yaşamışam və heç bir günahım yoxdur. Məni heç nədə təqsirləndirə bilməzlər” deyərək insanları sakitləşdirməyə çalışmışdı.
Qatar Bakıya yollandı…
Mərhum tarixçi alimimiz Nəsiman Yaqublu bu haqda belə yazır: “1920-ci ilin mayın ortalarından başlayaraq, Gəncədə vəziyyət kəskinləşmişdi və Qızıl ordu hissələri ilə əhali arasında toqquşma baş verəcəyi gözlənilirdi. Vəziyyəti gərginləşdirən və Gəncə üsyanının başlamasına səbəb olan amillərdən biri də Xudadat bəyin bolşeviklər tərəfindən həbs edilməsi idi. X. Rəfibəylinin istintaq işini burada ermənilər aparmışdı. Bu hadisədən bir neçə gün sonra, mayın 25-dən 26-na keçən gecə üsyan başlamışdı. Gəncə üsyanına başçılıq edən, Azərbaycan milli ordusunun keçmiş 3-cü piyada Gəncə polkunun komandiri, sonradan Polşa ordusunda xidmət etmiş, 1955-ci ilin yanvarında isə sovet KQB-sinin göndərdiyi bir xanım tərəfindən Almaniyada zəhər verilərək öldürülən məşhur albay Cahangir Kazımoğlu da xatirələrində üsyanın başlanmasına X. Rəfibəylinin həbsinin səbəb olduğunu göstərirdi”.
Xudadat bəy 1920-ci ilin mayın 12-də həbs olunur. Doğrudur, o, 1920-ci aprelin 28-dən sonra aprelin 30-da Gəncə qeneral-qubernatorluğu vəzifəsindən istefa verir. Deyilənə görə ondan vəzifəsini təhvil almağa, özünü tutub aparmağa gələn adamlar həyət darvazasını döyəndə adətinə xilaf çıxmayaraq onları xəstə bilib həkim çantası ilə qarşılarına çıxır…
Silahlı əsgərlərin nəzarəti altında Xudadat bəy qatarla Gəncədən Bakıya gətirilir. Burada o, Gəncə üsyanının təşkilində ittihamlandırılır. Erməni Səfikyan Xudadat bəyə istintaq zamanı ağır işgəncələr verir və verdiyi ifadələrdən imtina etməyə məcbur edir. Lakin Xudadat bəy öz verdiyi ifadələrdən imtina etmir. “Mən bütün həyatımı vicdanla yaşamışam. Mənim həbsim sifarişlidir. Erməniləri qətlə yetirməyim haqda ittihamlar ermənilərin öz uydurmasıdır. Mən ermənilərin qətl edilməsi haqda nə Qaçaq Məmmədqasıma, nə də Sarı Ələkbərə göstəriş vermişəm. Əksinə, Gəncədə yaşayan ermənilərlə bir neçə dəfə görüşüb, onları qanunlara riayət etməyə çağırmışam. Lakin onlar hər dəfə bu tələblərə riayət etmək əvəzinə, öz məhəllələrindəki insanları silahlandırıblar. Mənim həbs edilməyim də onların istəyi ilə həyata keçirilib. Mənim fəaliyyətlərim barəsində rəy və xasiyyətnaməni isə yalnız ermənilər deyil, ruslar, almanlar, gürcülər, yəhudilər və digər millətlərdən olanlar, həmçinin, Həmkarlar İttifaqı, Gəncə Həkimlər İttifaqı, Qızıl Xaç kimi təşkilatlar verə bilərlər. Qatı daşnak olduğu üçün dəfələrlə həbsxanaya salınmış Babakevxyansın ərizəsinə gəlincə, o, tamamilə vecsizdir və həqiqətə uyğun deyildir”
Amma nə olsun? Nəticə isə o olur ki, sonda məhkəmə ona heç son söz deməyə də imkan verilmir…Xalqdan qorxan qaniçən bolşeviklər 1920-ci il iyunun 1-də Xudadat bəyi tələm-tələsik, xəlvəti bir şəkildə 79 nəfərlə birlikdə Xəzərin kiçik Nargin adasında güllələyirlər …
O, 43 yaşında həlak oldu. Həyat yoldaşı Cəvahir xanım üç uşaqla qalır. Ataları dünyadan köçən zaman Kamilin 11, Rəşidin 9, gələcəyin böyük şairəsi Nigar Rəfibəylinin isə 7 yaşı vardı… Və atasız qalan bu ailəni qarşıda həyatın necə ağır sınaqları gözləyirdi…
Güllənənlər arasında həmin gün Azərbaycanın sayılıb seçilən insanları, generallar Qaytabaşi və Usubov, polkovnik Xan Naxçıvanski, Bakı şəhər polis rəisi Quda Qudiyev və dövlət adamı İsmail xan Ziyadxanov kimi insanların adlarına da rast gəlirik.
Onun öldürülməsindən və Gəncə üsyanının yatırılmasından vəcdə gələn Daxili İşlər Naziri Həmid Sultanov sevinə -sevinə belə deyirmiş “Mən burada bir başıpapaqlı qoymadım …”
Amma Azərbaycan xalqının düşmənlərinin Rəfibəylilər nəslini yer üzündən silmək üçün bütün cəhdlərinə baxmayaraq, bu şərəfli nəslin nümayəndələri öz mübarizələrindən heç zaman geri çəkilmirlər. Rəfibəylilər izi itirmək üçün Türkiyədə 3 müxtəlif soyadla ömür sürdülər – Arran, Sayqın, Əsgəran. Sovet İttifaqında qalanlar da bəyliklərini, Rəfibəyliliklərini gizlətmək üçün Rəfiyev oldular, Rəfizadə oldular, Babayev oldular, Kərimov oldular”…Gəlin bu nəslin Azərbaycana bəxş etdiyi məşhurların siyahısına bir də baxaq.
Atası Ələkbər bəy Rəfibəyli — Difai Partiyasının yaradıcılarından biri, Gəncə Şəhər Dumasının üzvü, maarifçi.
Xanımı Cəvahir xanım Rəfibəyli — 1930-cu ilin oktyabrında Gəncə Şəhər Soveti Rəyasət Heyəti Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması (sürgün edilməsi) haqqında qərar qəbul etmişdir.
Qızı Nigar Rəfibəyli — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967).
Oğlu Kamil bəy Rəfibəyli — ömrünün sonuna kimi Türkiyədə həkimlik etmişdir.
Oğlu Rəşid bəy Rəfibəyli — geoloq olmuşdur.
Xudadat bəy Rəfibəyli təqsirkar olmadığı haqqında bəraəti isə ölümündən 70 il sonra qazandı.