Yəmən ordusu İranın dəstəklədiyi Husilərə qarşı 654 əməliyyatda 109 Husi zərərsizləşdirildiyini və 76 hərbi texnikanın məhv edildiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Məcid Nezili ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşım edərək bildirib ki, onlar 5 oktyabrda başlatdıqları Yəmənin Şəfəq Əməliyyatı çərçivəsində Husilərə qarşı hücumlarını davam etdirirlər.
Nezili bildirib ki, onlar Husilərə qarşı 21 hava hücumu, 577 artilleriya hücumu, 36 pilotsuz təyyarə və 20 raket atıcısı hücumu həyata keçiriblər.
Nezili bildirib ki, onlar hücumlarda Husilərin toplaşma yerlərini və gücləndirmə bölmələrini hədəf alıblar, 109 Husi zərərsizləşdirilib və 76 hərbi texnika məhv edilib.
Nezili qeyd edib ki, Yəmənin şimal bölgələri ilə yanaşı, Mərib, Əl-Cəvf, Taiz və Lahicdə də husilərə qarşı hərbi əməliyyatlar davam edir.
Husilər: Səudiyyə Ərəbistanı son 24 saat ərzində 105 hücum təşkil edib
Husilərin hərbi sözçüsü Yəhya Seri də X hesabından verdiyi açıqlamada Səudiyyə Ərəbistanının son 24 saat ərzində 105 hava və raket hücumu təşkil etdiyini açıqlayıb.
Seri bildirib ki, Səna, Cəvf, Taiz, Əmran, Həccah, Səəda, Hodeydə, Dali, İbb, Lahic və Beyda əyalətlərini hədəf alan hücumlar mülki şəxslərin itkisi və yaralanması ilə nəticələnib.
Husilərin hərbi sözçüsü bildirib ki, gərginliyin artmasından bəri Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirilən hücumların sayı 5825-ə çatıb.
Yəməndəki böhran İranın dəstəklədiyi Husilərin 2014-cü ilin sentyabr ayında paytaxt Sənanı və bəzi digər əraziləri ələ keçirməsindən sonra daha da dərinləşib.
Bu hadisələrdən sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin mart ayında beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləməyə başlayıb.
ELBAR







